"Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması..." - AGENTLİKDƏN AÇIQLAMA

"Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması..." - AGENTLİKDƏN AÇIQLAMA

Əqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Agentliyə müraciət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentliyin mətbuat katibi Elnur Məmmədli “Report”a açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan sənəd Ş.Tapdığın müraciəti əsasında alınan bildirişin görüntüsüdür.

“İlyas Tapdıq 1965-ci ildə yazdığı və “Şəbnəm, Gültən, Qəlbinur” adlarının yer aldığı əsəri ilə bağlı 2016-cı ildə Müəllif Hüquqları Agentliyinə qeydiyyat üçün müraciət edib və 9291 nömrəli əsərin qeydiyyatı haqqında şəhadətnamə alıb. Amma şəhadətnamə həmin adların üzərində müstəsna hüquqların tanınmasına görə verilməyib. Bu şəhadətnamə əsərin üzərindəki müstəsna hüquqların tanınmasına görə verilib. Yəni həmin sənəd adlara görə deyil, sırf əsərin müəlliflik hüququnun qorunması ilə bağlıdır. İlyas Tapdıq həmin adları deyil, məzmununa o adların da daxil olduğu əsərini qeydiyyatdan keçirib. 2015-ci ildə Şəbnəm İlyas qızı Tapdıqova “Bilmədiyim musiqi” əsərini, “Nənələrin dilindən” şeirini, 2016-cı ildə isə “Mənim idealım” şeirini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və müvafiq olaraq şəhadətnəmələr alıb. O, burada özünü hüquq sahibi kimi adını Şəbnəm İlyas qızı Tapdıqova, təxəllüsünü isə “İlk Şəbnəm” kimi təqdim edib. Bununla yanaşı, Şəbnəm Tapdıqova 2019-cu ilin iyunu 11-də “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Sosial şəbəkələrdə görüntüsü yayılan sənəd onun müraciəti əsasında alınan bildirişdir. O, sadəcə olaraq, “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib”.

E.Məmmədli bildirib ki, hazırda Ş.Tapdığın müraciətinə baxılır: “Ekspertizadan sonra əmtəə nişanı kimi qeydiyyata alınıb-alınmayacağı məlum olacaq”.

Agentliyin sözçüsü vurğulayıb ki, müğənninin adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciət şəxsi insan adlarına aid deyil: “Mövcud qanunvericiliyə əsasən, şəxsi adlar müəllif hüququ ilə qoruna bilməz. İnsan adları ilə bağlı belə qayda yoxdur. Bu, birmənalıdır. Şəbnəm sözü farsmənşəlidir və bir çox ölkələrdə bu addan Şəbnəm İlyas qızı Tapdıqovanın doğum tarixindən əvvəllər də istifadə olunub. 1957-ci il təvəllüdlü Şəbnəm Haşimi Hindistanın sosial fəallarından biri olub. “Şəbnəm” sözü görkəmli dramaturq Cəfər Cabbarlının “Mənsur və Sitarə” hekayəsində də yer alıb”.