"ELM HƏLƏ DƏ CADU QARŞISINDA ACİZDİR" - EKS-İLAHİYYATÇI

"ELM HƏLƏ DƏ CADU QARŞISINDA ACİZDİR" - EKS-İLAHİYYATÇI

Fəzail Mehdiyev: “İnsanların sehrə, mağiyaya kor-koranə, fanatikcəsinə inanmalarının əsas səbəbi elmin bu nəsnələr qarşısında acız qalmasıdır”

“Ekstrasenslər sadəcə yalan danışmağın ustasıdırlar”

“Sehr olan yerdə magiya, da, illüziya da var. İllüziyanın bir tərəfi isə gedib ekstrasensliyə çıxır...”

“Ekstrasenslərin insanların qəlbinə necə girdiyini, insanların üz cizgilərindən talelərini necə oxuduqlarını, hamını heyrətləndirən bacarıq və qabiliyyətlərinin arxasında nələrin durduğunu araşdırıb öyrəndim...”

Həmsöhbətim sözün əsl mənasında maraqlı, bir qədər də təzadlı insandır. Ali savadlı ilahiyyətçi olan bu insan hazırda özünü deist adlandırır. Onun dinə, Tanrıya, ümumiyyətlə həyata baxışları çoxlarından fərqlənir.

Onun fikirləri, həyat fəlsəfəsi ilə razılaşanlar da var, fərqli düşüncəsinə görə onu top-tüfəngə tutanlar da. Amma savadı və təcrübəsi ona hər bir fikrini kifayət qədər əsaslı və məntiqli şəkildə anlatmaq imkanı verir. Bu səbəbdən hətta onu qəbul etməyən, onunla əks qütblərdə dayanan insanlar belə, bu insanın şəxsiyyətinə hörmətlə yanaşırlar. Bu hörməti o, öz təmkini və incə yumor hissi ilə qazanır, onun ironiyası belə heç kəsi təhqir etmir.

Onunla “Hürriyyət” in redaksiyasında görüşüb söhbətləşdik. Son dərəcədə sadə, səmimi, mədəni, məlumatlı, sözünün yerini bilən bir insan təsiri bağışladı mənə.

Düşünürəm ki, sözün əsl mənasında səmimi söhbət, səviyyəli mükalimə alındı.

Beləliklə, bayaqdan haqqında danışdığım eks ilahiyyətçı Fəzail Mehdiyevlə söhbəti hörmətli oxucularımıza təqdim edirik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ramazan_ayi_menim_ucun_hec_bir_ehemiyyet_kesb_etmir_-_eks_ilahiyyati)

- Qeyd etdiniz ki, ali dini təhsil almısınız, Misirdə dini bilgilərinizi daha da dərinləşdirmisiniz. Anladığım qədər, ərəb dilini mükəmməl bilirsiniz, Qurani-Kərimi də sadəcə oxumamısınız, öyrənməyə, təhlil etməyə çalışmısınız. Üstəlik, şərq dövlətlərində bir diplomat kimi ölkəmizi təmsil etmisiniz. O illəri necə xatırlayırsınız?

- Doğrusu, o movzuda danışmaq istəmirəm. Çünki mənim üçün o kitab çoxdan bağlanıb.

- Böyük meqopolislərdə yaşayan bir insan bu gün Azərbaycan əyalətində, kiçik Bərdə şəhərində məskunlaşıb. Bəs bu seçiminiz nə ilə əlaqədardır?

- Bu yaxınlarda sosial şəbəkələrdə bir status paylaşmışdım. Yazmışdım ki, valideynlərimin işi ilə əlaqədar Sabirabadda dünyaya gəlmişəm. Ağcabədidə birinci sinfə getmişəm, 5-ci sinifdən 8-ci sinfə kimi Bərdədə oxuyub yaşamışam, 9-10-cu sinifləri Biləsuvarda dini mədrəsədə təhsil almışam, təhsilimi öncə Bakıda, sonra isə Misirdə davam etdirmişəm. Dünyanın bir sıra şərq ölkələrində işləyib yaşamışam. Statusumu belə bir sualla tamamlamışam: “İndi siz deyin, mən haralıyam?”

Təbii ki, harda olmağımdan asılı olmayaraq azərbaycanlıyam və azərbaycanlı olmağımla fəxr edirəm.

Mən heç vaxt harda, hansı vəzifələrdə işlədiyim barədə danışmıram, heç sosial şəbəkələrdə də bu haqda məlumat verməmişəm. Sadəcə bir müddət öncə sizinlə şəxsi söhbətimizdə bu mövzuya toxundum.

Məsələ ondadır ki, mən müsəlman ölkələrində işləyib yaşamışam. Hər bir müsəlman ölkəsində də bir neçə dini eybəcərliyin şahidi olmuşam. Bu da məni dindən uzaqlaşdırdı.

Bundan əlavə, Qurani-Kərimin Bəqərə surəsinin 102 ayəsi var. Quran təfsirçiləri həmin ayəni sehrbazlıq nəzəriyyəsi adlandırır.

Mənim diplom işimin mövzusu sehrbazlıq nəzəriyyəsi idi. Bu mövzu əvvəldən diqqətimi çəkmişdi. Sehr olan yerdə heç şübhəsiz, magiya, da, illüziya da var. İllüziyanın bir tərəfi isə gedib ekstrasensliyə çıxır. Buna görə də diplom işimi tamamlamaq üçün şamanlarla, ekstrasenslərlə, magiyaşünaslarla, ümumiyyətlə sehrə, magiyaya aidiyyatı olan insanlarla (yəhudilərlə) ünsiyyət qurmalı oldum, görüşüb söhbət etdim.

Onu da deyim ki, mənim sağ əlimdə anadangəlmə bioenerji var. Bunu hiss edirəm. Əlimi kəskin baş ağrıları olan istənilən insanın alnında bir neçə dəqiqə saxlamaqla onu bu ağrıdan xilas edə bilirəm. Bioenerjimin köməyi ilə oynaq ağrılarını da aradan qaldırmağı bacarıram. Amma bu qabiliyyətimdən heç vaxt tam gücü ilə istifadə etməmişəm, yəni heç vaxt bu sahədə tanınmaq istəməmişəm.

Ekstrasensliyin incəliklərini də öyrəndim. Yəni ekstrasenslərin insanların qəlbinə necə girdiyini, insanların üz cizgilərindən talelərini necə oxuduqlarını, hamını heyrətləndirən bacarıq və qabiliyyətlərinin arxasında nələrin durduğunu araşdırıb öyrəndim.

- Sizcə, ekstrasenslik Allah vergisidir, yoxsa daha çox şarlatanlıqdır?

- Təbii ki, ekstrasenslik adında bir elm yoxdur. Sadəcə olaraq o sahədə qabiliyyəti olan insanlar var. Bu şəxslər yalan danışmağın ustasıdırlar. Onlar insanları hipnoz edib ürəklərin keçən fikirləri oxuya bilirlər.

- Hətta qaraçılarda da hipnoz etmək bacarığı var.

- Qaraçılarda bu bacarıq kifayət qədər güclüdür. Hətta onlar ovucun içinə baxmaqla (buna hiromantiya deyilir) insanların taleyini elə dəqiq oxuyurlar ki, həmin insanlar onların təsirinə düşür.

Peyğəmbərdən sehr, cadu haqda soruşurlar. Cavab verir ki, elə adamlarla oturub-durmayın. Əslində ona konkret sual verilir: “Sehr var?” Bu sualın iki cavabı var: ya “hə”, ya da ki, “yox”. Amma peyğəmbər nə “hə” deyir, nə də “yox” deyir. Sadəcə deyir ki, o adamların yanına getməyin. Deməli var ki, deyir, getməyin. Əgər sehr deyilən bir şey yoxdursa, özünü sehrbaz, falçı kimi göstərən adamların yanına nə qədər gedirsən get, sənə heç nə edə bilməzlər.

Sehrbazlıq kimi təfsir olunan sözügedən ayədə deyilir ki, biz mələkləri göndərdik ki, gedib o tayfanı imana gətirsinlər, amma həmin tayfanın adamları mələkləri yoldan çıxarıb, onlardan sehri öyrəndilər. Sonra deyir ki, sehri öyrətdiklərinə görə biz Harut və Marut adlı mələkləri ayaqlarından asılı vəziyyətdə cəhənnəmdə saxlayırıq.

Əgər sehr yoxdusa, onlar heç kəsə heç nə öyrədə bilməzdilər. Heç nə öyrətməyiblərsə, onlara nədən haqsız yerə zülm edirsən? Yox, əgər zülmün haqsız deyilsə, demək onlar həqiqətən kiməsə nəsə öyrədiblər, olmayan bir şeyi isə öyrətmək olmaz.

Mənim üçün Qurandakı təzadlı məsələlərdən biri də məhz sehrlə bağlı məqam idi. Nədən Musa peyğəmbərin atdığı çəlik əjdahaya çevriləndə deyirlər ki, bu Allahın möcüzəsidir, Fironun adamlarının yerə atdığı çəlik ilana çevriləndə isə bunu şeytan əməli adlandırırlar? Hər ikisi eyni işi görür, hər ikisində sehr var. Elə isə niyə Musanın etdiyini Allahın qüdrəti, Fironun adamlarının etdiyini isə sehr kimi qələmə verirlər? Qurani-Kərimdə buna bənzər bir çox təzadlı mövzular var.

Sehrlə yanaşı, magiyanı (cadu) da araşdırdım.

- Cadu evlər yıxır, cadugərlərdən ibarət sektalar insan talelərini məhv edir...

- Elədir ki, var. Ekspert kimi dəvət olunduğum müxtəlif teleproqramlarda dəfələrlə bu haqda danışmışam. Mən magiyayla məşğul olmuram, sadəcə magiyaşünasam, yəni magiyanı araşdırmışam. Maqlar özlərini sığortalamaq üçün magiyanı iki yerə bölüblər: ağ və qara magiyaya. Amma atalar demiş: ilanın ağına da lənət, qarasına da!

Bir şeyin ki, adı cadu ola (cadu-cida sözündəndir, mənası dalaşdırmaq, vuruşdurmaqdır), bir şeyin ki, kökündə dava-dalaş, nifrət dayana, onun ağı da, qarası da eynidir. Sadəcə bəzi din adamları özlərini təmizə çıxarmaq üçün ağ cadu ilə məşğul olduğunu bəyan edir. Amma, dediyim kimi, mahiyyət eynidir, cadu elə cadudur.

Əminliklə deyə bilərəm ki, cadu var. Bu işlə məşğul olanlar da az deyil. Özü də cadugərlərin əksəriyyəti şamanizm üsullarından istifadə edir. Elm hələ də cadu qarşısında acizdir. Biz dəfələrlə belə şeylərin şahidi olmuşuq, müraciət edənlər, kömək istəyənlər olub. Arayıb-axtaranda evlərinin, həyətlərinin hansısa bir yerindən illər əvvəl cadulanmış nələrsə tapıb çıxarıblar, mənə də gətirib göstəriblər. Mən də vaxtilə mağiyaları təsirdən salmaq üçün öyrəndiyim duaları oxuyub, həmin caduları zərərsizləşdirmişəm. Yalnız bundan sonra həmin insanların həyatı öz normal axarına qayıdıb.

İnsanların sehrə, mağiyaya belə kor-koranə, fanatikcəsinə inanmaqlarının əsas səbəbi elmin bu nəsnələr qarşısında acız qalmasıdır.

- Yəni anlaşılmayan, müəyyən olmayan hər şey həm insanları özünə cəlb edir, həm də qorxudur.

(Ardı var)

Hazırladı: Banu Oğuz, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA