"Elmar Vəliyevlə heç bir ədavətim yoxdur" - Baş redaktor ifadə verdi

  • 2019-01-11 18:24:20
  • |
  • Ölkə /

"Elmar Vəliyevlə heç bir ədavətim yoxdur" - Baş redaktor ifadə verdi

"Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hurriyyet.org-un open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A.Məmmədov özünü təqsirli bilməyib.

Baş redaktor deyib ki, irəli sürülmüş ittihamları qəbul etmir: "Saytda yazdığım yazılar sırf jurnalistika peşəsinə uyğun olub. Yazılardan biri "Turan" İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb".

Daha sonra jurnalistin həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, yaxın qohum olduğunu deyərək, ifadə verməkdən imtina edib.

Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA