"Erməni diasporunun Ermənistandakı ən böyük adamı elə Paşinyandır" - POLİTOLOQ

"Erməni diasporunun Ermənistandakı ən böyük adamı elə Paşinyandır" - POLİTOLOQ

Nəzakət Məmmədova: "Ola bilər ki, Avet Adontsun təyinatında Kremllə əlaqələri də müəyyən mənada rol oynasın"

"Bu hadisənin Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin səfərindən sonra baş tutması diqqət cəlb edən məqamlardan biridir"

"İşğalçı ilə danışıqlar aparmağın özü ən böyük güzəştdir və buna görə də Azərbaycan tərəfinin başqa güzəştindən söhbət gedə bilməz"

Bir çoxları elə zənn edirdi ki, uzun illər Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı"nı devirməyi bacaran düşmən ölkənin baş naziri Nikol Paşinyan iqtidarda mövqelərini möhkəmləndirib, Serj Sarkisyan və Robert Koçaryanın kadrlarını mühüm postlardan uzaqlaşdırdıqdan sonra nəhayət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi İrəvanın bu günədək sərgiləmiş olduğu destruktiv mövqedən əl çəkəcək. Lakin ötən ilin dekabr ayının 9-da baş tutan növbədənkənar parlament seçkilərində 70,43 faiz səslə qələbə qazanan və bu yolla təkbaşına hökuməti formalaşdırmaq imkanı əldə edən Paşinyan hələ də gözləntiləri doğrultmayıb. Bunun əksinə o, Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədiylə kompromisə getməyəcəyini, ilk addımı rəsmi Bakıdan gözlədiyini bəyan edib.

Belə ki, Almaniyanın Köln şəhərində erməni icmasıyla görüşü zamanı "Azərbaycan kompromisə getməsə, biz də getməyəcəyik", deyə açıqlama verən Nikol Paşinyan Ermənistana Qarabağ məsələsində təzyiqlər edilmədiyini və mövcud hökumətin sözügedən münaqişədən xəbərsiz insanlardan təşkil edilməsiylə bağlı təəssürat yaradılmağa çalışıldığını bildirib: "Mən bir neçə dəfə parlamentdəki tribunada çıxışım zamanı demişəm ki, niyə biz kompromisə hazır olub-olmadığımızı soruşuruq? Kim deyir ki, biz məsələnin əsas subyektiyik? Niyə heç kim Azərbaycandan onların kompromisə hazır olduğunu soruşmur? Mən dəfələrlə bəyan etmişəm ki, biz bu suala Azərbaycan mövqeyini açıqlamayana qədər cavab verməyəcəyik". Bundan başqa, erməni icmasıyla görüşü zamanı Diapor Nazirliyinin ləğvi məsələsinə də toxunan Paşinyan qeyd edib ki, Ermənistanın baş nazirinin aparatında diaspor işləri üzrə xüsusi təyinatlı səfir olacaq. Onun sözlərinə görə, həmin səfir İrəvanın diaspor ilə bağlı siyasətini kurasiya edəcək.

Nəzərinizə çatdıraq ki, Nikol Paşinyanın bundan öncə Diapor Nazirliyini ləğv edəcəyini bildirib. Ermənistanın baş nazirinin bu qərarı isə erməni diasporunun kəskin etirazına səbəb olub. Məhz bu səbəbdən də bir neçə gün öncə Diaspor Nazirliyinin ləğvinə etiraz əlaməti olaraq, İrəvanda və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarının etiraz mitinqləri keçirilib. Bununla bağlı erməni mətbuatının yaydığı məlumatlarda deyilir ki, Argentina, Livan və ABŞ-dakı erməni diasporu təşkilatları tərəfindən təşkil olunan etiraz aksiyalarında Paşinyanın qərarı ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Məsələn, Livan erməni diasporunun rəhbəri Şahan Kandaharyan hesab edir ki, yeni hökumətin xarici ölkələrdəki ermənilərlə məsləhətləşmədən bu cür qərar qəbul etməsi düzgün deyil. Qeyd edək ki, Kilikiya katolikosu I Aram və erməni jurnalistlər də bu məsələ ilə əlaqədar Paşinyana etiraz məktubu göndəriblər. Görünən odur ki, Nikol Paşinyan məhz erməni diaspor təşkilatlarının təzyiqindən sonra Ermənistanın baş nazirinin aparatında diaspor işləri üzrə xüsusi təyinatlı səfirin olacağını bəyan edib.

Bu arada, onu da vurğulamaq lazımdır ki, Nikol Paşinyan dəfələrlə siyasi meyit adlandırdığı, müxtəlif cinayətlərdə ittiham etdiyi və özünün əsas rəqiblərindən biri kimi gördüyü eks-prezident Robert Koçaryana yaxınlığı ilə tanınan, 2007-ci ildə Çiçəklənən Ermənistan Partiyasından deputat seçilən, İspaniya, Belçika, Niderland və Lüksemburqda səfir olan Avet Adontsu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın müavini təyin edib. Məsələnin maraqlı tərəfi ondadır ki, bu təyinat Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin İrəvana səfərindən qısa müddət sonra baş tutub. Bu səbəbdən də belə güman etmək olar ki, Koçaryanın adamının xarici işlər nazirinin müavini postuna gətirilməsində Kremlin rolu var. Odur ki, həm bu, həm Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlaması, həm də Diapor Nazirliyinin ləğvi ilə əlaqədar mövqeyini öyrənmək məqsədiylə politoloq Nəzakət Məmmədova ilə əlaqə saxladıq.

"O da mümkündür ki, Avet Adonts əvvəlki hakimiyyət barədə hansısa sirlər, qiymətli, kompromat xarakterli informasiyalar verib və əvəzində bu cür mükafata layiq görülüb"

Beləliklə, "Hürriyyət"ə açıqlamasında Robert Koçaryana yaxınlığı ilə tanınan Avet Adontsun xarici işlər nazirinin müavini təyin edilməsində əsasən bir neçə məsələnin üzərində dayanmağın vacibliyini vurğulayan politoloq hesab edir ki, bu təyinatda onun Kremllə əlaqələri də müəyyən mənada rol oynaya bilər: "Birinci odur ki, burada prosedur məsələsi ola bilər. Bir çox ölkələrin diplomatik xidmət haqqında qanunlarında belə bir tələb irəli sürülür ki, diplomat xarici ölkədə hansı rütbədə xidmət edibsə, mərkəzi aparata, yəni Xarici İşlər Nazirliyinə qayıtdıqdan sonra ondan aşağı rütbəyə təyin oluna bilməz. Belə ki, həmin şəxs ən azı xarici ölkədə olduğu rütbəyə adekvat bir vəzifəyə təyin olunmalı, yaxud da ondan yüksək vəzifəyə təyinat ala bilər. Bu baxımdan, Avet Adontsun xarici işlər nazirinin müavini təyin edilməsini siyasi çalar axtarmadan sırf prosedur məsələsi kimi də nəzərdən keçirə bilərik. Digər tərəfdən, xarici işlər nazirinin özünün səlahiyyəti var ki, o, həmin diplomatı hansısa səbəb göstərməklə sərəncamda saxlasın. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, nazir müavini təyinatı siyasi məsələdir. Bu səbəbdən də ola bilər ki, Avet Adontsun təyinatında Kremllə əlaqələri də müəyyən mənada rol oynasın. Əslində, bu hadisənin Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin Ermənistana səfərindən sonra baş tutması diqqət cəlb edən məqamlardan biridir. O da mümkündür ki, Avet Adonts əvvəlki hakimiyyət barədə hansısa sirlər, qiymətli, kompromat xarakterli informasiyalar verib və əvəzində bu cür mükafata layiq görülüb. Yəni artıq o, mövqeyini dəyişərək Paşinyanın komandasına keçib və onlarla işləməyə söz verib. Başqa bir versiya o ola bilər ki, bu adam Koçaryan hakimiyyətində təmsil olunduğu halda Paşinyana müəyyən məlumatlar ötürüb və bu gün də buna görə nazir müavini postuna təyin edilib".

Картинки по запросу paşinyan

"Paşinyanı diaspor hakimiyyətə gətirib və buna görə də o, addımlarını erməni diasporu ilə razılaşdırıb atır"

Nikol Paşinyanın Diapor Nazirliyini ləğvi etdikdən sonra baş nazirin aparatında diaspor işləri üzrə xüsusi təyinatlı səfir vəzifəsinin təsis edilməsi ilə bağlı məsələyə gəlincə, Nəzakət Məmmədova bildirdi ki, diaspor Ermənistanın tarixində, siyasi həyatında, ideologiyasında ən mühüm yer tutan amillərdən biridir: "Bu səbəbdən də diasporu tamamilə ləğv etmək də olmazdı. Ola bilər ki, büdcəyə qənaət məqsədiylə bu cür struktur islahatları aparılıb. Lakin bununla yanaşı, diaspor işi ilə hansısa bir qurum məşğul olmalıdır və buna görə də bu strukturun statusunu azaldaraq, nazirlik səviyyəsində deyil, xüsusi təyinatlı səfir statusunda saxlayıblar. Ümumiyyətlə, Ermənistan diaspordan tamamilə imtina edə bilməz. Çünki İrəvanın xaricdəki erməni diasporu ilə çox sıx əlaqələri və ciddi asılılığı var. Bu səbəbdən də bu, hər zaman Ermənistanın gündəmində bir nömrəli məsələ kimi qalacaq. Düşünmürəm ki, xaricdəki erməni diasporunun bu məsələyə, yəni nazirliyin ləğv edilməsinə görə, Paşinyanla arasında hansısa ciddi narazılıq olsun. Çünki Paşinyanın özünü də məhz diaspor hakimiyyətə gətirib və buna görə də o, addımlarını erməni diasporu ilə razılaşdırıb atır. Görünür ki, bu məsələdə də tərəflər arasında müəyyən razılıq əldə olunub və islahatın mahiyyəti izah edilib. Əslində, xaricdəki erməni diasporunun Ermənistandakı ən böyük adamı, elə baş nazir statusunda olan Paşinyan özüdür".

"Düşünürəm ki, bu bəyanat danışıqlar prosesindən yayınmaq, müəyyən manevrlər etmək üçün vaxt qazanmaq məqsədiylə səsləndirilib"

Ermənistanın baş nazirinin "Azərbaycan kompromisə getməsə, biz də getməyəcəyik", deyə açıqlamasına münasibət bildirən politoloq bunu rəsmi İrəvan tərəfindən səsləndirilən növbəti cəfəng fikir kimi qiymətləndirdi: "Azərbaycan ən böyük güzəştə gedir, Dağlıq Qarabağa dünya praktikasında mövcud olan ən yüksək statusu verir. Yəni Azərbaycan buna razıdır. Lakin Ermənistan tərəfi bunun qarşılığında heç bir güzəştə getmir, destruktiv mövqeyindən əl çəkmir. Buna görə də Paşinyanın dedikləri çox cəfəng, mənasız və əsassız fikirdir. Çünki işğalçı ilə danışıqlar aparmağın özü və ən yüksək statusun verilməsi ən böyük güzəştdir. Ona görə də Azərbaycan tərəfinin başqa güzəştindən söhbət gedə bilməz. Düşünürəm ki, bu bəyanat danışıqlar prosesindən yayınmaq, müəyyən manevrlər etmək üçün vaxt qazanmaq məqsədiylə səsləndirilib".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA