"Filankəs sizin qohumunuzdur, ona deyin, mitinqə getməsin" - Polisə çağrılanların hekayələri

"Filankəs sizin qohumunuzdur, ona deyin, mitinqə getməsin" - Polisə çağrılanların hekayələri

"Bəzi şəxslərin polisə çağırılmasının səbəbi mitinqdən sonra bir qrup şəxsin ictimai qaydanı kobud şəkildə pozması olub, Daxili işlər Nazirliyinin rəsmisi Orxan Mansurzadə onlarla şəxsin mitinqə qatıldıqdan sonra polisə çağırılmaları ilə bağlı açıqlamasında deyib.

Hurriyyet.org-un məlumatına görə, o, BBC News Azərbaycancaya bildirib ki, həmin şəxslər qeyd olunmuş marşrutdan kənara çıxaraq, razılaşdırılmamış ərazidə müxtəlif şüarlar səsləndiriblər.

Ötən həftə baş tutmuş icazəli etiraz nümayişindən sonra onlarla şəxs sosial media hesablarından polisə çağırılmaqları ilə bağlı məlumat paylaşıblar.

Polisə çağırılmış şəxslərdən bəziləri BBC News Azərbaycancaya polisə nə üçün çağırılmaları ilə bağlı onlara məlumat verilmədiyini deyir.

Onlar bildirir ki, çağırıldıqları polis bölməsində bəzilərinə yaşadıqları ünvan, iş yeri və ailə vəziyyəti haqqında, digər şəxslərə isə mitinqə getməklə bağlı suallar ünvanlanıb.

"Mitinqə nə üçün getmişdin?"

"Polis zəng edib mitinqə nə üçün getdiyimi soruşdu. Mən də dedim ki, neçə müddətdir işsizəm, maddi vəziyyətim çox pisdir bir buna görə, bir də Mehman Hüseynovun azad edilməsini istəyirəm ona görə getmişdim", 19 yanvar nümayişinin adının çəkilməsini istəməyən iştirakçısı deyir.

O bildirir ki, bundan sonra büdcə təşkilatlarında çalışan qohumlarına zənglər gəlməyə başlayıb. "Filankəs sizin qohumunuzdur, ona deyin, mitinqə getməsin".

"Dövlət insanlara hədə-qorxu gəlməkdənsə, onların xüsusilə maddi problemlərini həll etsin, işsizliyi aradan qaldırsın", müsahibimiz deyir.

İctimai fəallar polisə nə üçün çağırılmaları ilə bağlı onlara məlumat verilmədiyini deyirlər.

Bildiriş göndərilməsə...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Məclis sədri Nurəddin Məmmədli "mitinqdən sonra hansısa bir qrupun küçədə istefa, azadlıq qışqırmasına görə" polisə çağırıldıqlarını bildirir.

O, Azərbaycan hökumətinin imzaladığı beynəlxalq konvensiyalarda "vətəndaşın öz hakimiyyətinə qarşı mövqeyini ifadə edə biləcəyini" xatırladır.

"Mən nə bilim mitinqdən sonra kim harda nə edib. Biz etiraz nümayişləri zamanı "Məhsul" stadionuna cavabdehik, bütün Bakının küçələrində nə baş verirsə, biz ona necə cavabdeh ola bilərik? Üstəlik, bəlkə elə həmin şəxslər öyrədilmiş şəxslərdir. Heç mitinq iştirakçıları deyillər?".

Cənab Məmmədli polisə bildirib ki, hansı cinayət işinə görə və hansı statusla dəvət olunması ilə bağlı ona rəsmi bildiriş göndərilməsə, polisə getməyəcək.

"Ünvanımı soruşdular ki, məktub göndərəcəklər. Hələlik sakitlikdir. Minlərlə cəbhəçini və digər mitinq iştirakçısını bu qayda üzrə dəvət edirlər. Kim qorxur ona təzyiq göstərirlər, ötkəm cavab verənlərlə də barışırlar. Bax, belə iyrənc situasiya yaranıb".

Nurəddin Məmmədli Bakı Baş Polis İdarəsində onlara "mitinq zamanı qanun pozuntusunun olduğunu əks etdirən ittiham aktı kimi sənəd təqdim" olunduğunu bildirir.

"Ancaq aksiyadan dərhal sonra Bakı Şəhər Baş Polis İdarəsi ictimaiyyət üçün rəsmi açıqlama vermişdi.

Nümayiş 19 yanvar mitinqi

"Özünü demokratik qüvvələrin Milli şurası adlandıran qurum 19 yanvarda Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda mitinq keçirib. Mitinq heç bir insident və qanun pozuntusu olmadan başa çatıb". Belə bir rəsmi bəyanatdan iki gün sonra nə baş verdi ki, mitinqə gələnlər indi cinayətkar oldu?", Məclis sədri əlavə edib.

"Qızlara təzyiq vasitəsi kimi ailələrindən istifadə"

İctimai fəal Sənubər Heydərova deyir ki, anası Gülşən Heydərova ötən həftə müxalifətin mitinqinə qatılıb.

"Çərşənbə axşamı anama zəng gəlib ki, Binəqədi rayon 4 saylı polis bölməsinə gəlməlisiniz. Anam gələ bilməyəcəyini dedikdə ona, "nə vaxt imkanınız var, o zaman gəlin" deyiblər. Axşam gedəndə isə istifadə etdiyi nömrənin kimə məxsus olmasını, yaşadığı ünvanı soruşub, polisə niyə çağırdıqlarını izah etmədən buraxıblar".

Polisə dəvət alan adının çəkilməsinin istəməyən nümayiş iştirakçısı olmuş digər bir xanım deyir ki, axşam ona zəng vurublar ki, "durun, gəlin polisə".

"Onlara dedim ki, olar səhər gəlim? "Olar, səhər 12-də burada olun dedilər". Şəxsiyyət vəsiqəmi alıb, qeydiyyatını aparıb, iş yerimi soruşdular. Kiminlə yaşadığım haqda da sorğu-sual etdilər", müsahibimiz deyir.

"Qızlara təzyiq vasitəsi kimi ailələrindən istifadə etməyə çalışırlar. Bilirlər ki, bizdə polisə çağrılan qadına ailədə basqı olur ki, otur evdə, getmə mitinqə filan ki, sonra da polisə çağırmasınlar səni", o əlavə edir.

Daha sonra onu bu dəfə polis rəisinin otağına dəvət ediblər, orada da "mülki geyimli şəxs tərəfindən" şəxsiyyət vəsiqəsinə baxıldıqdan və eyni suallara cavab verdikdən sonra "gedə bilərsiniz" deyiblər.

Daxili İşlər Nazirliyi DİNFotonun müəllifiORXAN MANSURZADƏ

"Polisin qanuni əmrlərinə tabe olmamaq"

Daxili İşlər Nazirliyinin rəsmisi Orxan Mansurzadə deyir ki, "mitinqə gedən adamlar yox, mitinqdən dərhal sonra nəqliyyatın hərəkətinə mane olmuş, istirahət edən insanların istirahət hüququnu pozmuş, hakimiyyət nümayəndəsi olan polisin qanuni əmrlərinə tabe olmamış şəxslər" dəvət olunur.

"Asayişi pozmuş şəxslərin axtarılaraq müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir. Yəni burada ümumilikdə mitinqə gələnlərlə maraqlanmır polis, sadəcə həmin istiqamətdə ictimai qaydanı kobud şəkildə pozmuş şəxslərlə maraqlanır.

O şəxslər də bir məhəllədə qalmırlar. Müxtəlif bölgələri, məkanları təmsil edirlər. Onların yerlərinin müəyyənləşdirilməsi, şəxsiyyətlərinin təyin olunması istiqamətində tədbirlər həyata keçirilir".Nazirlik rəsmisi bəzi şəxslərin artıq müəyyənləşdirilib, məsuliyyətə cəlb olunduğunu bildirib. "Ancaq digərlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir", cənab Mansurzadə əlavə edib.

Mitinq iştirakçıları polisə niyə telefonla çağırılır?

Mitinq işıtirakçılarının polisə bildirişlə yox, telefonla çağırılmasına münasibət bildirən Orxan Mansurzadə kiminsə polisə telefonla, yaxud bildirişlə çağırılmasında "elə də köklü fərq olmadığını" deyir.

"Polis əlavə xərc çəkmədən, bəzi texniki və bürokratik məsələləri aşaraq, vətəndaşa daha yaxın olmaq istəyir. Bildiyim qədərilə, qanunvericilikdə vətəndaşı telefonla bölməyə çağırmaq qanunla qadağan deyil. Belə bir müddəa heç bir qanunda yoxdur.

Desinlər ki, ya Cinayət Prosessual Məcəlləsi, İnzibati Xətalar, ya da Polis Haqqında Qanunda belə bir şey var. Qanunla qadağan olunmayan hər şey qanunidir. Bu məsələnin başqa formada şərh olunmasına ehtiyac yoxdur".

Neçə nəfərin polisə dəvət alması ilə bağlı cənab Mansurzadə polisə çağrılan şəxslərini sayı ilə bağlı dəqiq məlumat veriməyib. "Bu araşdırma mövzusudur. Hal-hazırda araşdırmalar gedir".

Orxan Mansurzadə deyib ki, "mitinqin təşkilatçıları əvvəlcədən də" polisə dəvət olunur.

"Bu şəxslərə mitinq və sonrasında olacaq hərəkətlərə görə xəbərdarlıq edirik. Nümayiş iştirakçıları mitinqdən sonra o cür hərəkətlərə yol verirsə, bunda təbii ki, mitinq təşkilatçılarının müəyyən məsuliyyət məsələsi var.

Özünü ekspert hesab edənlər deyirlər ki, Bakı şəhər Baş Polis İdarəsinin açıqlamasında da yazılıb ki, mitinq ərəfəsində qanunsuz hallar aşkarlanmayıb. Burada isə söhbət Məhsul stadionundakı mitinqdən sonrakı proseslərdən gedir. Bəzi yoldaşlar icazəli mitinqin keçirilməli olduğu meydanla küçələri səhv salıblar", cənab Mansurzadə əlavə edib.

Vətəndaşlara niyə polisə çağırılmaqları ilə bağlı izahat verilməməsinə gəlincə isə, cənab Mansurzadə telefonla hər şeyi izah etməyin mümkünsüzlüyünü deyir.

"Vətəndaşı harasa o cümlədən də polisə çağırırlarsa, deməli problem həll olunur. Burada qorxulacaq heç nə yoxdur". 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA