"Fuadın əzilməsinə yol vermək olmaz" - HƏSRƏT RÜSTƏMOV

"Fuadın əzilməsinə yol vermək olmaz" - HƏSRƏT RÜSTƏMOV

"Ölkədən kənarda yaşayan azərbaycanlılar bir-birini dəstəkləməlidirlər"

"Fuad Abbasovun qatı bir cinayətkar kimi həbs edilməsi onu göstərir ki, bu, sifarişli işdir. Heç bir emiqrantı getdiyi ölkədə çox qaldığına görə bu cür həbs eləmirlər. Fuad özü də bu barədə açıqlama verərək demişdi ki, onu sifarişlə həbs ediblər. Təbii ki, buna çox təəssüflənirəm".

Hurriyyet.org xəbər verir ki, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bunu versus.az-a son günlər az qala ölkənin gündəmini zəbt edən Fuad Abbasovun Rusiyada zorakı üsullarla həbsi və bu hadisədə azərbaycanlıların və diasporaların rolu ilə bağlı açıqlamasında bildirib.

Həsrət Rüstəmov Fuad Abbasovun son zamanlar Rusiyada Azərbaycanın hüquqları uğrunda apardığı mübarizəni təqdirəlayiq hesab edib:

"Çox güman ki, bu gün Fuadın başına gələnlərdə, onun Azərbaycanın haqq səsinin dünyaya çatdırılması uğrunda apardığı addımların rolu olmamış deyil. Belə fikirlər də səslənir ki, bu hadisə onun Rusiyada olan Azərbaycan diasporaları, xüsusilə də Fizuli Məmmədovla olan münaqişəsi nəticəsində yaranıb. Azərbaycandan kənarda iki azərbaycanlının bir-biri ilə yola getməməsi, "polis dili" ilə danışması çox təəssüfləndirici haldır. Polisə sifariş verib adam həbs etdirəmək sifarişi verənə də başucalığı gətirməyəcək. Sübut olunsa ki, bu işdə diasporların əli var, o zaman Azərbaycan diaspor Komitəsi bu adamlarla əməkdaşlıqdan imtina etməlidir. Çünki bir azərbaycanlının başına oyun gətirən diasporun Azərbaycana heç bir xeyri ola bilməz".

H.Rüstəmov bu istiqamətdə səslənən versiyaların həqiqət olmadığına ümid etdiyini bildirib. Onun sözlərinə görə, belə hallar varsa, bu təkcə Fizuli Məmmədov, Fuad Abbasov üçün deyil, bütün azərbaycanlılar üçün utancdır:

"Məntiqlə ölkədən kənarda yaşayan azərbaycanlılar bir-birini dəstəkləməlidir. Və yalnız bundan sonra artıq vətən üçün nə isə etmək olar".

 

H.Rüstəmov mövcud halların Azərbaycan Diaspora Komitəsinin xaricdə fəaliyyət göstərən diasporalarla işin, qarşılıqlı əməkdaşlığın düzgün qurulmaması müstəvisində yaranmasını istisana etməyib:

"Moskvada baş verən hadisələrdə diasporlarımız vətəndaşını fəal müdafiə eləməyib. Ümumiyyətlə, Azərbaycanda diasporlarla iş düzgün qurulmayıb. Bu, bir kütlənin büdcə vəsaitini boş yerə dağıtdığı təşkilatdır. O cümlədən də Rusiyada azərbaycanlılar yaşayır ki, bunlar da əsasən iş dalınca gedən adamlardır. Nə vaxt görmüsünüz ki, Rusiyada gedən müzakirələrdə Azərbaycanın diasporaları fəal olsunlar? Görünməyib! İndi ola bilər ki, hansısa xəstəyə kömək eliyirlər, amma bu, diaspora işi sayılmır. Diaspora işi odur ki, Azərbaycanın dövlət maraqlarını mövcud olduqları yerdə müdafiə eləsin və ictimai fikri özünə yönəldə bilsin. Rusiya Ermənistanın arxasında duran dövlətdir. Orada Azərbaycanın arxasında duran bir diaspora olarsa, bu, bizim ölkənin siyasətinə müsbət təsir edər. Biz buna rast gəlməmişik və orda böyük bir diaspora haqqında danışmağa dəyməz. Əgər Fuadla bağlı sifarişi ermənilər veribsə, bu hardasa Fuad üçün də, bizim üçün də təsəllidir. Çünki bu onu göstərir ki, Fuad düz yoldadır. Əgər ermənilər, Rusiya dövləti bu işin içindədirsə, o zaman Azərbaycan dövləti Fuadın arxasında durmalı, bütün gücü ilə onu müdafiə eləməlidir. Fuadın əzilməsinə yol vermək olmaz. Əgər müdafiə etməsək, belə halların davamı gələ bilər. Bu mənada Azərbaycan ictimaiyyəti, hər kəs Fuadın arxasında dayanmalıdır".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA