"Gürcüstanda yeni inqilab ssenarisi hazırlana bilər" - POLİTOLOQ

"Gürcüstanda yeni inqilab ssenarisi hazırlana bilər" - POLİTOLOQ

Məhəmməd Əsədullazadə: "Artıq İvanişvili iqtidarı ABŞ və NATO-nun regional çağırışlarına cavab vermir"

"Gürcüstanla Rusiya arasında siyasi böhranın dərinləşəcəyi və bunun hakim "Gürcü Arzusu" Partiyasının siyasi sonunu gətirməsi gözlənilir". Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, bu etirazlardan istifadə edən müxalifət Qərbin təlimatı, xüsusi ilə Vaşinqton tərəfindən hərəkətə gətirilir: "Gürcüstanda yeni inqilab ssenarisi hazırlana bilər. Çünki prezident Salome Zurabişvili və Bidzina İvanişvilinin apardığı siyasət Rusiyanın regionda aktiv rol oynamasına gətirir. Abxaziya dəmiryolunun açılması, "Qazprom"la danışıqlar, süni olaraq strateji tərəfdaş olan Azərbaycana qarşı "Keşikçidağ" üzərindən ərazi iddiası birbaşa ABŞ-ın regionda maraqlarına təhdid yaradırdı. Zurabişvilinin ABŞ bazalarının Gürcüstan ərazisində olmasına ehtiyacın olmadığı mesajı məhz İvanişvilinin mövqeyini əks etdirirdi. Ona görə də "Gürcü Arzusu" Partiyası ABŞ üçün arzuolunmaz elan edilmişdi".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstanda baş verənlər ABŞ-Rusiya qarşıdurmasına gətirib çıxarır: "ABŞ Gürcüstanda qalib gələcək. Çünki əhali anti-Rus ovqatına köklənib. Burada siyasi proseslər Vaşinqtonun maraqlarına uyğun həyata keçəcək. Artıq İvanişvili iqtidarı ABŞ və NATO-nun regional çağırışlarına cavab vermir. Bundan başqa, Gürcüstanda baş verənlər Azərbaycanın milli və regional maraqlarına uyğundur. Əsasən Abxaziya dəmiryolunun Ermənistan üzərinə açılması da qapadılır. Ermənistanın Gürcüstan hakimiyyəti ilə birgə ölkəmizə qarşı şübhəli siyasətinə son verilir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org