"Hakimiyyət hüququn olmadığı yerlərə girə, hüququ onun olduğu yerlərdə sıxışdıra bilir" - ERKİN QƏDİRLİ

"Hakimiyyət hüququn olmadığı yerlərə girə, hüququ onun olduğu yerlərdə sıxışdıra bilir" - ERKİN QƏDİRLİ

"Hakimiyyət münasibətlərilə mülkiyyət münasibətlərinin ayırd olunmadığı toplumlarda hüquq mədəniyyəti, o cümlədən mülkiyyət münasibətləri, inkişaf edə bilmir"

"Elə münasibətlər var ki, onların hüquqsuz, ya da hüquqdan qıraqda heç bir anlamı yoxdur. Örnəyi, mülkiyyət. Mülkiyyət tam bir hüquq anlayışıdır. Hüquqdan qıraqda, hüquqdan öncə və ya başqa bir hüquqsuz ortamda mülkiyyət ola bilməz". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) sədrinin beynəlxalq məsələlər üzrə müavini Erkin Qədirliyə məxsusdur.

Onun sözlərinə görə, elə münasibətlər də var ki, onlar hüquqa bağlı olmur, hüquqsuz var ola bilirlər: "Örnəyi, hakimiyyət. Hakimiyyət hər zaman hüquqla ziddiyyətdədir, onu aşmağa çalışır. Hakimiyyət hüququn olmadığı yerlərə girə, hüququ onun olduğu yerlərdə sıxışdıra bilir. "Mülkiyyət hüququ" semantik pleonazmdırsa, "hakimiyyət hüququ" oksümorondur. Semantik pleonazm - yəni, artıq söz yığını kimi görünməyinə baxmayaraq, çatdırılması önəmli sayılan mənanı vurğulayan söz birləşməsi (taftologiyayla qarışdırmayın). Bu baxımdan, "mülkiyyət hüququ" mülkiyyətin hüquqiliyini deyil, hüquqda mülkiyyət münasibətlərini nizamlayan ayrıca qaydalar sistemini bildirir. Oksümoron - yəni, barışmaz ziddiyyətdə olan mənaları birləşdirən ifadə".

Erkin Qədirli hesab edir ki, bu baxımdan, "hakimiyyət hüququ" söz birləşməsi nə hakimiyyətin hüquqiliyini bildirə bilir, nə də hüququn hakimiyyətliyini: ""Hüquqla verilmiş hakimiyyət" söz birləşməsinə ədəbiyyatda hərdən rast gəlinsə də, onun məcazdan başqa nəsə olmadığını bilməliyik. Hakimiyyət hüquqla verilmir. Çeşidli inanış sistemlərində hakimiyyətin ya təbiətdən, ya tanrıdan, ya da toplumdan qaynaqlandığı bildirilir. Daha dar, örnəyi, liderlik kontekstində, hakimiyyətin konkret şəxslərin keyfiyyətlərindən asılı olduğu söylənilir. İstənilən halda, hüquq hakimiyyəti doğurmur. Əksinə, hüququn hakimiyyətdən qaynaqlandığını iddia edən çeşidli yanaşmalar vardır. Burada onlar haqqında yazıb sözümü uzatmaq istəmirəm. Hüquq hakimiyyəti ancaq rəsmiləşdirə və biçimləndirə bilir. Yuxarıda yazdıqlarımın məqsədi hakimiyyətlə mülkiyyətin bir-birindən ayrı tutulmasının önəmini vurğulamaqdır. Hakimiyyət münasibətlərilə mülkiyyət münasibətlərinin ayırd olunmadığı toplumlarda hüquq mədəniyyəti, o cümlədən mülkiyyət münasibətləri, inkişaf edə bilmir. Bunun özü "sistem problemi" adlandırılan problemə bir örnəkdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA