"Hakimiyyətin işğal olunmuş əraziləri azad etmək fikri yoxdur" - SƏRDAR CƏLALOĞLU

"Hakimiyyətin işğal olunmuş əraziləri azad etmək fikri yoxdur" - SƏRDAR CƏLALOĞLU

"Rusiya Azərbaycanı məcbur edir ki, danışıqlar Ermənistanın açıq-aşkar hərbi, mənəvi, psixoloji üstünlüyü şəraitində getsin"

"Atəşkəs rejiminin möhkəmləndirilməsi o deməkdir ki, işğal olunmuş ərazilərin ermənilər tərəfindən daha yaxşı istifadə olunmasına vəməskunlaşmasına şərait yaradılır"

"Əgər deyilən kimi, Zelinski yalnız şoumendirsə, yetərli siyasi bazası, ciddi iradəsi yoxdursa, onda o, Ukraynanı iflasa aparacaq"

"Poroşenkonun özünün ən böyük günahıdır ki, onun prezidentlik dönəmində Ukrayna xalqı bu cür apolitik vəziyyətə düşüb"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə martın 31-də Türkiyədə keçirilən növbəti bələdiyyə, Ukraynada isə baş tutan prezident seçkiləri, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü, eyni zamanda, ölkə başçısı tərəfindən ard-arda imzalanan çoxsaylı sosial xarakterli fərman və sərəncamlarla bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotrdoganin_sexsi_imici_butunlukde_akp-nin_imicine_beraberdirquot_-_srdar_clalolu)

- Bildiyiniz kimi, martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, şoumen Vladimir Zelenski səslərin 30,18 faizini qazanaraq seçicilərin 16,68 faizinin dəstəklədiyi hazırkı prezident Pyotr Poroşenkonu xeyli geridə qoyub. Siz bu, nə ilə bağlıdır?

- Əslində bu, birinci belə hal deyil. Belə ki, vaxtilə Kolumbiyada da bir artist prezident seçkilərində qalib gəlmişdi. Bir neçə aydan sonra isə prezident səlahiyyətlərini oğluna verib konsert verməyə getdi. 6 aydan sonra isə onu yıxdılar. Ümumiyyətlə, siyasət çox ciddi bir fəaliyyət sahəsidir. Əgər bizdə də hamının sevdiyi bir müğənni prezident seçkilərində iştirak etsəydi, o zaman ona yaxşı oxuduğuna görə daha çox səs verərdilər. Bu, həmin seçicilərin siyasi şüurunun aşağı olduğunu göstərir. Çünki hansısa müğənni, şou əhli dövləti idarə edə bilməz. Odur ki, seçki prosesində daha çox ciddi siyasi fiqurlara səs vermək lazımdır. Ukraynada isə siyasi fiqurlara səs verməyiblər. Açığı deyim ki, Poroşenkonun özünün ən böyük günahıdır ki, onun prezidentlik dönəmində Ukrayna xalqı bu cür apolitik vəziyyətə düşüb. Çünki siyasiləşmiş xalq heç bir halda şoumenə səs verməz. Siyasiləşmiş xalq mütləq siyasətçiyə səs verməlidir. Ən yaxşı halda müharibə şəraitində olan Ukraynanın başına döyüş təcrübəsi olan hərbçi lider gəlməlidir.

- Necə düşünürsünüz, birinci turda Zelenskinin ciddi fərqlə Poroşenkonu üstələməsində ABŞ və ya Rusiya amili rol oynayıbmı?

- Təbii ki, dünya ölkələrində keçirilən seçkilər heç də həmişə xalqın iradəsini ifadə etməyib. Türkiyədə keçirilən seçkilərin özündə də dolayısı yolla və birbaşa xarici müdaxilə olub. Məsələn, dolayısı yolla FETÖ və PKK vasitəsiylə, birbaşa isə ola bilsin ki, müəyyən qiymət artımları, iqtisadi təzyiqlər, süni problemlərlə müdaxilə olub. Bunlar hamısı seçkiyə ciddi təsir edir. Eynilə, yarı ərazisi işğal olunan, yarı ərazisində isə müharibə gedən Ukraynada da Rusiya çox asanlıqla bu və başqa şəkildə seçkilərə təsir edib. Bunu inkar etmək olmaz. Digər tərəfdən, Poroşenkonun özü də Ukrayna kimi ciddi siyasi proseslərdən keçən ölkələrdə liderlik etməyə layiq deyil. O, iş adamıdır və çox da ciddi siyasi təfəkkürə malik biri deyil. Onun çoxlu pulunun olması, hələ ölkəni idarə edə biləcək potensialda olduğunu deməyə əsas vermir. Məsələn, Azərbaycanı idarə edənlərin böyük əksəriyyəti milyarderdir. Lakin baxın görün onlar bir kolxozu, məktəbi idarə etmək imkanına malikdirlər?! Hətta bir qismi ailələrini belə, idarə etmək imkanında deyil. Ancaq sərvətləri olduğu üçün hakimiyyətdə təmsil olunurlar. Poroşenko da eynilə bu qəbildəndir. Yənin onun da çoxlu pulu olsa da, özü uğurlu siyasətçi deyil. Onun yaxşı siyasətçi olmadığını sübut edən göstəricilərdən biri odur ki, Ukraynanın Rusiya ilə kəskin konfrantasiyada olmasına baxmayaraq, Avropa və ABŞ-dan lazım olan dəstəyi ala bilmədi. Halbuki Ukraynanın başına gələnlərin hamısı onun Rusiyadan uzaqlaşaraq Avropa, Qərbə inteqrasiya ilə bağlıdır. Əgər Poroşenko doğrudan da güclü, uzaqgörən siyasətçi olsaydı, o zaman Rusiyanın Ukraynaya qarşı olan təsirlərini Avropa və ABŞ vasitəsiylə neytrallaşdırardı. Qərb məhz Ukraynaya görə, Rusiyaya qarşı heç bir tutarlı addım atmayıb. Bu isə Poroşenkonun zəif siyasətçi olduğunu göstərir. Hesab edirəm ki, Poroşenkonun prezident seçkilərində Zelinski kimi bir adama uduzması da onu göstərir ki, o, prezidentlik dönəmində xalqın etimadını qazanmağı bacarmayıb. Ümumiyyətlə, demokratiyanın ən böyük qüsurlarından biri odur ki, seçki demokratik prosedur olsa da, seçicinin ixtisaslı olmasından asılı olaraq demokratiyaya xeyir verir. Məsələn, siz ağla qaranı seçə bilməyən bir adama seçmək hüququ versəz, onda nə olacaq? Yalnış yolu seçib səhv addım atacaq. Ona görə də seçkilər o zaman cəmiyyətə xeyir gətirə bilər ki, cəmiyyət siyasi cəhətdən kifayət qədər ayıq olsun, ağı qaradan seçə bilsin. O ölkələrdəki siyasi şüur aşağıdır, orda seçkilərin nəticələri seçilən adamların yararlılığına əsas vermir.

- Sərdar bəy, necə düşünürsünüz Zelinskinin ikinci turda qələbə qazanmaq şansı varmı?

- Əgər birinci turda iştirak edən namizədlər ikinci turda kifayət qədər səs toplayan namizədə dəstək verərsə və o, Ukraynanın xilası üçün ciddi komanda yarada bilərsə, o zaman qalib gələ bilər. Lakin Zelinski zəif bir komanda formalaşdırsa, onda qələbə qazanması mümkün deyil. Ümumiyyətlə, iqtidarların gücü ondan ibarətdir ki, müxalifətdə daha az güc qalsın, daha çox güc hökuməti dəstəkləsin.

- Bir anlıq qəbul edək ki, Zelinski ikinci turda qalib gələrək prezident oldu. Sizcə, o, Ukraynanı düşdüyü çətin iqtisadi və siyasi durumdan xilas edə biləcək?

- Əgər deyilən kimi, o, yalnız şoumendirsə, yetərli siyasi bazası, o cümlədən ciddi iradəsi yoxdursa, onda indiki mürəkkəb vəziyyətdə Ukraynanı iflasa aparacaq. Hesab edirəm ki, o prezident olsa, ya qısa müddət ərzində yenidən təkrar seçkilər keçiriləcək, ya da Rusiya daha ciddi şəkildə Ukraynanı məhv edəcək.

- Məlumunuzdur ki, martın 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü baş tutub. ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti bu görüşün məzmunlu və səmərəli olduğunu bildirib. Sizin bu görüşlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Əvvəla, onu deyim ki, biz qətiyyən bu görüşün əleyhinəyik, bunu yanlız, böyük siyasi səhv hesab edirik. Çünki həmin görüşdən əvvəl Ermənistan rəhbərliyinin verdiyi bütün bəyanatlar ermənilərin danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə razı olmayacaqlarını, işğal etdikləri əraziləri azad etmək fikirlərinin olmadıqlarını bir daha sübuta yetirdi. Bu görüşlər isə yalnız işğal etdikləri əraziləri ilhaq etməyə, bu siyasəti həyata keçirmək üçün Azərbaycan tərəfini razı salmaq məqsədi güdür. Ümumiyyətlə, dünyada belə təcrübələr var ki, əks tərəfdən danışıqların ruhuna uyğun olmayan bəyanatlar verilərkən dövlət başçıları danışıqları kəsib ayağa qalxırlar. Bu gün ermənilər az qalır ki, bizim milləti təhqir etsin, açıq şəkildə deyirlər ki, əraziləri verməyəcəyik, bizim hökumət isə buna lazımınca sərt reaksiya vermir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı qarşı tərəflə razılığa gəlib. Beynəlxalq hüquq deyir ki, get ərazilərini işğaldan azad et, bizim hökumət isə beynəlxalq hüququn əleyhinə bir razılaşma əldə edir. BMT-nin qətnaməsinə görə, aqressiyaya məruz qalan dövlətin istənilən vaxt ərazilərini işğaldan azad etmək hüququ var. Elmar Məmmədyarov, sən bu hüququ Azərbaycan xalqının əlindən necə ala bilərsən?! Atəşkəs rejiminin möhkəmləndirilməsi o deməkdir ki, işğal olunmuş ərazilərin ermənilər tərəfindən daha yaxşı istifadə olunmasına, daha yaxşı məskunlaşmasına şərait yaradılır. Axı, atəşkəs rejimi Ermənistan-Azərbaycan sərhədində deyil. Atəşkəs rejimi Azərbaycanın işal olunmuş əraziləri ilə Azərbaycan arasındadır. Yaxşı, erməni deyir ki, işğal olunmuş əraziləri dinc yolla vermirəm, onda sən Qarabağı necə azad edəcəksən? Bu halda yaknız müharibə yolu qalır. Deməli, Azərbaycan hökumətinin işğal olunmuş əraziləri azad etmək fikri yoxdur. Atəşkəs rejiminin möhkəmləndirilməsi o deməkdir ki, Azərbaycan tərəfinin torpaqlarını işğaldan azad etmək fikri yoxdur. Bundan sonra hansısa görüşün keçirilməsi Azərbaycan üçün tamamilə siyasi səhvdir. Əminəm ki, Rusiya Azərbaycanı məcbur edir ki, danışıqlar Ermənistanın açıq-aşkar hərbi, mənəvi, psixoloji üstünlüyü şəraitində getsin.

(ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA