"Heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək" - NAZİR

"Heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək" - NAZİR

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, Heydər Əliyev strateji kursunun, fəal hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik 2018-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası təmin edilib.

Respublikada əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı baxımından ölkəmizin ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olması diqqətəlayiq fakt kimi vurğulanıb.

​Daha sonra nazir R.Usubov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub.

Bu cinayətlərin 92,4 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 89,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 24,3, adam öldürməyə cəhdlər 3,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 16, mülkiyyət əleyhinə cinaytələr 7,7, o cümlədən quldurluqlar 4,8, avtonəqliyyat vasitəsinin qaçırılması 7, dələduzluqlar 28, habelə qrup halında törədilən cinayətlər 2,2, ailə münaqişəsi zəminində baş verənlər 4,5, yol-nəqliyyat hadisələrində ölənlər 3,7, xəsarət alanlar 0,5 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin ağır və xüsusilə ağır növlərinin açılması 4,4, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,8, o cümlədən adam öldürməyə cəhdlərin açılması 2,7, mülkiyyət əleyhinə cinayətlərdən olan dələduzluqların açılması 3,1, soyğunçuluqların açılması 1,3, quldurluqların açılması 0,7, hədə-qorxu ilə tələb etmələrin açılması 2,4, avtonəqliyyat vasitəsinin qaçırılmasının açılması 6,2, habelə xuliqanlıqların açılması 2,5 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilib.

Məruzəçi hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini də qeyd edərək “102-Zəng Mərkəzi” Xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1801 cinayətin “isti izlər”lə açıldığını, 9.435 hüquqazidd əməlin qarşısının alındığını vurğulayıb. Bildirilib ki, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 566 cinayət açılıb, 20.480 hadisə aşkarlanıb, axtarışda olan 90 avtomobil saxlanılıb.

Ümumən, polisin əsas funksiyalarından olan cinayətlərin açılması 85,5 faiz təşkil edib. Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3794 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 11 faiz çox təqsirləndirilən şəxs tutulub. Bütövlükdə, axtarış işinin nəticələri 3,1 faiz yaxşılaşaraq 74,5 faiz təşkil edib.

Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib. Ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib.

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib.

Məruzədə yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq altıncı ildir ki, nəzərəçarpan azalmanın müşahidə olunduğu nəzərə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2018-ci ildə də mühüm tədbirlər görülüb. Bununla yanaşı, ölkədə keçirilmiş 735, o cümlədən 489 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının və ərazi polis orqanlarının şəxsi heyəti tərəfindən asayişin və təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyi də diqqətə çatdırılıb.

General-polkovnik Ramil Usubov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və ardıcıllıqla yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 3639, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 1872 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Göstərilən sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin sayı 11 faiz azalıb.
O, daxili işlər orqanlarına xidməti vəzifələrin icrasında yaxından köməklik göstərdiklərinə görə ölkə vətəndaşlarına, hüquq mühafizə və xüsusi xidmət strukturlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxış edərək ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə də dinamik şəkildə inkişaf etdiyini, dünyada və bölgədə baş verən neqativ tenedensiyalara, qlobal proseslərə baxmayaraq Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini qeyd edib.

Ötən il Azərbaycan Polisinin də 100 illiyinin böyük təntənə ilə qeyd edilməsinin təkcə daxili işlər orqanlarının deyil, xalqımızın da həyatında əlamətdar hadisə kimi dəyərləndirən cənab Fuad Ələsgərov möhtərəm Prezidentimizin ictimai qaydanın, insan hüquq və azadlıqlarının nümunəvi qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə daxili işlər orqanlarının rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyünü, Azərbaycan Polisinin dövlətçiliyin qorunmasında əsas dövlət təsisatı olduğunu bildirib. Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, cinayətlərin yüksək açılma göstəricilərinin arxasında şəxsi heyətin gecəli-gündüzlü, fədakar xidmətinin dayandığını vurğulayıb. Azərbaycanı yenidən xaos, anarxiya girdabına yuvarlamağa müstəqillik yolundan sapdırmağa yönəlmiş pozuculuq hərəkətlərinin, qanunsuz əməllərinin qarşısının daxili işlər orqanları tərəfindən bundan sonra da qətiyyətlə alınacağına əminliyini ifadə edib.

Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

Məruzə ətrafında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov 2018-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

Daha sonra nazir son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi, əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət bildirib. O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, “polis qorxdu”, “hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb.

Qeyd edib ki, ulu öndər Heydər Əliyevin milli maraqlardan qaynaqlanıb möhkəm təməllər üzərində qurduğu dövlətçiliyimizlə, cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən ölkəmizin uğurları ilə bu gün hər bir azərbaycanlı fəxr edir. Ötən 26 ildə məhz bu iqtidarın həyata keçirdiyi müdrik siyasət nəticəsində xaosa, anarxiyaya son qoyulub, Ermənistanın ölkəmizə təcavüzünün qarşısı alınıb, insanların pozulmuş hüquqları, dövlətə, hakimiyyətə, gələcəyə olan inamı bərpa edilib. Lakin respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, günü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoflanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli həllindən rahatsızlaşan, ordumuzun qüdrətinin artmasından, onu yüksək nizam-intizamlı, vətənpərvər, torpaqlarımızı işğaldan azad etməyə hər zaman qadir və döyüş ruhunu gördükcə kədərlənən, yüz minlərlə gənclərimizin Vətənimizin işıqlı gələcəyi, müasir Azərbaycanın daha sürətli inkişafı üçün göstərdiyi böyük coşqudan və çalışqanlıqdan məyus olan, xalq-iqtidar birliyinin sarsılmazlığından, onun bəhrələri olan inkişafdan, tərəqqidən, irəliləyişlərdən, yüksəlişlərdən əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər.

Onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər.

General-polkovnik R.Usubov milli maraqlarımıza zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacağığını bildirib.
O, qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.

O da təəssüflə qeyd olunub ki, antimilli, radikal qüvvələrin kədəri də, sevinci də Vətənimizin, xalqımızın uğuruna sevinməyən xarici bədxahlarımızın niyyətləri, əməlləri ilə üst-üstə düşür. Cənab R.Usubov xüsusilə vurğulayıb ki, bizim sevincimiz xalqımızın sevincidir, onun əmin-amanlıq, təhlükəsizlik, rifah içində yaşamasıdır. Yolumuz da bu xalqa, bu Vətənə sədaqətli xidmət yoludur, Heydər Əliyev yoludur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA