"Şimali Koreyanın ABŞ-la yaxınlaşması Rusiya və Çin üçün böyük təhdiddir" - POLİTOLOQ

"Şimali Koreyanın ABŞ-la yaxınlaşması Rusiya və Çin üçün böyük təhdiddir" - POLİTOLOQ

Nəzakət Məmmədova: "Tramp Şimali Koreyadan Çinə qarşı istifadə etmək məqsədiylə Kim Çen Inla istənilən razılaşmaya gedə bilər"

"Ola bilər ki, gələcəkdə Amerika Şimali Koreyada öz hərbi bazalarını yerləşdirsin"

Bugünlərdə Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Trampla Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) lideri Kim Çen In arasında növbəti görüş baş tutub. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Kim Çen Inın nüvə və raket sınağı keçirməyəcəklərinə dair vəd verdiyini bildirən Trampın sözlərinə görə, Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi: "Vyetnam çiçəklənir. Əgər Şimali Koreya nüvəsizləşdirmə prosesinə qərar versə o da beləcə inkişaf edəcək və bu, tezliklə baş tutacaq. Koreya Xalq Demokratik Respublikası nəhəng potensiala malikdir, bu, tarixdə indiyədək heç kimin əlinə düşməyən gözəl imkandır. Lakin onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşəməni həyata keçirmək istəyirlər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik".

Bununla belə görüşün məhsuldar keçdiyini və ikitərəfli əməkdaşlıq üçün çox böyük potensialın olduğunu, o cümlədən Kim Çen Inla dost olaraq qaldığını vurğulayan ABŞ prezidenti qeyd edib ki, Şimali Koreya problemi üzrə Rusiya, Çin, Cənubi Koreya və Yaponiyanın əməkdaşlıq etməsi vacibdir. Məlumat üçün bildirək ki, ABŞ və Şimali Koreya arasında ilk sammit ötən ilin iyul ayının 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdılar. Rəsmi Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, ABŞ isə bunun əvəzində Koreya Xalq Demokratik Respublikasına təhlükəsizlik zəmanəti vəd etmişdi.

Məsələnin maraqlı tərəfi ondadır ki, Şimali Koreya lideri Vyetnamın paytaxtında baş tutan görüşdən öncə verdiyi açıqlamasında nüvəsizləşdirmə prosesinə hazır olduğunu bəyan etmişdi. Belə ki, Kim Çen İn amerikalı jurnalistin sualını "Nüvəsizləşdirmə istəməsəydim, buraya gəlməzdim", deyə cavablandırmışdı. Lakin məlum olduğu kimi, Trampla baş tutan görüşdə bununla bağlı konkret nəticə əldə olunmayıb.

"Belə bir versiya var ki, Şimali Koreyanı məhz Pentaqon yaradıb"

"Putin Paşinyana öz şərtlərini diqtə edəcək" - NƏZAKƏT MƏMMƏDOVA

Mövzu ilə əlaqədar mövqeyini öyrəndiyimiz politoloq Nəzakət Məmmədova "Hürriyyət"ə açıqlamasında Şimali Koreyanın çoxdandır ABŞ-ın nəzarətində olduğunu iddia etməklə yanaşı, onu da bildirdi ki, Cənub-Şərqi Asiya Amerikanın həyati maraq zonası elan etdiyi bölgələrdən biridir: "Belə bir versiya var ki, Şimali Koreyanı məhz Pentaqon yaradıb. Yəni bu dövlət Amerikanın bir layihəsidir. Ümumiyyətlə, ABŞ-ın üslubuna, dəsti-xəttinə baxdıqda görürük ki, müsəlman görünüşündə terrorçular yaradır. Misal kimi, İŞİD-i göstərmək olar. Onlar guya ideologiya və xarici görünüş baxımından islamçıdırlar. Əslində isə terrorçudurlar. Burada əsas məqsəd İslamı gözdən salmaq və İŞİD vasitəsilə öz geosiyasi maraqlarını həyata keçirməkdir. Eynilə, məhz bu üsulla kommunist cildində Şimali Koreyada bir rejim qurulub. Düşünürəm ki, bu, ABŞ-ın bir layihəsidir. Əsas məqsəd isə Şimali Koreya vasitəsi ilə kommunizmi gözdən salmaq və ondan Rusiya ilə Çinə qarşı istifadə etməkdir. Yəni Şimali Koreya Amerikadan daha çox Çin və Rusiyaya təzyiq kimi yaradılıb".

"Regionda baş verən hər bir proses Rusiya və Çin amili ilə bağlıdır"

Şimali Koreyanın hazırda ölkədə mövcud olan sistemi Rusiyanın nəzarəti altında yaratmadığını qeyd edən politoloqun fikrincə, belə bir sistemi yaradıb, ona nüvə silahı verib ABŞ-a meydan oxutmaq Kremlin gücü daxilində deyil: "Ola bilər ki, ABŞ-ın daxilindəki müəyyən qüvvələr, eyni zamanda Çin və Rusiya ilə münasibətdə bir sıra məqamlar bu gün Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsini aktuallaşdırıb. Eyni zamanda, o da mümkündür ki, burada əsas məqsədlərdən biri də "Amerika diktatoru tərksilah etdi" kimi görüntü yaratmağa çalışmaqdır. Təbii ki, bu da öz növbəsində, Donald Trampın böyük diplomatik uğuru kimi qələmə veriləcək. Bu baxımdan, çox güman ki, ABŞ-ın xarici siyasət konsepsiyasında Çin və Rusiya ilə bağlı məsələdə böyük dəyişikliklər baş verdiyindən Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlar intensivləşib. Odur ki, sözügedən regionda baş verən hər bir proses Rusiya və Çin amili ilə bağlıdır".

"Amerika Rusiya və Çinin yaxınlığında olan Şimali Koreyadan plastarm kimi istifadə edir"

Şimali Koreyanın ABŞ-la yaxınlaşmasının Rusiya və Çinin maraqlarına tamamilə zidd olduğunu vurğulayan Nəzakət Məmmədovanın sözlərinə görə, Donald Tramp Şimali Koreyadan Çinə qarşı istifadə etmək məqsədiylə Kim Çen Inla istənilən razılaşmaya gedə bilər: "Həm Kreml, həm də rəsmi Pekin anlayır ki, Şimali Koreyanın ABŞ-la yaxınlığı onlar üçün çox böyük təhdiddir. Çünki ola bilər ki, gələcəkdə Amerika Şimali Koreyada öz hərbi bazalarını yerləşdirsin. Odur ki, hər bir halda Şimali Koreyanın ABŞ-la yaxınlaşması Rusiya və Çinin maraqlarına ziddir. Necə ki, bir zamanlar SSRİ Amerikanın yaxınlığında yerləşən Kubadan istifadə edib, orada raketlər yerləşdirməklə ABŞ-ı təhdid edirdi, eynilə də indi Amerika Rusiya və Çinin yaxınlığında olan Şimali Koreyadan plastarm kimi istifadə edir. Bir məqamı da qeyd etmək lazımdır ki, Trampın hakimiyyətə gəlişindən sonra Çin-ABŞ arasındakı iqtisadi savaş həddən artıq güclənib. Bu baxımdan, ola bilər ki, Amerika Çinlə mübarizədə Şimali Koreyaya ehtiyac duyur. Bu səbəbdən də Tramp Şimali Koreyadan Çinə qarşı istifadə etmək məqsədiylə Kim Çen Inla istənilən razılaşmaya gedə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA