"İran anlayır ki, Azərbaycan gücləndikdə Tehran rejimi çökə bilər"

"İran anlayır ki, Azərbaycan gücləndikdə Tehran rejimi çökə bilər"

Ənvər Börüsoy: "Qarabağdakı hərbi xuntanın çökməsi İrandakı molla rejiminin iflasına gətirib çaxaracaq"

Elxan Şahinoğlu: "Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır deyil"

"Elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl səfirlik divarında "Qarabağ Azərbaycanındır" yazılarını erməni cəmiyyətində geniş şəkildə müzakirə edərdilər"

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə, daha dəqiq desək, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində İrana ilk dəfə olaraq rəsmi səfər edib. Nəzərinizə çatdıraq ki, Robert Koçaryan və Serj Sarkisyanın zamanında olduğu kimi, bu dəfə də Ermənistan rəhbərliyi İslam dövləti olduğunu iddia edən İranda çox səmimi şəkildə qarşılanıb. Nikol Paşinyanı Tehranın Səidabad sarayında qarşılayan İran prezidenti Həsən Ruhani təntənəli qarşılama mərasimindən sonra onunla bağlı qapılar arxasında danışıqlar aparıb. Ermənistan mətbuatının yaydığı informasiyaya görə, İran əli müsəlman qanına batan işğalçı ölkəni blokadadan çıxartmaq məqsədiylə bütün gücünü səfərbər etməyi planlaşdırır.

Bununla bağlı azvision.az erməni mediasına istinadən xəbər verir ki, İran hətta Ermənistana ixrac etdiyi təbii qazın həcmini artırmağa da hazırdır. Belə ki, Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bu barədə açıqlama verən Həsən Ruhani "Qaz sferasında əməkdaşlıqla bağlı İranın Ermənistana qaz tədarükü həcmini artırmağa hazır olduğunu ifadə etdik. Biz həmçinin Gürcüstana qaz ixracı üzrə üçtərəfli formatda, eləcə də enerji sahəsində Rusiya ilə birgə dördtərəfli formatda əməkdaşlığa da hazırıq", deyə bildirib. Paşinyan isə öz növbəsində, İran-Ermənistan münasibətlərinin müsbət məcrada inkişaf etdiyini qeyd edib: "İran bölgədə Ermənistanı dəstəkləyən ölkələrdən biridir, bu da sirr deyil. İki ölkə arasındakı münasibətlər əsasən regional mənfəətlər üzərində qurulub, bunu unutmamaq lazımdır".

Yeri gəlmişkən, onu da bildirək ki, İranda rəsmi səfərdə olan Ermənistan baş naziri Tehranın "Ararat" klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə "Qarabağ Ermənistanındır və Son" sözləri yazılmışdı. Təbii ki, bu da öz növbəsində, həm Şimali, həm də Cənubi Azərbaycanda kəskin etirazla qarşılanıb. Məhz buna görə də sosial şəbəkələrdə İran və Ermənistana qarşı etirazlar getdikcə yüksəlir, şəhərlərdə isə Nikol Paşinyanın İrana rəsmi səfərini pisləyən bannerlər nümayiş etdirilir. Martın 1-də isə Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın "Traxtur" və İsfahanın "Sepahan" futbol komandaları arasındakı oyun zamanı İran və Ermənistanın Azərbaycana qarşı məqsədyönlü tədbirlərinə cavab olaraq Dağlıq Qarabağa dəstək nümayişi keçirilib. Belə ki, təxminən 50 min "Traxtur" azarkeşi oyun boyu "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirərək Azərbaycan torpaqlarının işğalçılardan azad olunmasını tələb ediblər. Həmçinin, stadionda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalandırılıb.

"Hazırda əsasən Yaxın Şərq ölkələrində terrorun mərkəzi məhz İran hesab olunur"

Картинки по запросу Ənvər Börüsoy

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Qafqaz üzrə araşdırmaçı Ənvər Börüsoy isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Avropa Birliyi və ABŞ-ın birgə fəaliyyəti nəticəsində hazırda anti-İran koalisiyası formalaşmağa başlayıb: "Bu gün İranın apardığı siyasət yerli hakimiyyətlərə, xalqlara problem yaratdığı üçün həmin xalqlar və dövlətlər zəruri addımlar atmağa başlayıblar. Belə ki, Türkiyədə, Azərbaycanda, İraqda, qismən Suriyada, Pakistanda, Küveytdə, Bəhreyndə və digər ölkələrdə artıq anti-İran koalisiyasi yeni prosesə cəlb olunub. Qeyd edim ki, hazırda əsasən Yaxın Şərq ölkələrində terrorun mərkəzi məhz İran hesab olunur. Belə ki, əgər əvvəllər sünni məzhəbli xalqların və ölkələrin də içində böyük bir terror sistemi vardısa və onun başında yalnız ərəb faktoru dururdusa, indi artıq Suriyanın, xüsusilə də İraqın simasında bu sistem dağılıb. Artıq İraqda ilk dəfə olaraq demokratik təsisatlar formalaşmağa başlayıb. Parlament seçkiləri, məzhəblərarası dialoqların yaradılması, regional idarəetmə sisteminin formalaşdırılması bunun bariz sübutudur. Yəni İraq, Misir, Tunis, Əlcəzair modeli Yaxın Şərq ölkələrində böyük uğur qazanıb. Ona görə də başda "Taliban" olamaqla sünni məzhəbində olan terror şəbəkələri artıq iflasa uğrayıb. Onların apardıqları terror siyasətləri demək olar ki, artıq gündəmdə deyil. Odur ki, indi Yaxın Şərq ölkələrində, Qafqazda, o cümlədən Orta Asiyada terror yuvası şiə təriqəti adı altında gündəmə gəlməyə başlayıb. Bunun isə mərkəzi, beyni məhz İrandır. Yəni mollalar İslam inqilabının ixracı adı altında bu sistemi yaradıblar".

"Ermənistanda sıxışdırılan "Daşnaqsütyun" partiyasının mərkəzi qərargahı Tehranda formalaşmağa başlayır"

Bu problemin 23 ölkədə xalqların və dövlətlərin aparıcı ünsürünə çevrildiyini vurğulayan Ənvər Börüsoyun sözlərinə görə, Azərbaycan Respublikasında bu problemin həlli istiqamətində bir sıra zəruri addımlar atılır: "Bunları biz gündəlik həyatımızda müşahidə edirik. Buna normal baxmaq lazımdır. Ümumiyyətlə, bu proseslərdə milli həmrəylik ideyasına söykənmiş bir sıra ictimai fikir də formalaşmağa başlayıb. Ermənistana gəlincə, Nikol Paşinyanın iqtidara gəlməsi ilə artıq "Daşnaqsütyun" partiyası bilavasitə Ermənistandan ixrac olundu. Belə ki, son parlament seçkilərində baryeri aşa bilmədiklərinə, vətəndaş cəmiyyəti siyasəti gündəmə gəldiyinə görə, Serj Sarkisyan, Robert Koçaryan, "Daşnaqsütyun", "Hnçak", "Armenakan" və digərlərinin timsalında müharibə cəbhəsi təsisatları artıq Ermənistanda, o cümlədən Cənubi Qafqazda sıxışdırılmaqdadır. İlk dəfə olaraq "Daşnaqsütyun" partiyasının mərkəzi qərargahı Tehranda formalaşmağa başlayır".

"Bu gün Ermənistanın ərzaq bazarındakı ən ucuz məhsullar məhz İrandan gətirilir"

Hazırda İranın ən böyük dayaq nöqtəsinin Livan və Suriyada olduğunu deyən Qafqaz üzrə araşdırmaçı qeyd etdi ki, bu gün Ermənistan Tehranın müəyyən şərtlərinə əməl etmək məcburiyyətində qalıb: "Bunun üçün də Nikol Paşinyan bugünlərdə İrana rəsmi səfər edib. Səfər çərçivəsində o, vəziyyəti yumşaltmaq məqdəsiylə müəyyən addımlar atmağa cəhd edib. Lakin bütün bu addımlar bilavasitə İranın maraqları çərçivəsində ortaya təqdim olunub. Ümumiyyətlə, İran bundan silah kimi istifadə edərək, Ermənistanı anti-İran koalisiyasında ən azından neytral tərəfdaşa çevirməyə çalışır. Əgər İrəvanda anti-İran koalisiyasına dəstək addımları atılarsa, o zaman ortaya Yaxın Şərq ölkələrindəki erməni icmalarının məcburi şəkildə bu siyasətdə Ermənistanla vahid platformadan çıxış etmək icazəsi çıxır. Ona görə də İran bu məsələləri neytrallaşdırmağa çalışır".

İranın Azərbaycan, Gürcüstan və Ermənistanda atdığı addımların bilavasitə rəsmi Tehranın dövlət siyasətinin tərkib hissəsi kimi ali məktəblərdə tədris olunduğunu bildirən Ənvər Börüsoy hesab edir ki, İranda fars və şiəlik ideologiyası adı altında yeni psixoloji sistem qurulur: "İranın bütün universitetlərində tədris olunan proqramlarda Cənubi Qafqazın qədim İran torpaqları olmasına dair ifadələr yer alır. Bununla yanaşı, qədim İran torpaqları adı altında həm də ortaya şiə təlimi, fars dövlət modeli qoyurlar. Belə ki, tarixdə bu ərazidə mövcud olan 25 türk dövlətinin adını deyil, yalnız Sasani və Əhəməni kimi qısaömürlü fars dövlətlərinin adını hallandırırlar. Yəni fars və şiəlik ideologiyası adı altında yeni bir psixoloji sistem qururlar. İran-Ermənistan münasibətlərinə gəlincə, bu gün Ermənistanın ərzaq bazarındakı ən ucuz məhsullar məhz İrandan gətirilir. Onu da nəzərinizə çatdırım ki, Qarabağdakı hərbi xuntanın çökməsi son nəticədə İrandakı molla rejiminin iflasına gətirib çaxaracaq. Çünki Dağlıq Qarabağın ermənilərin əlində saxlanılması, idarəolunmaz ərazi kimi ortada qalması İranın maraqlarına cavab verir. Belə ki, əgər əvvəllər bu kartdan Rusiya istifadə edirdisə, artıq İranın əlinə keçib. İran çox gözəl anlayır ki, Qarabağ işğaldan azad olunarsa, bütün məcburi köçkünlər öz torpaqlarına qayıdarsa, bu, Azərbaycanın daha da güclənməsinə gətirib çıxaracaq. Azərbaycanın güclənməsi isə İranın maraqlarına uyğun deyil. Çünki Azərbaycan gücləndikdə Tehran rejimi çökə bilər. Ümumiyyətlə, Cənubi Azərbaycanda, İranın daxilində yeni nəsil artıq İran-İslam teokratik rejiminə etimad göstərmir. Bu səbəbdən də İranda molla rejiminə qarşı güclü hərəkat formalaşmaqdadır".

"Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik"

Картинки по запросу Elxan Şahinoğlu

Bu arada, "İranda "Qarabağ Ermənistanındır. Son" şüarının səslənməsinə şərait yaradılırsa, Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə "Qarabağ Azərbaycanındır. Vəssəlam" şüarının da səslənməsinə böyük ehtiyac var" deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə sözügedən mövzuya dair bildirib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır deyil: "Nikol Paşinyanın Tehranda "Ararat" idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışının mətni ilə tanış oldum. Yenə deyib ki, "mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə ilə danışıqlar aparmalıdır". Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: "Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə "hansı güzəştlərə hazırsınız" sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin". Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: "Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini (oxu: həmçinin İran ermənilərini) görəcək". Göründüyü kimi, bu adam danışıqlara hazır deyil, az qala qışqırır ki, "məndən əl çəkin". Belə isə mənasız danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik. O bizi dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları "müdafiə" edəcəyi ilə qorxutmağa çalışır. Halbuki, mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Köçəryan bu yaxınlarda dedi ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi".

"Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi..."

İran prezidenti Həsən Ruhaninin Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirdiyini xatırladan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, bunu illərdir deyirlər, lakin ortada nəticə yoxdur: "Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Bu gözlənilən idi. İkincisi, Tehranda mövcud olan "Ararat" idman-sağlamlıq mərkəzində "Dağlıq Qarabağ Respublikasının bayrağı" altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, "işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

"Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə edirik, ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi"

Paşinyanın Tehranda ermənilərlə görüşündə separatçıların bayrağı altında "Qarabağ Ermənistanındır. Son" şüarının asılmasının böyük narazılığımıza səbəb olduğunu vurğulayan Elxan Şahinoğlunun fikrincə, biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl səfirlik divarında "Qarabağ Azərbaycanındır" yazılarının, o cümlədən İran XİN-nin mətbuat katibinin sözləri erməni cəmiyyətinin diqqətinə çatdırılardı: "İranda yaşayan azərbaycanlıların cavabı gecikmədi. 100 minlik Təbriz stadionunda "Qarabağ Azərbaycanındır" şüarı səsləndi, elə həmin stadionda Ermənistanın bayrağı yandırıldı və bütün bu görüntülər yayıldı. Üstəgəl, Ermənilərin Təbrizdəki Mərkəzində və Tehrandakı səfirliyinin divarında "Qarabağ Azərbaycanındır" yazıları yapışdırıldı. Bu, İrandakı azərbaycanlıların ermənilərin zaldakı təxribatına miqyasca daha böyük cavabı idi. Ancaq indi gəlin görək, bunların hansı biri erməni saytlarında yayınlandı? Hansısa erməni dedimi ki, İran rejimi nədən ermənilərə və Ermənistana qarşı səsləndirilən şüarlara səssiz qaldı? İran XİN-nin mətbuat katibi Bəhram Kəsəmi də Tehranda zaldakı hadisəni faktiki yerli ermənilərin təxribatı kimi qiymətləndirdi. Ancaq erməni saytları mətbuat katibinin çıxışının həmin hissəsini kəsərək onun sadəcə, "biz danışıqların sülh yolu ilə həllinə tərəfdarıq" cümləsini yayınladı. Biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl səfirlik divarında "Qarabağ Azərbaycanındır" yazıları, o cümlədən İran XİN-nin mətbuat katibinin sözləri erməni cəmiyyətinin diqqətinə çatdırılardı və onlar bunu geniş şəkildə müzakirə edərdilər. Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə edirik, ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi. Çıxarmırsa deməli, informasiya savaşında ermənilərdən öndə olduğumuzu iddia edə bilmərik. Bəziləri sual edə bilər ki, axı bu məlumatları erməni cəmiyyətinin müzakirəsinə necə çıxara bilərik ki, mediaları bu haqda heç nə yazmadı". Politoloqun sözlərinə görə, informasiya müharibəsinin özəlliyi bundadır ki, düşmənin istəmədiyi informasiyanı onun məkanına ötürməyi bacarırsan və onu bu informasiyanı müzakirəyə məcbur edirsən: "Bunun üçün sosial şəbəkələri fəallaşdırırsan, həmin xəbəri xarici dillərdə yayırsan, üçüncü dövlətlərin mətbuatına yol tapmasını təmin edirsən. Məsələn, ermənilər də bizim kimi Rusiya mətbuatını diqqətlə oxuyurlar. Rusiyanın tanınmış qəzetlərinin birində İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazına dair bircə sanballı yazı yayınlansaydı həmin yazı erməni mətbuatına da yol tapacaqdı".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA