"Şirin dayı dedi ki, bezmişəm" - Müdirinin otağına qumbara atan şəxsin cinayət işi - TƏFƏRRÜAT

"Şirin dayı dedi ki, bezmişəm" - Müdirinin otağına qumbara atan şəxsin cinayət işi - TƏFƏRRÜAT

Müdirini öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında şahidlər dindirilib. Şahid Ziya Məmmədov ifadə verən zaman deyib ki, "Azkompozit” MMC şirkətində mütəxəssis işləyir.

Hadisə günü baş verənlərdən danışan Ziya Məmmədov deyib ki, işdə olan zaman müdirləri Rəsul Baxşəliyevin köməkçisinin qışqırdığını eşidib: "Aynur xanım qışqıranda biz otağa tərəf qaçdıq. Otağa çatanda Rəsul müəllimlə Şirin dayı yerdə idi. Rəsul müəllim Şirin dayının bir əlindən tutmuşdu. Digər əlini də dizinin altına qoymuşdu. Biz onları sakitləşdirməyə çalışdıq. Həmin vaxt qumbara ayağımın arasından keçdi. Sonra mühafizəçi Rəşad da gəldi. Rəşad Şirin müəllimi apardı. Biz də Rəsul müəllimin yanında qaldıq".

Ziya Məmmədov qumbaranı ayağı ilə vurduğunu da söyləyib. Qeyd edib ki, qumbara açıq vəziyyətdə olub və qaz iyinə bənzər iy də hiss edib. Hakimin suallarını cavablandıran Ziya Məmmədov bildirib ki, həmin ərəfədə Şirin Astanovdan başqa 5 nəfər də ixtisarla işdən çıxarılıb. Amma onlardan heç biri işə bərpa olunmaqla bağlı nə müraciət ediblər, nə də problem yaşanıb.

Ziya Məmmədov əlavə edib ki, hadisədən dərhal sonra şirkətə polis əməkdaşları gəlib. Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarını dəvət ediblər. Onlar qumbaranı ərazidən uzaqlaşdırıblar.

Məhkəmə iclasında zərərçəkmiş Rəsul Baxşəliyevin köməkçisi Aynur Quliyeva da ifadə verib. Şahid deyib ki, hadisə günü Şirin Astanov şirkətə gələrək Rəsul Baxşəliyevlə görüşmək istəyib: "Dedi ki, işlə bağlı görüşmək istəyir. Mən də Rəsul müəllimə dedim. Rəsul müəllim dedi ki, əgər işlə bağlı sualı varsa, aşağı mərtəbədəki kadrlar şöbəsinə getsin. Mən də bunu Şirin dayıya dedim. Şirin dayı gedəndən bir neçə dəqiqə sonra qayıtdı. Yenə də Rəsul müəllimlə görüşmək istədiyini dedi. Məni itələyib otağa keçdi. Arxadan da qapını bağladı. Mən də qışqırdım, özümü itirdim. Ziya və digər işçilər gəldi. Biz otağa keçəndə Şirin dayı yerdə idi. Rəsul müəllim onun əllərindən turmuşdu".

Suallara cavab verən Aynur Quliyeva deyib ki, müdiri ilə Şirin Astanovun münasibətləri yaxşı olub. A.Quliyeva qumbaranı görmədiyini deyib. O da qaz iyi hiss etdiyini deyib.

Prosesin davamında şirkətdə mühafizəçi işləyən Rəşad İbadov da dindirilib. Rəşad da eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Şirin Astanovu müdirin otağından çıxardıqdan sonra çıxışda olan mühafizə otağına aparıb: "Şirin dayını yolda aparanda soruşdum ki, bu nə məsələdir? Dedi ki, bezmişdim. Mənə dedi ki, qumbara partlayan deyil, qorxutmaq üçün atıb. Mən onu digər mühafizəçinin yanında qoyub geri qayıtdım".

Şirin Astanov isə əlavə edib ki, həmin vaxt mühafizəçilər onu döyüb. Rəşad İbadov isə buna etirazını bildirib:"Allahımıza and olsun ki, Şirin dayıya əl vurmamışam. Balamın canı ona bir söz də deməmişəm. Bircə dəfə soruşdum ki, bu nə məsələ idi? Hələ Şirin dayının əl-üzünü şəxsən mən yudum. Sonra da öz postuma qayıtdım. Şirin dayının xətrini hamı çox istəyirdi. Elə indi də çox istəyirik. Hamı ona "Şirin dayı" deyə müraciət edirdi. Hər kəslə də mehriban idi. Belə bir hadisənin necə olduğunu da bilmirəm".

Şahidin dediyinə görə, Şirin Astanov ona oğurluqda suçlandığını da deyib. Xatırladaq ki, hadisə bu ilin martında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib.

Şirkətin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov direktor Rəsul Baxşəliyevin kabinetinə gəlib. Onda əvvəlki işinə bərpa olunmasını tələb edib. Tərəflər arasında mübahisə yaranıb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına atıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA