"İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur" - FAZİL MUSTAFA

  • 2019-02-21 14:49:28
  • |
  • Sosial /

"İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur" - FAZİL MUSTAFA

Hurriyyet.org xəbər verir ki, millət vəkili Fazil Mustafa oxu.az-ın suallarını cavablandırıb:

- Fazil müəllim, “Gənclər siyasəti haqında” qanuna geniş dəyişiklikləri nəzərdə tutan və artıq iki oxunuşdan keçən qanun layihəsində “təhlükəsiz internet” ifadəsi öz əksini tapıb. Burada söhbət nədən gedir?

- Burada, əsasən, hakerlik, internet üzərindən terrorçuluq fəaliyyətinin, bank oğurluğu və başqa fəaliyyətlərin müəyyən dərəcədə məhdudlaşdırılmasından söhbət gedir. Eyni zamanda, şantajla, təhqirlə, başqa məsələlərlə məşğul olmağın qarşısını almaq məqsədilə belə bir məhdudiyyətin qoyulması nəzərdə tutulur. Yəni “təhlükəsiz internet” deyilərkən bu məqamlar əsas götürülür.

Bununla yanaşı, adıçəkilən qanun layihəsində gənclərə internet resurslarına çıxış və ondan istifadə məsələsində daha geniş şəraitin yaradılması nəzərdə tutulur. Bu da normal bilik, düzgün informasiya əldə eləməyə aid məqamlardır.

- Qanunlarla bunların qarşısını tam almaq mümkündürmü və ya mümkün olacaqmı?

- Təbii ki, xeyr. Açıq deyək ki, bizim texniki imkanlarımız o səviyyədə deyil ki, bu məsələlər tam şəkildə öz həllini tapa bilsin. Amma bununla belə, qanunda, ümumilikdə qanunlarda bəlli standartlar var ki, o standartlarda bu məqamlar qeyd olunmalıdır.

Məsələn, bizdə gender bərabərliyi ilə bağlı qanun qəbul olunub. Onunla bağlı Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi xüsusi hesabat verməlidir, həmin hesabatla əlaqədar rəy də parlament tərəfindən verilməlidir. Amma gender bərabərliyi Azərbaycanda mümkündümü? Bu, reallıqda necə tətbiq olunur? Bu suallar hələ də açıq, cavabsız olaraq qalır. Gündə intiharlar, gündə ailə-məişət zorakılıqları... Yəni tətbiqi mümkün olmayan məsələlərdir. Ona görə yuxarıda adıçəkilən məsələ də məhz bu kateqoriyadandır.

Bizim buna, kibertəhlükəsizliyin, internet təhlükəsizliyinin təmin edilməsinə nəzarət imkanımız məhduddur.

- Gender bərabərliyi məsələsindən danışdınız. Artıq neçə illərdir ki, bu məsələ, xüsusilə gənc qızların təhsildən yayındırılması, erkən nikahlara məcbur edilməsi, bunun nəticəsində yaşanan ailə dramları, boşanmalar məsələsi cəmiyyəti ciddi şəkildə narahat etməkdə və sonu gəlməyən, uzun-uzadı müzakirələr getməkdədir.

Bir qisim bu məsələlərdə ailələri, valideynləri, bir qisim təhsil müəssisələrini, cəmiyyəti ittiham edir, bir qisim isə bu məsələlərdən çıxış yolu kimi maarifləndirməni əsas şərt olaraq irəli sürür...

- Burada maarifləndirmənin yolu yoxdur. Təhsil aşağı səviyyədə olanda ailə yüksək səviyyədə ola bilməz. Təhsilli insanlar bir-birinə tolerant, təmkinli, dözümlü yanaşa bilər. Təhsilsiz insanların isə bu yöndə problemləri isə istər-istəməz həmişə olacaq. Ona görə bu kimi məsələlərdə ibtidai zəminə baxmaq lazımdır. Zəmin düzgün deyilsə, sonrakı mərhələdə artıq problemlər qaçılmaz olacaq.

Məsələn, işsizliklə bağlı böyük bir problem var. Faktiki olaraq əhalinin böyük bir qismində gəlir yoxdur. Alver də bilmirlər, ticarət müəssisələri, ev, torpaq, əmlak alqı-satqısı dayanıb. Bunların önünü açmaq lazımdır. İndi qəbula gələn insanların böyük əksəriyyəti məhz işsizliyə görə gəlirlər. Ona görə bu məsələ çözülməsə, boşanmaların da qabağını ala bilməyəcəyik.

Boşanmadan sonra aliment məsələsi gəlir. Aliment niyə ödənmir? Çünki ödəməyə pul yoxdur, çoxları işsizdir. İş, gəlir olanda alimentə pul ödəyir və nəticədə uşaq ayaqda qalır. Yəni bunlar kompleks məsələlərdir.

- Amma hər halda erkən nikahlarda və bunun nəticəsi olaraq yaranan digər problemlərdə ailələrin də məsuliyyət, günah payı var. Çünki bəzən gənc ailələr heç də sosial duruma görə dağılmırlar. Yəni burada düşüncə, zehniyyət məsələləri də böyük rol oynayır.

- Axı ailələrdə nə problem var? Təhsilsiz insanın düşüncəsi necə olmalıdır? Yaxud ailədə xəyanət və başqa məsələlər daha çox mental çağırışlarla olur. Kişilər özləri bildiyini edir, sonra qadınlardan tələb edirlər ki, niyə belə edirsiniz. Qızların, qadınların çox böyük əksəriyyəti iş tapa bilmir. İş tapdığı yerlərdə də elə şərtlər qoyurlar ki, mütləq o şərtlərə uyğun olaraq, başqa yollara üz tutmalıdırlar. Yaxud hansı qadın, gənc qız müdirin əleyhinə işi uda bilər?

Bu mümkündürmü? Mümkün deyilsə, demək, onun çağırışına, tələbinə, nə dedisə, ona tabe olmalıdır. Bu da nəticə etibarilə ailələrin pozulmasına, dağılmasına gətirib çıxarır. Bunlar bir-birilə əlaqəli məsələlər olduğuna görə bunu çözmək, konkret problemin özündən başlamaq yanlışdır. Bunu cəmiyyətin alt qatlarından dəyişmək lazımdır. İşsizlik, müəyyən mənada insanların diskriminasiyası, qabiliyyətə görə müəyyən sahədə iş qura bilməməsi insanlara təsir edir.

Bu baxımdan, hesab edirəm ki, biz problemin özündən yox, onun mənbəyindən başlasaq, yəni bulağın gözünü təmizləmədən bulağın alt qatlarında suyun çirklənməsindən danışsaq, problemin həlli mümkün olmayacaq.

- Belə fikirlər daha çox yer almaqdadır ki, cəzaların sərtləşdirilməsinə ehtiyac var.

- Bilirsiniz, bəziləri üçün onsuz da yaşamaq çox vaxt cəzaya çevrilir. Bu formada yaşamaq, işsiz yaşamaq cəza deyil? İşsiz yaşayandan sonra ailəni yaşatmaq üçün haradansa beş manat oğurlayırsansa, deməli onsuz da o ağır cəzanı keçmisən. Əksinə, yüngül cəzaya doğru gedirsən. Həbsxanada gündə üç dəfə yemək verəcəklər.

Bu, əslində, həmin şəxs üçün bir növ “yüngülləşmə”dir. O yeməyi azadlıqda tapa bilmirsənsə, bu, özü artıq cəzadır. Ona görə insanları bu məsələlərdə bütöv şəkildə qınamaq düzgün deyil. Yəni problem insanla, insanlarla bağlı deyil. Problem insana, insanlara aid olan problemlərin vaxtında çözülməməsi ilə bağlıdır. Bunu çözməyin yolları, əslində, çox çətin deyil. Sadəcə, bu problemlərin üzərinə getmək lazımdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA