"Əkrəm İmamoğlu AKP-ni şoka saldı" - FİRUZƏ HÜSEYN

"Əkrəm İmamoğlu AKP-ni şoka saldı" - FİRUZƏ HÜSEYN

"O, reytinqinin enməməsi üçün İstanbulu köklü şəkildə müsbətə doğru dəyişməli və verdiyi vədlərdən qaçmamalıdır"

"Türkiyədə martın 31-i baş tutan bələdiyyə seçkilərinin nəticələri bəlli səbəblərdən YSK tərəfindən ləğv olunduğuna görə iyunun 23-ü seçkilərin yenidən keçiriləcəyi bildirilmişdi. İyunun 23-ü İstanbulda bələdiyyə seçkiləri ikinci dəfə keçirildi. Fikrimcə, bu seçkilər Türkiyə tarixindəki seçkilərin ən unudulmazı oldu". Hurriyyet.org-un məlumatına görə, bunu siyasi şərhçi Firuzə Hüseyn bildirib.

31 mart seçkilərində cüzi faiz fərqi ilə qalib gələn CHP namizədi Əkrəm İmamoğlunun bu dəfə hakim partiyanı şoka saldığını deyən siyasi şərhçi hesab edir ki, əslində iki namizəd arasında keçirilən debat bu seçkilərin nəticəsindən xəbər vermişdi: "Lakin son anda hər şeyin dəyişmə ehtimalı olduğuna görə nəticələr hamıya maraqlı idi. Binali Yıldırım 23 iyun çıxışı zamanı artıq məğlubiyyəti ilə barışdı və rəqibini qalibiyyəti münasibəti ilə təbrik etdi. İmamoğlu isə yorulmadan ardıcıl yüksək ruhlu cümlələrlə çıxış edərək bir daha Türkiyə əhalisini düzgün seçim etdiyinə əmin etdi. Əslində bu qalibiyyəti təkcə İmamoğlunun qalibiyyəti kimi qələmə vermək yanlış olardı. Bu, həm də Türkiyə demokratiyasının qalibiyyəti idi. Qeyd edim ki, 23 iyun seçkilərində seçicilərin iştirakı 84,5 faiz olub. Bunun olduqca müsbət göstərici olduğu bildirilir. Seçkilərdən sonra YSK başqanı Sadi Güvən öz çıxışında bildirdi ki, etiraz etmə müddəti bitdikdən sonra İmamoğluna İstanbul bələdiyyəsinin başqanlıq mandatı təqdim olunacaq".

Firuzə Hüseynin fikrincə, əldə olunan qələbə son deyil, başlanğıcdır. Onun sözlərinə görə, reytinqinin enməməsi üçün İmamoğlu İstanbulu köklü şəkildə müsbətə doğru dəyişməli və verdiyi vədlərdən qaçmamalıdır: "Bunu irəlidəki aylarda biləcəyik. Ümid edirəm ki, qardaş Türkiyə üçün hər şey gözəl olacaq!"

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA