"Kreml üçün rus etnosentrizmini qorumaq xüsusi əhəmiyyət daşıyır" - POLİTOLOQ

"Kreml üçün rus etnosentrizmini qorumaq xüsusi əhəmiyyət daşıyır" - POLİTOLOQ

“Demoqrafiya faktoru bu gün xüsusi əhəmiyyət daşıyır. Bir çox Qərb-Xristian dövlətlərində təbii artım sürətlə azalır, əvəzində isə müsəlman-şərq dövlətlərində təbii artım artır. Bu, gələcəkdə təbii artımın azaldığı dövlətlərdə işçi qüvvəsi qıtlığına gətirib çıxara və həmin dövlətləri miqrantlardan aslı duruma sala bilər”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Kamran Sultanlı deyib.

“2035-ci ilə qədər isə Rusiya əhalisi 140 milyona qədər azalacaq”

K. Sultanlı qeyd edib ki, hazırda bu cür situasiya Rusiyada baş verməkdədir: “Rusiyada ana etnos hesab edilən rusların təbii artımı sürətlə azalır. Rusiya əhalisi 2018-ci ildə 146 milyon təşkil edib. Bu rəqəm 10 illər əvvəl 150 milyondan çox idi. Rusiya əhalisi 2018-ci ildə 150 min nəfər azalıb. Onlar arasında ruslar çoxluq təşkil edir, əvəzində isə türk-müsəlman mənşəli xalqların təbii artımında kəskin artım var. Bu amil Kremlin siyasətində mühüm amil olan rus etnosentrizminə ciddi təhdiddir.
Rusiyada orta yaş həddi 72,9 yaş təşkil edir. Rusiyada 2100-ci ilə qədər əhaliin 90 milyon intervalından aşağı enəcəyi gözlənilir. 2035-ci ilə qədər isə Rusiya əhalisi 140 milyona qədər azalacaq”.

“Kreml üçün rus etnosentrizmini qorumaq xüsusi əhəmiyyət daşıyır”

“Bütün bunlar Rusiyanın xarici siyasətində hansı addımlara səbəb ola bilər? Rusiya Donetsk, Luqansk, Abxaziya, Osetiya kimi işğal etdiyi ərazilərdən sonra postsovet məkanında digər ölkələrdə rus dilli etnosa pasport paylaya bilər. Putinin Donetsk və Luqanskda insanlara rus pasportunun verilməsi ilə bağlı fərmanı məhz bu demoqrafik böhranın qarşısını almaq üçün atılan addımlardı. Çünki Kreml üçün rus etnosentrizmini qorumaq xüsusi əhəmiyyət daşıyır. Bununla Putin həm də Ukraynanın şərqində əgər münaqişə həll edilsə belə, yumşaq güc əldə etməyə çalışır. Putin həmçinin gələcəkdə Qazaxıstan, Azərbaycan və digər postsovet məkanında yaşayan ruslara vətəndaşlıq verməklə, rusların sayının azalması qarşılığında addımlar ata bilər. Moskva bununla həm də həmin dövlətlərdə yumşaq güc vasitəsilə “demokl qılıncı” kimi təsirini davam etdirə bilər. Hələlik Putin Abxaziya, Osetiya, Donetsk, Luqanskda vətəndaşlıq verilməsi proseduruna başlayıb. Dnestryanın əhalisinə də yaxında vətəndaşlıq verilməsi gözlənilir. Putin Rusiyası həmçinin yeni miqrant axınını qəbul etməklə bağlı lahiyə üzərində çalışır. Bu lahiyəyə əsasən on minlərlə miqranta Rusiya vətəndaşlığı veriləcək”,-deyə politoloq vurğulayıb.

“İqtisadi cəhətdən zəif durumda olan insanlar Rusiya pasportuna meyl edirlər”

K. Sultanlının fikrincə, Rusiya prezidentinin Ukrayna və belaruslulara eyni etnos kimi baxması və Belarusun Rusiyaya birləşdirilməsi fonunda titul kimliyi qorumaq ambisiyası kimi baxmaq olar: “Bu, həm də Putinə hakimiyyətini sürdürməyə və legitim dəstək almağa kömək edə bilər. Putinin postsovet xalqlarına vətəndaşlıq verməsinin kökündə bu amil dayanır. Təbii ki, iqtisadi cəhətdən zəif durumda olan insanlar Rusiya pasportuna meyl edirlər. Bu özünü Donetsk və Luqanskda da göstərir. Moskva tərəfindən gələcəkdə atılacaq bu cür addımlar region dövlətləri üçün yeni təhdidlər formalaşdıra bilər. Rusiya xüsusilə sərhəd məntəqələrində yaşayan insanlara vətəndaşlıq verməklə ciddi problemlərə yol aça bilər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA