"Milli Şuranın apardığı siyasi xəttdə ciddi yanlışlıq var" - KƏRAMƏT SALAH

"Milli Şuranın apardığı siyasi xəttdə ciddi yanlışlıq var" - KƏRAMƏT SALAH

"Bu gün partiyalar elə bir haldadır ki, onların cəmiyyətlə işləmək imkanları tükənib"

"Düşünürəm ki, əgər iqtidarın seçkilərlə bağlı yumşalma planı olarsa, o zaman Azərbaycan cəmiyyəti ona səmimi olan, həqiqəti deyən yeni bloka üstünlük verəcək"

"İqtidar çox götür-qoydan sonra sosial-iqtisadi narazılıqları aradan qaldırıb, gələcək təhlükələri önləmək üçün islahat dediyi prosesə başladı"

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir neçə gün öncə Ümid Partiyasının sədri İqbal Ağazadə və Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salahla görüş keçirib. Həmin görüş zamanı ölkə gündəmini əhatə edən bir sıra məsələlərə dair ictimai-siyasi müzakirələr aparılıb, o cümlədən qısa zamanda ADP, Ümid və Doğru Yol Partiyasının iştirakı ilə müxalifət daxilində yeni siyasi blokun təsis olunacağını bildirib. Odur ki, bugünkü sayımızda Kəramət Salahla sözügedən siyasi blokun fəaliyyəti, müxalifətin parlament seçkilərinə hazırlığı, Qərbin, beynəlxalq təşkilatların müxalifət düşərgəsinə dəstəyinin azalma səbəbləri və digər mövzularla bağlı söhbətləşdik.

"Doğru Yol Partiyası milli görüş xəttini, yəni Azərbaycanın müstəqilliyini, azadlıq və milli dəyərlərini müdafiə edir"

- Kəramət bəy, ilk öncə Doğru Yol Partiyası haqda ətraflı məlumat verərdiniz. Partiyanız hansı siyasi xətt üzrə fəaliyyət göstərir?

- Doğru Yol Partiyası 2013-cü ilin avqust ayında elan olunub. Həmin il biz Milli Azadlıq Hərəkatında iştirak etmiş şəxslərdən, eyni zamanda Azərbaycanın gələcəyinə laqeyd qalmayan gənclərdən ibarət bir çevrə yaradıb, müzakirələrə başladıq. Düşündük ki, Azərbaycanın gələcəyini tariximizdə başlanmış mühüm proseslərin nəticəsi ilə uzlaşdırmaq, tarixi varisliyi qorumaq üçün mütləq bugünkü prosesləri təhlil edib, tarixi bir yolun başlanğıcını qoymalıyıq. Düzdür, 1988-ci ildə Milli Azadlıq Hərəkatının başlanması rus istilasından sonra yarımçıq qalmış bir prosesin davamı olsa da, düşündük ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni bir mərhələnin başlanğıcını qoymaq üçün dəqiq siyasi ideoloji xətt müəyyənləşdirilməlidir. Müzakirələrdən sonra Azərbaycanda liberal, sol, eyni zamanda millətçilik xəttini götürən, lakin təəssüf ki, həmin istiqamətdə getməyən qüvvələrin olduğunu görüb milli görüş xəttinə üstünlük verdik. Qeyd edim ki, Doğru Yol Partiyası ölkədə ilk milli görüş təşkilatıdır. Onu da bildirim ki, 2013-cü il seçkilərində prezidentliyə namizəd olmuş İlyas İsmayılova dəstəyimizi bildirdik. Həmin dövrdən sonra bu və digər formada münasibət bildirmək formasında ölkədə gedən siyasi proseslərdə iştirak etdik. 2015-ci ildə isə parlament seçkilərində iştirak etdik. Təşkilatımızın yeni qurulduğunu və uğrunda mübarizə apardığımız dəyərlərin də yeni olduğunu nəzərə aldıqda, hesab edirəm ki, partiyamız həmin seçkilərdə mühüm nəticə göstərib. Belə ki, rəsmi nəticəyə görə, partiyamız 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən ikinci yer tutmuşdu. Bundan sonra Türkiyəyə səfərimiz oldu. Orada müəyyən təşkilatlarla görüşlərimiz oldu. Milli görüş xəttini daha da mənimsəmək, eyni zamanda bu xəttin Azərbaycanda inkişafı üçün Türkiyədə Nəcməddin Ərbakanın qurduğu Səadət Partiyasında görüşlərimiz oldu.

Nəzərinizə çatdırım ki, Doğru Yol Partiyası milli görüş xəttini, yəni Azərbaycanın müstəqilliyini, azadlıq və milli dəyərlərini müdafiə edir. Milli görüş xətti gücü deyil, haqqı üstün tutan zihniyyətin prinsiplərini müdafiə edən hərəkatdır. Milli görüş xətti 1 milyard 800 milyonluq müsəlmanların yenidən azadlığı və birliyi, öz dövlətlərinə sahib olmaları uğrundakı hərəkatın adıdır.

"Qurmağı qərarlaşdırdığımız siyasi blok demokratiyanın oturuşmasına xidmət edən, ümummilli mənafelərdən, ölkənin milli maraqlarından çıxış edən ittifaq olacaq"

Картинки по запросу yeni siyasi blok yaranır

- ADP və Ümid Partiyası ilə birlikdə yeni siyasi blok yaratmaq barədə qərar qəbul etmisiniz. Bu blokun yaradılması hansı zərurətdən doğdu?

- Hesab edirəm ki, bu gün bizim qurmağı qərarlaşdırdığımız siyasi blok Azərbaycanda demokratiyanın oturuşmasına xidmət edən, ümummilli mənafelərdən, ölkənin milli maraqlarından çıxış edən ittifaq olacaq. Müxtəlif dönəmlərdə Qafqazda gedən proseslərdə aktiv iştirak edən, siyasi qərarların istiqamətini müəyyənləşdirən qüvvələr olub. Odur ki, biz bu ittifaqa qoşulmaqla Azərbaycanda kökü keçmişimizə söykənən bir hərəkatın irəli çıxmasında maraqlıyıq. Prosesləri təhlil etdikdən, ölçüb-biçdikdən sonra belə qərara gəldik ki, ADP, Ümid və Doğru Yol Partiyasının iştirakı ilə qurulan siyasi blok ümummilli maraqlara cavab verə bilər. Bildiyiniz kimi, bu gün müxalifət düşərgəsində Milli Şura və Azərbaycan Xalq Hərəkatı fəaliyyət göstərir. Düşünürəm ki, belə bir məqamda yeni ittifaqın ortaya çıxması müəyyən boşluğu dolduracaq. Çünki Milli Şura və Azərbaycan Xalq Hərəkatının siyasi xətti, mesajları cəmiyyətə kifayət qədər aydındır. Lakin hazırda Azərbaycanın gələcəyinə köklü şəkildə yanaşan, gerçəklikləri xalqa soyuq təhlillərlə göstərən bir bloka ehtiyac var. Hesab edirəm ki, yeni yaranan blok cəmiyyətimizdə həmin boşluğu doldurmağa müvəffəq olacaq. Qeyd edim ki, Milli Şura və Azərbaycan Xalq Hərəkatının fəaliyyəti, onların qazandığı dəstək xalqın onlara reaksiyasını göstərdi. Yəni xalq daha mühüm, prosesləri obyektiv əks etdirən fəaliyyətin olmasını gözləyir. Ümid edirəm ki, yeni qurulan hərəkat cəmiyyətimizi, dövlətimizi gözlənilən potensial təhlükələrdən xəbərdar etməklə prosesi aparacaq. Düşünürəm ki, bu yetərincə uğurlu bir blok olacaq və siyasi tarixdə müəyyən izləri ilə yadda qalacaq.

"Müzakirələrimiz nəticəsində belə qənaətə gəldik ki, blokun adı milli güc mərkəzi olsa daha yaxşı olar"

- Yeni yaradılacaq blokun adı ilə bağlı müzakirələr aparılıbmı? Gələcəkdə bu ittifaqda daha hansısa siyasi təşkilatın qoşulma ehtimalı varmı?

- Məndə olan məlumata görə, yeni yaranan bloka əlavə təşkilatların qoşulması istiqamətində danışıqlar gedir. Hesab edirəm ki, müəyyən təşkilatların bu blokda fəaliyyəti həm onların, həm də blokun maraqlarına uyğun ola bilər. Mümkün deyil ki, digər təşkilatlar gedən proseslərdən kənarda qalsınlar. Blokun adına gəlincə, doğrusu hələlik bununla bağlı konkret nəticə yoxdur. Amma Doğru Yol Partiyası olaraq bizim yeni blokun adı ilə bağlı təkliflərimiz olacaq.

- Siz yeni yaranan siyasi bloku hansı adda görürsünüz?

- Düşünürəm ki, blokun adı təsadüfi olmamalıdır. Yəni hardasa müəyyən bir prosesin adını özündə əks etdirməlidir. Eyni zamanda, blokun adı cəmiyyətə və Azərbaycanda marağı olan güclərə mesaj xarakterli olmalıdır. Biz bununla bağlı partiyanın təşkilat komitəsində də müzakirələr aparmışıq. Bu gün Azərbaycana yönələn təhdidləri, böyük güclərin Cənubi Qafqazda apardıqları prosesləri, eyni zamanda türklərin bu regionda dominant xalq olduğunu, Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdə əhəmiyyətli dövlət olduğunu nəzərə aldıqda, düşünürəm ki, burda xalqın proseslərə münasibəti adekvat olmalıdır. Xalqın iradəsini isə cəmiyyətdə siyasi təşkilatlar əks etdirir. Odur ki, biz bloku formalaşdırarkən bütün bu kriteriyaları nəzərə almalıyıq. Müzakirələrimiz nəticəsində belə qənaətə gəldik ki, blokun adı milli güc mərkəzi olsa daha yaxşı olar.

"Əgər ittifaqı siyasi platforma, ideoloji baxımdan bir-birinə yaxın olan təşkilatlar qurursa, bu, ittifaqın ömrünün uzun olmasına təsir edən əsas amillərdəndir"

- Kəramət bəy, yeni yaranan ittifaq seçki bloku olaraq qarşıdan gələn parlament seçkilərinə hesablanıb, yoxsa ondan sonra da fəaliyyətini davam etdirəcəkmi?

- Mənə elə gəlir ki, hələ bu mərhələyə qədər bir neçə mərhələ var ki, onlar haqqında da düşünməliyik. Birincisi, blokun təşkilatlanıb ortaya çıxmasıdır ki, burda hansı qüvvələrin bir araya gələcəyinə diqqət etməliyik. Təbii ki, əgər ittifaqı siyasi platforma, ideoloji baxımdan bir-birinə yaxın olan təşkilatlar qurursa, bu, ittifaqın ömrünün uzun olmasına təsir edən əsas amillərdəndir. Eyni zamanda, siyasi blok olaraq fəaliyyətimizin nə dərəcədə faydalı olacağı, təşkilatları nə dərəcədə qane edəcəyi də xüsusi önəm daşıyır. İnşallah əgər birgə əməkdaşlıq uğurla davam edərsə, o zaman ittifaqın ömrü uzun olacaq. Hesab edirəm ki, bu gün yeni yaranan bloka qoşulmayan və ya tərəddüd edən təşkilatlar seçki bloku formasında ortaya çıxdığı halda, çöx güman ki, bir də götür-qoy edəcəklər. Seçkidən sonrakı mərhələyə gəlincə, bu, seçkilərdə əldə olunan uğurlar və effektiv fəaliyyətdən asılıdır.

- Sizcə, seçkilərdə blok halında qələbə qazanmaq daha asandır?

- Düzünü desəm, bu, bir qədər mübahisəli məsələdir. Əvvəla, hesab edirəm ki, Azərbaycanda keçirilən seçkilər idarə olunan seçkilərdir. Yəni seçki prosesi iqtidarda olan Yeni Azərbaycan Partiyasının nəzarəti ilə gedir. Odur ki, seçkilərdə tək və ya blok halında iştirak etməyin müsbət nəticə əldə etməyə elə də təsiri yoxdur. Lakin bütövlükdə götürdükdə insanların seçki prosesinə cəlb olunmasını, kütləviliyi təmin etmək üçün blok halında iştirak daha effektivdir. Düşünürəm ki, əgər seçkilər yarım-nəzarət formasında gedərsə, yəni iqtidarın seçkilərlə bağlı yumşalma planı olarsa, o zaman Azərbaycan cəmiyyəti ona səmimi olan, həqiqəti deyən yeni bloka üstünlük verəcək.

"Azərbaycanda siyasi fəallığın aşağı olmasında müxalifətlə yanaşı, iqtidarın da böyül yanlış addımları var"

- Necə düşünürsünüz, sadə vətəndaşın siyasətə, seçki prosesinə marağının artması üçün nələr edilməlidir?

- Hesab edirəm ki, Azərbaycanda siyasi fəallığın aşağı olmasında müxalifətlə yanaşı, iqtidarın da böyül yanlış addımları var. Ümumiyyətlə, həm müxalifət, həm də iqtidar ölkədə siyasi temperaturun normada saxlanılmasında maraqlı olmalıdır. Çünki ölkəmiz Qarabağ kimi problemlə üz-üzədir və hər an böyük güclərin bununla bağlı qəti qərarı ortaya çıxa bilər. Təəssüf edirəm ki, bir qrup siyasi fəallığın artmasında maraqlı görünürsə, digərləri süni formada həmin fəallığı aradan qaldırır. Lakin bu proses nəticə verməyəcək. Çünki cəmiyyətimizdə problemlər çoxdur və həll olunmayan problemlər getdikcə daha da dərinləşir. Partiyaların əsas fəaliyyəti təşkilatlanmaq, cəmiyyətə öz platformalarını çatdırmaq və hakimiyyətə gəlmək uğrundadırsa, o zaman onlar mütləq cəmiyyətlə işləməlidir. Lakin bu gün partiyalar elə bir haldadır ki, onların cəmiyyətlə işləmək imkanları tükənib. Məsələn, partiya sədrlərinin, siyasi fəalların bir araya gəlib hansısa bölgələrdə konfranslar keçirmələri problem halındadır. Düşünürəm ki, bu problemlər, iqtidarla müxalifət arasındakı kəskin qütbləşmə aradan qalxdıqca, bu, siyasi fəallığa öz müsbət təsirini göstərəcək. Bundan sonra isə Azərbaycanda siyasi partiyaların, eyni zamanda siyasi şüurun inkişafı yeni bir mərhələyə keçəcək. Açıq demək lazımdır ki, bu günə qədər Azərbaycanda siyasi şərtləri daxildə müəyyən qruplar, xaricdə isə müəyyən təşkilatlar diqtə edirdilər. Lakin biz cəmiyyət olaraq qənaətə gəlsək ki, Azərbaycan dövlətinin taleyi xalqımızdan asılı olmalıdır, o zaman kənardan asılılıqlar azaldıqca, daxildə etimad daha da böyüyəcək. Təəssüf edirəm ki, buz gün ölkədə milli şüura sahib qüvvələr çox zəif görünürlər. Bu da böyük dövlətlərin bölgədə apardığı prosesin nəticəsi olaraq görünür. Yəni bu, heç də Azərbaycan xalqının öz taleyinə biganəliyi deyil. Bölgədə marağı olan qüvvələr fəallaşdıqca mənəvi, siyasi himayəsində olan təşkilatları da fəallaşdırırlar. İnşallah biz ölkədə milli ideologiya, Azərbaycanın gələcəyi haqqında düşünən insanlar olaraq cəmiyyəti də fəallaşdıracağıq. Düşünürəm ki, proses təbii getdikcə cəmiyyətin münasibəti də adekvat olacaq.

"Milli Şuranın keçirdiyi mitinqlərdə Avropa Birliyinin bayrağının qaldırılması məni narahat edir"

Похожее изображение

- Yəqin məlumunuzdur ki, bu il ərzində Milli Şura və Qarabağ Komitəsi mitinq keçirmək üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Hər dəfəsində isə onlara "yox" cavabı verilib. Lakin buna rəğmən, onlar yenidən mitinqlə bağlı qərar qəbul edirlər. Sizcə, bu cür hallar insanların mitinqə olan inamını azaltmırmı?

- Fikrimcə, Milli Şuranın maraqlarından götürdükdə, kütləvi aksiyalarla bağlı apardığı taktika normaldır. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə vermənəsi uyğun cavab deyil. Biz əgər dövlətimizin güclü olduğunu, Azərbaycanda güclü siyasətin və iqtisadiyyatın olduğunu düşünürüksə, cəmiyyətin bir hissəsi olan hansısa müxalifət təşkilatlarının mitinqlər keçirməsinə, sərbəst formada fikirlərini ifadə etmələrinə normal baxmalıyıq. Lakin bununla yanaşı, onu da qeyd etməliyəm ki, Milli Şuranın keçirdiyi mitinqlərdə Avropa Birliyinin bayrağının qaldırılması məni narahat edir. Hesab edirəm ki, əgər mitinq sosial-iqtisadi tələblərlə keçirilirsə, o zaman Avropa Birliyinin bayrağının ortaya çıxması hansısa bir xəttin olmasından xəbər verir. Təbii ki, Milli Şuranın sosial-iqtisadi tələblərlə mitinq keçirməsi normaldır. Amma onların apardığı xəttdə ciddi yanlışlıq var. Yaxşı olardı ki, Azərbaycandakı təşkilatlar, partiyalar, siyasətçilər öz fəaliyyətlərini ölkənin gələcək maraqlarına uyğun qurardılar.

- Sizcə, iqtidarın həyata keçirdiyi islahatlar nəyə hesablanıb? Necə düşünürsünüz, bütün bunlar Qərbin, beynəlxalq təşkilatların təzyiqlərinin azaldılması üçün atılıbmı?

- Hesab edirəm ki, biz daxildə baş verən prosesləri xarici amillərlə də əlaqələndirməyi bacarmalıyıq. Çünki xarici təsirlər artdıqca təkcə müxalifət fəallaşmır. Eyni zamanda, iqtidar çox gözəl bilir ki, xarici təsirlər onun daxilində də müəyyən rol oynayır. Bilirsiniz, Azərbaycan çox mürəkkəb dövrünü yaşayır. Bu dönəmdə Azərbaycanı sevən, xalqın maraqlarını əsas götürən bütün qüvvələr ayıq-sayıq olmalıdır. Düşünürəm ki, iqtidar çox götür-qoydan sonra sosial-iqtisadi narazılıqları aradan qaldırıb gələcək təhlükələri önləmək üçün islahat dediyi prosesə başladı. Prosesləri təhlil etdikdə bu islahatların nədən məhz indi həyata keçirildiyi aydın olacaq. Belə ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə yeni saziş imzalamaq ərəfəsindədir. O cümlədən, Avropada fəaliyyət göstərən etirazçı qrupların bir qədər yumşalması Avropa-Azərbaycan münasibətləri kontekstində bir prosesin getdiyini göstərir. Hesab edirəm ki, iqtidarın islahatları məhz buna hesablanıb.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA