"MƏNİ İSTEFA ƏRİZƏSİ YAZMAĞA MƏCBUR ETDİLƏR"

"MƏNİ İSTEFA ƏRİZƏSİ YAZMAĞA MƏCBUR ETDİLƏR"

İşsiz qalan məcburi köçkün Mehdi Həmidov “Azərbaycan Dəmir Yolları” QSC-nin departament rəhbərindən şikayətçidir

Elyar Muradov: “Əgər onu nəyəsə məcbur etmişiksə, məhkəməyə versin”

“Mən ömrümün 20 ildən çoxunu bu işə, Azərbaycan dəmir yolu sahəsinə həsr eləmişəm. Qatarlarda, uzaq şəhərlərə yollarda sərnişinlərə xidmət eləmişəm. Sonda da heç bir səbəb olmadan işdən atılmışam”.

Bu sözləri Hurriyyet.org-a müraciətində Cəbrayıl rayonundan olan məcburi köçkün Həmidov Mehdi Hüseyn oğlu deyir. O, 1992-ci ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin deposunda bələdçi işləyib. Amma sonra 22 il çalışdığı işindəki çatışmazlıqları, nöqsanları dilə gətirdiyi üçün tutduğu işdən uzaqlaşdırılıb: “Bir neçə il qabaq “Azərbaycan Dəmir Yolu” deposunda çalışan 170 bələdçi bir araya gəlib “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Birliyinə, bizə qarşı olan haqsızlıqlara etiraz əlaməti olaraq, haqlarımızın qorunması haqda şikayətə başladıq. Etiraz aksiyası keçirdik. Mən bu aksiyaya rəhbərlik edənlərdən biri idim deyə məni gözümçıxdıya saldılar”.

“Həkim sənəd verdi ki, sağlamsan, amma 1 həftədən sonra yazdığı təkzib olundu”

Şikayətçi deyir ki, onu əlində illər əvvəl yaranan yaranı bəhanə edib işindən kənarlaşdırıblar: “Mənim əlimdə illər əvvəl yaranmış yara var, keçici olmayan “psoriaz”. Mən 22 il əlim bu vəziyyətdə işləmişəm. Bu illər ərzində nə bir sərnişindən narazılıq, şikayət eşitməmişəm. Hər 6 aydan bir “Azərbaycan Dəmir Yolları” Xəstəxanasının dəri-zöhrəvi şöbəsinin həkimləri tərəfindən müayinə olunmuşam. 3 ildən birsə ümumi komissiyadan keçmişəm. Hər dəfə də həkimlər sənəddə “işə yararlı” olduğumu qeyd ediblər. Bir dəfə də olsa, müayinədə problem olmayıb. Amma mən etiraz edəndən sonra səhhətimdə “problem tapıldı””.

Mehdi Hüseynov deyir ki, onun “işə yararsız olması” sağlamlıq haqda sənəd aldıqdan bir həftə sonra tapılıb: “Ən qəribəsi odur ki, mən həkim müayinəsindən keçdim. Sağlam olmağım haqda sənəd aldım, ondan sonra təkrar müayinəyə məcbur edildim və işə yararsız sayıldım. Bu necə ola bilər? Bəyəm, onlar bu 22 ildə görmürdülər ki, mənim əlimdə yara var. Mən şikayət edən kimi xəstə olduğum yadlarına düşdü? Təbii ki, həkimə təzyiq göstəriblər ki, mənim sağlamlığımda “əmma” tapsın”.

“Məni istefa ərizəsi yazmağa məcbur elədilər”

“Biz- bələdçilərin hüquqlarının pozulduğu, ezamiyyət pullarımızı ödəmədikləri üçün etiraz edənlərin hərəsinə bir cür “torba tikdilər”” deyən M.Hüseynov, daha sonra çalışdığı gözətçi vəzifəsindən də ciddi səbəb olmadan uzaqlaşdırıldığını iddia edir: “Bələdçi kimi çalışdığım işə qaytarılmaq üçün çox mübarizə apardım. Amm gördüm, daha onlara gücüm çatmır, mənası yoxdur. Ona görə də gözətçiliyə keçməyə razılaşdım.

Amma orda da məni rahat qoymadılar. Anbarın həyətinə atılan yararsız döşəyə görə, məni ləkələdilər. Bir nəfəri öyrətdilər ki, istifadədən çıxarılan döşəkləri məndən istəsin. Mən də istifadəyə yararsız olduğu üçün onları verdim. Sonradan başa düşdüm ki, bu, mənim oradan uzaqlaşdırılmağım üçün quraşdırılmış oyun imiş. Çünki həmin istifadəyə yararsız döşəyə görə onlar məni polisə verdilər. Axırda da dedilər ki, işdən çıxarılmaq haqda ərizə yazmasan, səni “anbardan mal oğurlamaqda” suçlayıb tutduracağıq. Mən də məcbur olub ərizə yazdım. İndi də işsiz qalmışam”.

M.Hüseynov deyir ki, yalnız o deyil, həmkarlarından bir nəfər də beləcə şərlənərək işindən uzaqlaşdırılıb: “Bu qurama bir şey idi. Çünki polis əməkdaşları da gördülər ki, orada cinayət tərkibli bir şey yoxdur. Araşdırmada da göründü ki, istifadəyə yararsız döşəyi vermişəm”.

Şikayətçinin daha bir narazılığı onun zəhmət haqqının tam ödənilməməsiylə bağlıdır: “Mən 2010-cu ildə əmrlə bələdçiliklə yanaşı, qatar rəisi vəzifəsini də yerinə yetirmişəm. Qanunla hər iki işimə görə əmək haqqı alamalıydım. Amma ödəmədilər. Mən də Sərnişindaşıma Deposuna müraciət elədim ki, əmək haqqımı ödəyin. Mənə dedilər ki, bu, əmrdə göstərilməyib, ona görə də ödəyə bilmərik. Əgər əmək haqqı ödənilməyəcəkdisə, niyə əvvəldən mənə bu haqda heç nə deyilmirdi? Yaxud sənəddə yazlardı ki, bu işin dəyəri ödənməyəcək, mən də işləməzdim. 8 ay bu vəzifəni yerinə yetirmişəm. Bu işə görə mənə ən azı 300-400 manat ödənməliydi. Amma bir qəpik də almamışam”.

““Azərbaycan Dəmir Yolu” QSC-nin qabağı “Brest qalası”na çevrilib, yaxınlaşan kimi polis çağırırlar...”

“Mənim “Azərbaycan Dəmir Yolları” Sərnişin Daşımaları Birliyindən tələbim, təvəqqəm odur ki, əmək haqqımı ödəsinlər, işimə bərpa etsinlər. Mən işsizəm, ailəm mənim gətirəcəyim əmək haqqı ilə dolanır. Üstəlik, onkoloji xəstə olan bacıma da mən baxıram” deyən Mehdi Həmidov məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri, deputat Cavid Qurbanovla görüşmək istəyir: “Cavid müəllim mənə bir neçə dəfə haqqımı almağa kömək edib. Hətta bir dəfə məni ezamiyyətə göndərdi. Rusiya ərazisində bir sutkaya görə 150 dollar, Ukrayna ərazisində isə 160 dollar verilir. Amma qayıdanda mənim ezamiyyət xərcim tam ödənmədi. Yalnız Cavid müəllim işə müdaxilə edəndən sonra ezamiyyət xərclərim tam hesablanıb verildi. O zamandan sonra mən Cavid Qurbanovla görüşə, qəbuluna düşə bilmirəm. İstəyirəm görüşüb deyim ki, siz mənim məcburi köçkün kimi başqa işlə təmin olunacağımı demişdiniz, amma QSC-nin sədr müavini Əlirza Süleymanovla, Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov idarənin qabağını “Brest qalası”na çeviriblər. Heç kimə imkan vermirlər ki, içəri girib dərdini desin. Ona görə, mən Nazirlər Kabinetindən belə, qapılar döyürəm ki, o insanla görüşüm. İstəyirəm ona deyim ki, mən 25 il bu sahədə can qoymuşam. Dünyanın qarma-qarışıq vaxtı Çeçenistana gedib sərnişinlərə qulluq eləmişəm. İndi yararsız oldum? Mən işləmədən ailəmə, xəstəmə necə baxmalıyam?!”

Şikayətçinin dedikləri ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradovla əlaqə saxladıq. E.Muradov uzun danışmaq imkanı olmadığını deyərək, sualımızı belə cavabladı: “Onun işdən niyə çıxarıldığını özündən soruşun. Nə oğurluğu olduğunu sizə danışar”.

“Mehdi Həmidov iddia edir ki, onu istefa ərizəsi yazmağa məcbur ediblər” sualını isə, o, “Onu oğurluğa məcbur etmişdik?! Əgər günahı yox idi niyə ərizə yazırdı, niyə onun haqqında iş qaldırılırdı? Əgər dediyi kimi ona təzyiq göstərilibsə, getsin versin məhkəməyə” deyə cavabladı.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA