"NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİ AKP ÜÇÜN SON OLACAQ"

"NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİ AKP ÜÇÜN SON OLACAQ"

Kənan Paşayev: "Davudoğlu, Babacan və Gülün siyasətə qayıdışı xarici qüvvələr tərəfindən planlaşdırılıb"

Cavid Vəliyev: "Bu şəxslərin siyasi təsiri Rəcəb Tayyib Ərdoğan ilə müqayisə oluna bilməz"

Rusif Məmmədsoy: "Əgər bu dəfə də AKP nümayəndəsi İmamoğluna məğlub olarsa, millət vəkillərindən bəziləri partiyadan ayrıla bilər"

Zeynal Əmrəliyev: "Bu partiyanın yaranması CHP-nin iqtidara gəlişini daha da asanlaşdıra bilər"

Son günlər Türkiyə mediasında yayılan informasiyalarda bildirilir ki, qardaş ölkənin keçmiş baş naziri Əhməd Davudoğlu sabiq prezident Abdullah Gül və eks-iqtisadiyyat naziri Əli Babacanla birlikdə siyasi partiya yaratmağı planlaşdırır. Məlumata görə, Davudoğlu Gülə "Əgər yeni partiyanın sədri olmaq istəyirsinizsə, bizə də sizin rəhbərliyiniz altında işləmək yaraşar", deyə müraciət etsə də, keçmiş prezident yeni yaradılacaq partiyanın sədri olmaq istəmədiyini bəyan edib. Türkiyəli polotoloq Ahmet Takan isə qeyd edib ki, keçmiş AKP "Ədalət və İnkişaf Partiyası) funksionerlərinin qurmaq istədiyi yeni partiya ən azı bir ay ərzində elan ediləcək.

Bununla bağlı teleqraf.com-da yer alan məlumatda görə, ekspert keçmiş baş nazir Əhməd Davudoğlunun partiya quruculuğu işi üçün paytaxt Ankaraya gəldiyini və bunun hakim AKP daxilində gərgin müzakirəyə səbəb olduğunu bildirib. Ahmet Takan yeni partiya ətrafında gedən müzakirələrdə AKP-də təmsil olunan ağlagəlməz adların müzakirə edildiyini və bu məsələdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın adının hallandırıldığını vurğulayıb: "AKP daxilində "Ərdoğan bu qısqacdan yaxasını qurtara bilməyəcək" deyənlər də var. Digər yandan, Əhməd Davudoğlu və Abdullah Gül arasındakı buz da ərimək üzrədir. Hətta Davudoğlu Gülə yeni partiyanın liderliyini təklif edib, lakin Gül bu təklifdən imtina etsə də, partiya daxilində təklif olunan başqa bir vəzifəni tutmağa hazır olduğunu deyib. Əli Babacan da yeni partiyanın lideri olmaq istəmir". Türkiyəli politoloqun sözlərinə görə, ən azı 1 ay ərzində qurulacaq partiyanın təşkilatlanma işini isə keçmiş nazirlərdən Bəşir Atalay həyata keçirir: "Abdullah Gül də Atalaya etibar edir və bu, Əhməd Davudoğlunun narazılığına səbəb olub. Yəni, gülçülər yeni partiya ilə siyasətə gəlmək istəyirlər. Abdullah Gül isə onun yanına gələn AKP yetkililərinin "Nə olacaq?" sualına, "Davudoğlunu izləyin" cavabını verib".

Davudoğlu, Gül və Babacan Ərdoğana savaş açıb

Bu arada, onu da nəzərinizə çatdıraq ki, İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsinə dair Ali Seçki Şurasının qərarı AKP sıralarından da kəskin tənqid olunur. Belə ki, bu barədə "Azadlıq" radiosunun verdiyi informasiyada deyilir ki, seçki qələbəsini müxalifət namizədinin əlindən almış bu qərarı pisləyənlərin arasında iki AKP veteranı –Abdullah Gül və Əhməd Davudoğlu da var. Həmçinin, o da bildirilir ki, AKP daxilindəki son ixtilaf bu partiyanın parçalanacağına və yeni bir siyasi partiyanın meydana çıxa biləcəyinə dair şayiələri daha da körükləyib. Məsələn, mayın 7-də axşam yazdığı bir neçə tvitdə Əhməd Davudoğlu qeyd edib ki, İstanbul seçkisindən sonra baş verənlər və seçki nəticələrinin ləğvi Türkiyə demokratiyasının "təməl dəyərlərinə" ciddi ziyan vurub: "Siyasi hərəkat üçün ən böyük itki seçki məğlubiyyəti yox, mənəvi ucalığın və ictimai şüurun itirilməsidir". Bir sıra şərhçilərin fikrincə, keçmiş baş nazir seçkidən sonra özünün "Facebook" səhifəsində dərc etdiyi "manifest"lə hakim partiyanın parçalana biləcəyinə dair siqnal verib. Hələ bələdiyyə seçkisinin ərəfəsində hakim AKP-nin siyasətini kəskin tənqid edən Davudoğlu Türkiyə mediasında onun yeni sağ-mərkəzçi siyasi partiya yaradacağına dair xəbərlərin yayılmasına səbəb olmuşdu.

AKP-nin daxilindəki narazılıqlar barədə deyilənlərə keçmiş prezident Abdullah Gülün də Ali Seçki Şurasının qərarını tənqid etməsi qüvvət verib. Gül Ali Seçki Şurasının qərarını 2007-ci ildə Konstitusiya Məhkəməsinin onun özünə qarşı qərarı ilə müqayisə edib. O vaxt prezident Böyük Millət Məclisində seçilirdi və bir çox təhlilçilərin fikrincə, Gülün prezident seçilməsi parlamentdə CHP tərəfindən bloklanmışdı. Gülün dini düşüncəli bir şəxs olmasına görə Konstitusiya Məhkəməsinin qərarında onun prezident seçilməsi üçün azı 367 səsin leyhinə verilməsinin zəruriliyi qeyd edilmişdi. O bu barədə yazdığı tvitdə bildirib ki, İstanbul seçkisi nəticələrinin ləğv olunmasına dair Ali Seçki Şurasının qərarını eşidəndə, 2007-ci ildə onun özünə qarşı "367" qərarını eşidərkən yaşadığı hissləri yaşayıb: "Əfsus, bir arpa dəni qədər də irəliyə gedə bilməmişik".

Yeri gəlmişkən, bir məqamı da vurğulamaq lazımdır ki, bugünlərdə Britaniyadan səfərdən qayıdan Əli Babacanın İstanbulda iş adamları ilə qapalı görüş keçirib. Bununla bağlı yayılan məlumatlara görə, ilk etapda iqtisadi böhran bəhanə edilərək AKP-nin 30-a yaxın deputatı istefaya məcbur ediləcək: "Daha sonra hökumətin legitimliyi müzakirəyə çıxarılacaq. Ardınca AKP-dən qoparılacaq millət vəkillərinin sayı 50-55-ə qaldırılacaq". Maraqlıdır, görəsən Əhməd Davudoğlu, Abdullah Gül və Əli Babacanın birlikdə yeni siyasi partiya yaratması Ərdoğan iqtidarının zəifləməsinə, AKP-dən qopmalara səbəb ola bilərmi? Ümumiyyətlə, onların bu istəyi nəyə hesablanıb?

"Türkiyənin yeni rəhbər partiyası CHP, yeni prezidenti isə Əkrəm İmamoğlu olacaq"

Картинки по запросу Kənan Paşayev

Bu suallarla müraciət etdiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Əhməd Davudoğlu, Əli Babacan və Abdullah Gülün siyasətə qayıdışı məhz xarici qüvvələr tərəfindən planlaşdırılıb. Onun fikrincə, burada əsas məqsəd Türkiyənin regiona təsirini azaltmaq, dövləti daxili problemlərlə qarşı-qarşıya qoymaqdır: "Bu 3 isim Türkiyədə yeni müxalifət yaratmaq üçün təsadüfən seçilməyib. Hər biri Ərdoğanın siyasətini dəqiqliyi ilə tanıyan, vaxtilə AKP-nin həm xarici, həm də daxili siyasətində öz sözlərini deməyi bacaran isimlərdir. Hal-hazırda Türkiyədə ölkədaxili vəziyyət çox gərgindir. İstanbul bələdiyyə seçkilərinin nəticəsinin ləğvinin ardından ölkədəki sosial vəziyyət daha da ağırlaşdı". AKP-nin həm siyasi, həm də sosial-iqtisadi uğursuzluğunun əhali arasında güclü inamsızlıq yaratdığını deyən ekspert hesab edir ki, növbəti prezident seçkiləri AKP üçün son olacaq: "Partiyanın çox yaxın zamanda parçalanacağını istisna etmirəm. Adları çəkilən 3 ismin siyasətə qayıdışı Ərdoğan hakimiyyətinə əsaslı təsir göstərəcək. Düşünürəm ki, Türkiyənin yeni rəhbər partiyası CHP, yeni prezidenti isə Əkrəm İmamoğlu olacaq".

"Gül, Davudoğlu və Babacanın partiya qurması AKP üçün siyasətdə problemlər yarada bilər"

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən siyasi ekspert Cavid Vəliyev isə bu qənaətdədir ki, Türkiyə ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana dəstəyi yüksəkdir. O bildirib ki, bu gün Ərdoğan Türkiyədə siyasi baxımdan çox güclü siyasi liderdir: "Türkiyədə keçirilən bir çox seçkidə hakim AKP-nin qalib gəlməsində məhz Ərdoğanın rolu çox böyükdür. 31 martda keçirilən bələdiyyə seçkilərinin nəticəsində AKP Türkiyədə 44 faiz səs topladı. Bu isə 24 iyun 2018-ci ildə keçirilən və Rəcəb Tayyib Ərdoğanın qalib gəldiyi prezident seçkilərinin nəticələri ilə eynidir. Lakin son dövrlərdə Türkiyə iqtisadiyyatında və xarici siyasətində yaşanan problemlər xüsusən böyük şəhərlərdə hakim partiyanın dəstəyinin azalmasına səbəb olub. AKP-nin qurucuları arasında hakimiyyətin daha liberal bir iqtisadi siyasət izləməsini və xarici siyasətdə Qərb dövlətləri ilə birgə hərəkət etməsini müdafiə edənlərin partiya quracağı haqqında iddialar mövcuddur. Bildiyiniz kimi, bunlar arasında keçmiş prezident Abdullah Gül, keçmiş baş nazir Əhməd Davudoğlu və maliyyə naziri Əli Babacan var. Düşünürəm ki, bunların partiya qurması AKP üçün siyasətdə problemlər yarada bilər". Lakin bunun AKP-nin bir anda çöküşünə səbəb olmayacağını vurğulayan Cavid Vəliyevin fikrincə, bəlkə çox az millət vəkili yeni yaradılacaq partiyaya keçə bilər: "Çünki bundan əvvəl keçirilən seçkilərdə Abdullah Gül və Əhməd Davudoğluna yaxın bir çox şəxs onsuz da namizəd göstərilməmişdi. Digər tərəfdən, bu şəxslərin siyasi təsiri Rəcəb Tayyib Ərdoğan ilə müqayisə oluna bilməz. Ayrıca bu üç siyasətçi arasında bir çox məsələdə fikir ayrılığı olduğu bilinir. Bundan başqa, indiki siyasi konyekturada AKP-ni təkbaşına düşünməmək lazımdır. MHP də öz maraqları üçün AKP-yə dəsdək verir".

"Ərdoğanın son seçkilərlə bağlı mövqeyi Ədalət və İnkişaf Partiyasının millət vəkillərini də narahat edir"

Картинки по запросу Rusif Məmmədsoy

Hazırda Türkiyədə yeni partiyanın yaradılması barədə fikirlərin səngimək bilmədiyini qeyd edən siyasi şərhçi Rusif Məmmədsoy isə hesab edir ki, bu, bir növ nəbz yoxlamasıdır: "Çünki hazırda AKP daxilində müəyyən mənada narahatlıq hökm sürür. Ona görə ki, Rəcəb Tayyib Ərdoğanın son seçkilərlə bağlı mövqeyi Ədalət və İnkişaf Partiyasının millət vəkillərini də narahat edir. Artıq AKP-nin məğlubedilməzlik sindromu qırılıb. İmamoğlunun ilk turda qələbəsi onları da narahat edir. Lakin düşünmürəm ki, Ərdoğan rahatlıqla bütün bunlara şərait yaratsın. Çünki o, 2023-cü ilə qədər hakimiyyətdə qalmağı və Cümhuriyyətin 100 illiyinin AKP zamanında qeyd edilməsini istəyir. Bu mənada, bir çox planları var". Hər şeyə iyun ayının 23-dən sonra aydınlıq gətiriləcəyini deyən siyasi şərhçinin sözlərinə görə, əgər bu dəfə də AKP nümayəndəsi İmamoğluna məğlub olarsa, millət vəkillərindən bəziləri partiyadan ayrıla bilər: "Abdullah Gülə gəlincə, bu barədə özü də açıqlama verib və "Mən artıq aktiv siyasətlə məşğul olmayacam", deyə bildirib. Çox güman ki, əgər belə hal baş verərsə, o zaman arxa planda idarəetmədə iştirak edə bilər. Lakin Əhməd Davudoğlu amili də var ki, çox savadlı professor, nəzəriyyəçi olsa da, idarəetməsi barədə bunları deyə bilmərik. Yəni, Gül müəyyən dəstək göstərə bilər. İstənilən halda AKP-nin nüfuzu düşsə, ölkədə alternativ partiyaya üstünlük veriləcəksə bu yalnız CHP olacaq. Hazırda Məhərrəm İncə və Əkrəm İmamoğlunun reytinqi olduqca yüksəkdir. Yeni yaradılacaq partiyaya dəstəklər ola bilər, lakin düşünmürəm ki, hər hansı böyük uğur əldə edə bilsinlər".

"Gül, Davudoğlu və Babacan kimi AKP daxilində önəmli mövqelər tutmuş şəxslərin siyasi həyatdan uzaq qalması onsuz da gözlənilən deyildi"

Картинки по запросу Zeynal Əmrəliyev

Yeni partiyanın qurulmasının zamanın tələbi olduğunu bildirən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Zeynal Əmrəliyev isə bu qənaətdədir ki, AKP daxilindəki müəyyən bir kəsim yeni partiyaya keçəcək: "Uzun zaman davam edən bir narazılıq prossesi var. Belə ki, AKP-də davam edən kadr dəyişiklikləri, Ərdoğanın siyasi mövqeyində baş verən dəyişikliklər partiyada bir çox insanın narazılığına səbəb oldu. AKP-MHP koalisiyası hər iki partiyada narazıların yaranmasına səbəb olub. Çünki islamçı və milliyyətçi bir partiyanın yan-yana gəlməsi bir qədər ziddiyyət yaradıb. Həm də Abdullah Gül, Əhməd Davudoğlu, Əli Babacan kimi AKP içində önəmli mövqelər tutmuş şəxslərin siyasi həyatdan uzaq qalması onsuz da gözlənilən deyildi. Düşünürəm ki, AKP içindən müəyyən bir kəsim yeni partiyaya keçəcək. Ola bilsin ki, Səadət Partiyası ilə yeni partiya gələcəkdə ya birləşsin, ya da koalisiyaya getsin". Davudoğlu, Gül və Babacanın yaradacağı partiyanın yaxın gələcəkdə iqtidara gələcəyini güman etmədiyini deyən Zeynal Əmrəliyevin sözlərinə görə, bu partiyanın yaranması CHP-nin iqtidara gəlişini daha da asanlaşdıra bilər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org
 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA