"Paşinyan hakimiyyəti ikibaşlı oynayır" - SİYASİ EKSPERT

"Paşinyan hakimiyyəti ikibaşlı oynayır" - SİYASİ EKSPERT

Cavid Vəliyev: "ABŞ görüşündə razılaşma olması üçün Ermənistan tərəfi məsuliyyətdən boyun qaçırmamalıdır"

"Rəsmi Bakının Paşinyanın qondarma rejimin danışıqlar prosesində iştirakı ilə bağlı irəli sürdüyü şərtlə razılaşması mümkün deyil"

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Brüsseldə jurnalistlərlə söhbətində Qarabağ münaqişəsinə dair növbəti yüksək səviyyəli danışıqların ABŞ-da baş tutacağına eyham vurub. Belə ki, bununla bağlı virtualaz.org-da yer alan informasiyaya görə, Mnatsakanyan Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün Vaşinqtonda baş tutacağını bildirib. "Amma indidən ev sahibi tərəfi qabaqlayaraq nəsə demək düzün olmazdı" deyən Ermənistanın xarici işlər naziri "bir az da gözləməyə" çağıraraq, qeyd edib ki, tərəflər görüşlərin yeni raundunun təşkil edilməsi üçün müəyyən konkretləşməni gözləyirlər. O, qəbul edən tərəfin bu görüşün nə zaman baş tutacağı və hansı formada təşkil ediləcəyi haqda özü açıqlama verməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bundan sonra münaqişə tərəfləri müzakirə edib vaxtı dəqiqləşdirə, öz razılığını verə bilərlər.

Yeri gəlmişkən, mayın 14-də Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbir zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş barədə jurnalistlərə məlumat verən Nikol Paşinyan şam yeməyi zamanı İlham Əliyevlə qısa söhbət etdiyini bildirib: "Bu, Dağlıq Qarabağdakı hazırkı ümumi vəziyyət barəsində söhbət idi". Azərbaycan prezidenti ilə gələcək görüş planları ilə bağlı suala isə cavabında Paşinyan hələlik konkret planın olmadığını qeyd edib: "Əminəm ki, danışıqlar prosesi davam etməlidir və indi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir. Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür".

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Polşada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib. Həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada keçirilən görüşü xatırladan nazir danışıqlarda irəliləyişin lazım olduğunu bəyan edib: "Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir".

Gördüyünüz kimi, Nikol Paşinyan İlham Əliyevlə Brüsseldə baş tutan görüşündə də qeyri-konstruktiv mövqedən çıxış edib. Yəni o, "Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür" deməklə, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa zidd, o cümlədən rəsmi Bakının etirazına səbəb olacaq cəfəng fikirlər səsləndirib. Xatırlayırsınızsa, Ermənistanın baş naziri bu ilin fevral ayında parlamentdə çıxışı zamanı hökumətin proqramını təqdim edərkən bunabənzər ifadə işlətmişdi. Belə ki, o zaman Paşinyan Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynamasının İrəvan üçün son dərəcə mühüm olduğunu bildirməklə yanaşı, qeyd etmişdi ki, o, baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır. Lakin Qarabağın adından danışıqlar apara bilməz: "Mahiyyət etibarilə bizim üçün vacib məsələlərdən biri də Qarabağın danışıqlar prosesində tammiqyaslı iştirakıdır. Bizim hökumətimiz açıq danışır: Bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbdən ki, Qarabağ və Qarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var. Mən Qarabağ nümayəndələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsinə dair aparılmaqda olan müzakirələri çox ciddi irəliləyiş hesab edirəm. Çünki mən "Dağlıq Qarabağ Respublikası"nın danışıqlar prosesinə cəlb edilməsi üçün çox konkret üsullar və metodlar görürəm. Biz hazırda bu üsul və metodların müzakirəsi prosesindəyik. Biz bünları beynəlxalq partnyorlarımızla da müzakirə edəcəyik".

"Paşinyan bu dəyişikliyi edə bilməyəcəyini yaxşı bilir, lakin danışıqları uzatmaq və statuskvonu qorumaq üçün bu addımı atır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən siyasi ekspert Cavid Vəliyev hesab edir ki, rəsmi Bakının Paşinyanın qondarma rejimin danışıqlar prosesində iştirakı ilə bağlı irəli sürdüyü şərtlə razılaşması mümkün deyil: "Digər tərəfdən, müzakirələrin formatı da buna uyğun deyil. 20 ildən çoxdur ki, müzakirələr Azərbaycanla Ermənistan arasında davam edir. Bunun çox sadə açıqlaması var. Çünki Azərbaycan torpaqlarını işğal edən tərəf Ermənistandır. Paşinyan bu dəyişikliyi edə bilməyəcəyini yaxşı bilir. Lakin danışıqları uzatmaq və statuskvonu qorumaq üçün bu addımı atır. Digər tərəfdən, daxili auditoriyaya bir mesaj verir ki, mən yeni bir şərt irəli sürdüm. Yəni Koçaryan və Sarkisyandan fərqli olaraq, ermənilərin maraqları baxımından daha yaxşı format irəli sürdüm". "Qarabağ klanı"nın daxildə Nikol Paşinyana qarşı ciddi təzyiq qurduğunu deyən ekspertin sözlərinə görə, Ermənistanın baş naziri bu şəkildə təzyiqi bərtəraf etməyə çalışır: "Xüsusən Vyana görüşündən əvvəl xarici səfərlərində format dəyişikliyini gündəliyə gətirməyə çalışdı. Lakin həm Avropa İttifaqına səfərində Aİ rəsmiləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri formatın dəyişdirilməsinə qarşı çıxdı".

"Vyana və Moskva görüşlərində müəyyən məsələlərdə razılıqlar olmuşdu, lakin Paşinyan Ermənistana qayıtdıqdan sonra verdiyi açıqlamalarla bu razılaşmalara kölgə salır"

Картинки по запросу Nikol Paşinyan İlham Əliyevl

Cavid Vəliyev "İlham Əliyevlə Nikol Paşinyanın ABŞ-da baş tutacaq görüşündən hansısa irəliləyiş gözləməyə dəyərmi" sualına cavabında isə qeyd etdi ki, razılaşma olması üçün Ermənistan tərəfi məsuliyyətdən boyun qaçırmamalıdır: "Bundan əvvəl Moskvada xarici işlər nazirləri arasında görüş keçirildi və müəyyən təkliflər olundu. Bu təkliflərin nədən ibarət olduğu isə cəmiyyətə açıqlanmadı. Yəni razılıqdan çox bir təkliflər olduğunu bilirik. Ümumi olaraq isə ilkin mərhələdə qarşılıqlı etimad yaratmaq üçün müzakirələr getdiyini bilirik. Görünən odur ki, Paşinyan hakimiyyəti bu məsələdə ikibaşlı oynayır. Bir tərəfdən, özünü məsələnin həllində maraqlı tərəf kimi göstərir, digər tərəfdən vəziyyəti gərginləşdirəcək addımlar atır. Vyana və Moskva görüşlərində müəyyən məsələlərdə razılıqlar olmuşdu. Lakin Paşinyan Ermənistana qayıtdıqdan sonra verdiyi açıqlamalarla bu razılaşmalara kölgə salır. Burada əsas məsələlərdən biri erməni siyasətçilərinin Ermənistanda yaşayan əhalini sülhə hazırlama prosesini başlatmasıdır. Lakin o isə bunu etmir və təkrar Azərbaycanı günahlandırır. Bu il 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinin 25-ci ildönümü idi. Lakin bu heç də atəşkəs dövrü olmadı və hətta arada Azərbaycan ordusunun strateji yüksəklikləri ələ keçirən bir müharibə də yaşandı. Paşinyan bunları görməlidir və ABŞ-a gedərkən məsələnin həlli istiqamətində düşünməlidir. ABŞ görüşündən əvvəl Vyana və Moskva görüşlərində əldə olunan bəzi razılıqları yerinə yetirmədisə, ABŞ-da bir razılıq olsa belə, buna əməl edəcəyi şübhə altındadır. Qısacası, razılaşma olması üçün Ermənistan tərəfi məsuliyyətdən boyun qaçırmamalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA