"Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər" - Zaur MƏMMƏDOV

  • 2019-09-12 12:38:07
  • |
  • Aktual /

"Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər" - Zaur MƏMMƏDOV

"Nədənsə Ermənistanda ekoloji problemlər Çin və Rusiya şirkətlərinin istismar etdikləri regionlarda yox, "Lydian İnternational" kompaniyasının investoru olduğu bölgədə qabardılmaqdadır"

"Artıq bir ilə yaxındır Ermənistanda Amulsar qızıl mədəni ətrafında qalmaqal səngiməməkdədir. Amulsara ən yaxın rayon olan Cemrukda aylardı kı, hökumət əleyhinə aksiyalar davam etməkdədir. Amulsar qızıl mədəni Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Ehtimallara görə, mədəndə 31 milyon ton filiz, 40 ton qızıl vardır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

"Yayın sonuna olan sosioloji sorğulara görə, artıq Ermənistan əhalisinin yarıya qədəri Paşinyana simpatiya bəsləmir"

Dünən Ermənistan parlamentində hökumət saatı zamanı Nikol Paşinyanın millət vəkillərinin suallarını cavablandırarkən faktiki olaraq Amulsar ətrafında yerli əhali ilə razılaşmadığını dilə gətirdiyini vurğulayan politoloq qeyd edib ki, keçən ilin bu vaxtı parlament seçkilərinə 3 ay qalmış Paşinyan təmamilə fərqli çıxışlar edirdi: "O bildirirdi ki, Amulsar mədəni əgər Göyçə gölünün və Cemrukun ekologiyasına mənfi təsir göstərəcəksə, o zaman onun istismarından söhbət belə gedə bilməz. Əslində Ermənistan baş nazirinin davranışında qeyri-adi heç nə yoxdur. Populist və demaqoq siyasətçilərdən olan Paşinyan hakimiyyətə gələndən sonra verdiyi heç bir sözə əməl etməyib. Bu isə erməni cəmiyyətində Paşinyana olan simpatiyanın hər ay daha da aşağı düşməsinə gətirib çıxarır. Yayın sonuna olan sosioloji sorğulara görə, artıq Ermənistan əhalisinin yarıya qədəri Paşinyana simpatiya bəsləmir. Xatırlatmaq yerinə düşər ki, düz bir il əvvəl Paşinyana olan rəğbət 90 faizdən çox idi".

"Amulsar ətrafında baş verənlər ABŞ və Rusiyanın İrəvandakı səfirliklərinin ciddi nəzarəti altındadır"

Zaur Məmmədovun sözlərinə görə, Amulsar mədəni Ermənistan hökuməti üçün istər maliyə, istərsə də siyasi əhəmiyyətlidir: "Faktiki olaraq bu gün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər. Keçən ay Daşnaksütun partiyası Amulsarla bağlı referenduma ehtiyacın olduğunu bəyan etmişdi. Sasna Tser partiyasının üzvlərindən biri isə ötən həftə Paşinyanla görüşdən sonra Amulsarla bağlı baş nazirin atacağı hər hansı addımın onun siyasi karyerasını müəyyənləşdirəcəyini açıq şəkildə qeyd etmişdi. Doğrudan da maraqlıdır. Nə baş verir? Əslində Amulsar ətrafında baş verənlərlə Qırğızıstandakı yataqlar ətrafında baş verənlər arasında paralel də aparmaq olar. Yeri gəlmişkən, Amulsar ətrafında baş verənlər ABŞ və Rusiyanın İrəvandakı səfirliklərinin ciddi nəzarəti altındadır. Hələ 2018-ci ildə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills erməni hökumətinə mədənin istismarının vacibliyini qeyd edirdi".

"Ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağda yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunmaqdadır"

"Bəs görəsən, Amulsarı ABŞ üçün bu qədər önəmli edən nədir" sualını cavablandıran Bakı Politoloqlar Klubunun rəhbərinin bildirdiyinə görə, bu yaxınlarda Ermənistandakı Amerika Ticarət palatası “Lydian İnternational” kompaniyasının istismar etməli olduğu Amulsar qızıl yatağı ilə bağlı Paşinyana məktub ünvanlayaraq problemin tez bir şəkildə investorun lehinə həll edilməsinə ümid etdiklərini qeyd edib: "Məsələ burasındadır kı, bir ildən çoxdur kı, şirkət qızıl və filiz yataqlarında iş apara bilmir. Bir müddət əvvəl “Lydian İnternational” şirkəti Paşinyan hökumətini beynəlxalq məhkəməyə müraciət edərək 2 milyard dollarlıq iddia qaldıracaqları ilə hədələmişdi. Məhz bundan sonra Nikol Paşinyan yerli əhalini ölkə qanunlarını pozmaqda ittiham edərək onların cəzasız qalmayacağını bildirmişdi. Xatırladım kı, bugünlərdə ABŞ-ın İrəvandakı səfiri, eyni zamanda Amerika Ticarət palatası nümayəndələri Amulsar ətrafında baş verənlərin ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirmişdi. Digər maraqlı fakt ondan ibarətdir ki, Ermənistanda dağ-mədən yataqları ilə bağlı ekoloji problemlər nədənsə Çin və Rusiya şirkətlərinin istismar etdikləri regionlarda yox, "Lydian İnternational" kompaniyasının investoru olduğu bölgədə qabardılmaqdadır. Hər halda, ortada olan bir məsələ birmənalıdır – Paşinyanın xalqı qarşısında ikiüzlü oyun apardığı. Beləliklə, bəlli olan bir məsələ var. İnvestisiyalar üçün qapı-qapı düşən Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər. Bütün bunlar Ermənistanda hüququn işləmədiyinin daha bir göstəricisidir. Deməli, ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağda yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunmaqdadır. O ki qaldı xalqa. Xalq Paşinyan üçün məqsədinə çatmaq yolunda alət rolunu oynayır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA