"Paşinyanın parlamentdəki çıxışı cəfəng fikirlərdir" - POLİTOLOQLARDAN AÇIQLAMA

"Paşinyanın parlamentdəki çıxışı cəfəng fikirlərdir" - POLİTOLOQLARDAN AÇIQLAMA

Nəzakət Məmmədova: "O, bu yolla Dağlıq Qarabağdakı separatçı rejimin rəğbətini qazanmağa, həmçinin vaxt udmağa çalışır"

Elxan Şahinoğlu: "Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinin müxtəlif ölkələrdə görüşlər keçirməsinin vaxtı çatıb"

"Bu, həm də onu göstərir ki, Paşinyan danışıqlardan yayınmaq üçün bəhanə axtarır"

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 12-də parlamentdə çıxış edərək, hökumətinin proqramını təqdim edib. Bu zaman o, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa zidd, o cümlədən rəsmi Bakının etirazına səbəb olacaq cəfəng fikirlər səsləndirib. Belə ki, "Azadlıq" radiosunun məlumatına görə, düşmən ölkənin baş naziri Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynamasının İrəvan üçün son dərəcə mühüm olduğunu bildirməklə yanaşı, mayın 9-da Xankəndində verdiyi bəyanatı bir daha təkrar edib.

Paşinyan qeyd edib ki, o, Ermənistanın baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır. Lakin Qarabağın adından danışıqlar apara bilməz. O bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır: "Mahiyyət etibarilə bizim üçün vacib məsələlərdən biri də Qarabağın danışıqlar prosesində tammiqyaslı iştirakıdır. Bu tarix və bu yanaşma yeni deyil və keçmişdə baş vermiş məlum hadisələr var. Bu vaxt ərzində müəyyən məzmun yaranıb. Bu nə məzmundur? Mahiyyət etibarilə Qarabağın danışıqlar prosesində iştirak etməsi bizim müzakirələrimizin əsas bəndlərindən biri olub. Keçmişdən bu da məlumdur ki, Azərbaycan tərəfi hər dəfə bu təkliflərə və Qarabağ danışıqlar tərəfi kimi iştirakı ilə bağlı mövzuya bu şəkildə reaksiya verir: "Əgər erməni tərəfi danışıqlar prosesinə Qarabağın erməni icmasını da qoşsa, Azərbaycan tərəfi öz növbəsində, Qarabağın azərbaycanlı icmasının nümayəndələrini prosesə gətirəcək". Məsələnin belə qoyuluşunun ciddi izahatlar tələb etdiyini deyən düşmən ölkənin baş naziri iddia edir ki, Ermənistanın Qarabağın danışıqlarda tammiqyaslı iştirakı təklifinə cavab olaraq Azərbaycanın Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakını tələb etməsi müəyyən suallar doğurur: "Problem nədədir? Məsələ burasındadır ki, Qarabağın azərbaycanlı icması danışıqlar prosesində bütün bu müddət ərzində iştirak edib və bugün də iştirak edir və mahiyyətcə, Qarabağın azərbaycanlı icmasının iştirak etmədiyi bircə müzakirə də olmayıb. Necə? Sadə səbəb budur ki, Qarabağın azərbaycanlı icması deyilənlər Azərbaycanın prezident və parlament seçkilərində iştirak edirlər və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Beləliklə də, Azərbaycan prezidentini həm də Qarabağ icması seçib və buna görə də Azərbaycan prezidenti, Azərbaycan hökuməti və Azərbaycan parlamenti həm də bu adamları təmsil etmək üçün mandata malikdir. Ermənistanın Qarabağın danışıqlarda tammiqyaslı iştirakı təklifinə cavab olaraq Azərbaycanın Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakını tələb etməsi müəyyən suallar doğurur. Məsələn, əgər Azərbaycan rəhbərliyi bütöv Azərbaycanı və Azərbaycan xalqını təmsil etmək səlahiyyətində deyilsə, bu rəhbərlik danışıqlarda hansı mandatla iştirak edir? Bizim hökumətimiz açıq danışır: Bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbdən ki, Qarabağ və Qarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var. Mən Qarabağ nümayəndələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsinə dair aparılmaqda olan müzakirələri çox ciddi irəliləyiş hesab edirəm. Çünki mən "Dağlıq Qarabağ Respublikası"nın danışıqlar prosesinə cəlb edilməsi üçün çox konkret üsullar və metodlar görürəm. Biz hazırda bu üsul və metodların müzakirəsi prosesindəyik. Biz bünları beynəlxalq partnyorlarımızla da müzakirə edəcəyik".

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Ermənistan parlamenti bugünlərdə hökumətin 2019-2023-cü illər üzrə fəaliyyət proqramının müzakirəsinə başlayıb. Bu barədə publika.az-ın "Joxovurd" nəşrinə istinadən verdiyi məlumata görə, 71 səhifəlik sənədin diqqətçəkən məqamı onun əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasıdır. Proqram 2018-ci ilin iyununda "məxməri inqilab"dan sonra parlamentdə təqdim edilmişdi. Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir. Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində Dağlıq Qarabağdakı qondarma rejimin statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Bununla da Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.

Beləliklə, Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən politoloq Nəzakət Məmmədova "Hürriyyət"ə açıqlamasında bildirdi ki, bununla Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlar prosesində müstəqil tərəf kimi təqdim etmək istəyirlər: "Bu isə o deməkdir ki, biz Dağlıq Qarabağın erməni icmasını müstəqil tərəf kimi tanımış oluruq. Təbii ki, bu, yolverilməz. Çünki Azərbaycan torpaqları Ermənistanın başçılığı altında işğal edilib. Dağlıq Qarabağ erməniləri bunu özbaşına etməyiblər. Bundan başqa, hazırda işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın hərbi qulluqçuları xidmət edir, Ermənistanın Silahlı Qüvvələri, texnikası, insan resursları işğal olunmuş ərazilərdə yerləşdirilib. Odur ki, onların hərəkətləri beynəlxalq hüququn bütün işğal təsnifatına düşür. Məhz bu səbəbdən də orda Ermənistan olduğuna görə, biz danışıqları İrəvanla aparmalıyıq. Çünki tərəf, daha doğrusu işğalçı kimi Ermənistanı görürük. Təbii ki, Qarabağ erməniləri də işğalçıdır. Lakin söhbət ondan gedir ki, onlar Azərbaycan vətəndaşları, bizim torpaqlarımızda yaşayan bir icmadır. Biz öz icmamızla nə danışıq aparmalıyıq?! Odur ki, burada iki tərəf var - Azərbaycan və Ermənistan. Mübahisə bu iki dövlətin arasındadır".

Bütün bunları nəzərə alaraq, Paşinyanın parlamentdəki çıxışını absurd, hüquqi və məntiqi əsası olmayan cəfəng fikirlər kimi dəyərləndirən politoloq hesab edir ki, Ermənistanın baş naziri bu yolla vaxt udmağa çalışır: "Onsuzda Paşinyan bilir ki, onun bu tələbini Azərbaycan, o cümlədən ATƏT-in Minsk Qrupu qəbul etməyəcək. Çünki 1994-cü ildən, yəni atəşkəsdən bəri danışıqlar bu formatda keçirilir. Buna baxmayaraq, Paşinyan isə indi köhnə bazara təzə nırx qoymağa çalışır. Lakin o, yaxşı bilir ki, buna nail olmayacaq. Düşünürəm ki, Paşinyan burda bir neçə məqsəd güdür. Bildiyiniz kimi, Dağlıq Qarabağdakı separatçı rejimlə Paşinyanın münasibətləri son dərəcə gərgindir. Görünən odur ki, Ermənistanın baş naziri bu yolla onların rəğbətini qazanmaq istəyir. Bununla yanaşı, onun məqsədlərindən biri də qeyd eydiyim kimi, vaxt udmağa çalışmaqdır. Əslində, bu, həm də onu göstərir ki, Paşinyan danışıqlardan yayınmaq üçün bəhanə axtarır".

Qarabağ ermənilərinin Ermənistanda təsir vasitəsinin zəiflədiyini deyən Nəzakət Məmmədovanın sözlərinə görə, Nikol Paşinyanın beynəlxalq partnyorları qondarma "Dağlıq Qarabağ respublikası"nın danışıqlar prosesinə cəlb edilməsi məsələsinə müdaxilə edə bilməz: "Onda Ermənistan rəsmi surətdə ATƏT-in Minsk Qrupundan imtina etməlidir. Yəni İrəvan bəyan etməlidir ki, Minsk Qrupunu tanınıram, qəbul etmirəm və bu səbəbdən də danışıqlar prosesini onun aparmasını istəmirəm, yeni format qurulsun. Təbii ki, bu da olduqca pis qəbul olunacaq, Ermənistanın sülh prosesindən yayınması kimi dəyərləndiriləcək. Odur ki, hazırkı şəraitdə danışıqlar prosesinə yalnız Minsk Qrupu müdaxilə edə və tərəflərin razılı ilə hər hansı qərar qəbul edə bilər. Azərbaycan isə Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesinə cəlb olunmasına heç vaxt razı olmayacaq. Eyni zamanda, Minsk Qrupunun da bu cür axmaq təkliflə çıxış edəcəyinə inanmıram".

Mövzu ilə bağlı özünün "facebook" səhifəsində mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Nikol Paşinyan parlamentdəki çıxışı zamanı könhə tezislərini təkrarlayıb: "Ermənistan müharibəyə hazırlaşmalıdır", "Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər". Ancaq ilk dəfə səsləndirdiyi bir tezis də var: "Azərbaycan danışıqlara Qarabağın azərbaycanlı icmasının da daxil edilməsini təklif edir. Azərbaycan icmasının maraqlarını Azərbaycan hakimiyyəti təmsil edir, onlar isə hər zaman danışıqlarda iştirak ediblər". Yəni Paşinyan birmənalı "iştirak etməsinlər" demir, sadəcə məsələyə müsbət münasibət bildirməkdən çəkinir. Çünki qorxur ki, rəsmi Bakının təklifinə razılaşsa, Qarabağ separatçılarının sərt şilləsiylə üzləşsin". Politoloqun fikrincə, Paşinyanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinin müxtəlif ölkələrdə görüşlər keçirməsinin vaxtı çatıb.

Vazeh BƏHRAMOĞLU