"Polkovnik olduğu üçün qaçmağı özünə sığışdırmayıb" - Keçmiş nazirin qardaşı zərərçəkənlərlə barışdı

"Polkovnik olduğu üçün qaçmağı özünə sığışdırmayıb" - Keçmiş nazirin qardaşı zərərçəkənlərlə barışdı

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, hər iki zərərçəkmiş barışıq ərizəsi yazıb.

Rəşad Tahirov məhkəməyə təqdim etdiyi ərizəsində bildirib ki, ona dəymiş 140 min dollar tam şəkildə ödənilib.

Əvəz Əhmədovun ikinci vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, Əvəz Əhmədova qarşı irəli sürülmüş ittiham əsassızdır: "İttiham ehtimallar üzrə qurulub. Zərərçəkmiş Rəşad Tahirov deyir ki, Əvəz Əhmədovun ona, ailə üzvlərinə nəsə edəcəyindən ehtiyat edib. Buna görə də Hörmət Əsgərovun əvəzinə Əvəz Əhmədova pul verib. Axı bu ifadədən də aydın olur ki, Əvəz Əhədov heç kimə hədə-qorxu gəlməyib. Rəşad Tahirov özü-özündən qorxub, ehtiyat edib kiməsə pul veribsə, bu o demək deyil ki, Əvəz Əhmədov onu hədələyib. İttihamın əsassız olduğunu bu açıq-aydın sübut edir".

Vəkil əlavə edib ki, digər zərərçəkmiş Hörmət Əsgərovun epizodunda isə aydın olur ki, burada adam oğurluğundan söhbət getmir: "Guya Hörmət Əsgərov oğurlanıb, hədələnib və pul tələb edilib. Amma Hörmət Əsgərovun ifafəsindən aydın olur ki, onu heç kim oğurlamayıb, heç bir otaqda gizli saxlamayıb. Hörmət Əsgərov dedi ki, mübahisə zamanı oradan qaçmaq imkanı olub. Qapı açıq olsa da qaçmağı özünə sığışdırmayıb. O, polkovnik olduğunu, qaçmaq istəmədiyini dedi".

Məhkəmənin növbəti iclası martın 13-nə təyin edilib.

Xatırladaq ki, prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.

Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilir.

Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Xatırladaq ki, Əvəz Əhmədov qardaşı general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA