"PUTİN ƏRDOĞANLA ƏSƏDİ YAXINLAŞDIRACAQ" - POLİTOLOQ

"PUTİN ƏRDOĞANLA ƏSƏDİ YAXINLAŞDIRACAQ" - POLİTOLOQ

Nəzakət Məmmədova: "İran-Rusiya-Türkiyə və Əsəd bir gəmidədirlər və Amerika həmin gəmini batırmağa çalışır"

"Həm Əsəd, həm də Ərdoğan başa düşür ki, onlara qarşı ümumi təhlükə var və bu təhlükə ABŞ-dan gəlir"

"Əslində, onların bir araya gəlməsi Putinin də maraqlarına cavab verir"

Xəbər verdiyimiz kimi, bugünlərdə Soçidə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Suriya mövzulu dördüncü zirvə toplantısı baş tutub. Qeyd edək ki, sözügedən mövzu ətrafında geniş müzakirələr aparıldıqdan sonra Türkiyə-Rusiya-İran üçtərəfli zirvə görüşünün yekun bəyannaməsi yayımlanıb. Sənəddə deyilir ki, liderlər Suriyada separatçı terror təşkilatlarının əleyhinə mövqe ortaya qoymaqda qətiyyətli olduqlarını ifadə ediblər. Eyni zamanda, bununla bağlı yayılan açıqlamada bildirilib ki, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyanın suverənliyi, müstəqilliyi, birliyi və torpaq vahidliyinə olan qətiyyətli qərarlarını dilə gətirdilər. ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarma qərarı həyata keçiriləcəyi təqdirdə, bunun, ölkənin sabitliyilə təhlükəsizliyinin gücləndirməsinə töhfə verəcəyi də vurğulanıb.

Картинки по запросу putin ruhani erdogan esad

Liderlər İdlib deeaskalasiya bölgəsində atəşkəs qərarının pozulma hallarının azaldılması üçün konkret addımlar atılması barədə razılıq da əldə ediblər. Dövlət başçıları terror təşkilatları ilə mübarizədə aralarındakı əməkdaşlığı davam etdirmək mövzusunda qətiyyətli olduqlarını təsdiqləyiblər. Onlar Suriya məsələsinin hərbi yolla həll edilə bilməyəcəyinə və böhranın sadəcə suriyalıların rəhbərliyində və ev sahibliyində BMT Təhlükəsizlik Şurasının qərarına uyğun siyasi proses vasitəsilə sona çatdırıla biləcəyinə dair inanclarını bir daha dilə gətiriblər. Üç zamin ölkə lideri həmçinin, Suriyada Konstitusiya Komitəsinin yaxın zamanda qurulması prosesinə sürət qazandırılmasına dair qərarlarını bir daha təsdiqləyiblər.

Bu arada, onu da qeyd edək ki, prezidentlərin Soçi görüşünü şərh edən türkiyəli jurnalist Özçelik bu qənaətdədir ki, sözügedən görüşdən sonra Ankara-Dəməşq əməkdaşlığı qaçılmazdır. Bununla bağlı axar.az-da gedən məlumata görə, Özçelik hesab edir ki, həm təhlükəsizlik, həm mənafe baxımından Türkiyənin Suriya ilə əməkdaşlığı şərtdir: "Suriya məsələsi elə bir məqama yetişdi ki, indi Ankara və Dəməşq administrasiyası əməkdaşlığa məcburdur. Həm təhlükəsizlik, həm mənafe baxımından Türkiyənin Suriya ilə əməkdaşlığı şərtdir. AKP-nin daxilindəki böyük çoxluq da məhz bu əlaqələrin inkişafının tərəfdarıdır".

Nəzərinizə çatdıraq ki, bu, Türkiyə-Suriya əməkdaşlığının yenidən bərpa olunacağına dair səsləndirilən ilk fikir deyil. Belə ki, buyaxınlarda Almaniyanın tanınmış "Der Spiegel" jurnalında dərc edilən məqalədə qeyd olunurdu ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ədavəti unudaraq Suriya prezidenti Bəşər Əsədlə barışmağa, onun hakimiyyətini tanımağa hazırdır. Həmin məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Əsədin ən mühüm müttəfiqidır və o, protejesinin, YPG-nin də nəzarət etdiyi ərazi daxil olmaqla, bütün Suriyaya nəzarət etməsini istəyir: "Bu həm də Suriyanın şimalında Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Suriyada Trampın ziqzaq kursu Türkiyə ilə YPG arasında qəribə bir yarışa gətirib çıxarıb: hər iki tərəf Putin və Əsədlə daha tez razılıq əldə etməyə çalışır. Kürdlər Suriya rejiminə müraciət edərək, Türkiyədən qorunmaq üçün bölgədə ən azı muxtariyyətlərinin saxlanmasını istəyirlər. Yüksək səviyyəli bir kürd səlahiyyətlisi bu həftə Vaşinqton ziyarəti çərçivəsində “Əl-Monitor” portalına kürd döyüşçülərinin Suriya ordusuna qoşulacağını söyləyib. Ərdoğan ilə yanvar ayının sonundakı görüşündə Kremlin sahibi Putin Türkiyə və Suriyanın 1998-ci ildə Adanada imzalanan sazişinə istinad edib. Suriya hökuməti həmin sazişlə öz ərazisində Türkiyəni təhdid edən qüvvələrə qarşı mübarizəni öhdəsinə götürüb". "Der Spiegel"in iddiasına gğrə, əgər Adana razılaşması bərpa edilərsə, o zaman Türkiyənin Suriyanın şimalındakı YPG-yə qarşı məhdud hərbi təcavüzü qanuniləşdirəcək: "Bunun qarşılığında türk hökuməti diktator Əsədi Suriyanın qanuni hakimi kimi tanımalıdır. Göründüyü kimi, Ərdoğan bu addımı atmağa çox hazırdır".

"ABŞ-ın Suriyanın bölünməsi ilə bağlı həyata keçirdiyi addımlar həm Bəşər Əsədə zərərdir, həm də Ərdoğana qarşı hazırlanmış bir plandır"

"Putin Paşinyana öz şərtlərini diqtə edəcək" - NƏZAKƏT MƏMMƏDOVA

Beləliklə, Soçi görüşündən sonra Ankara-Dəməşq əməkdaşlığının bərpa olunacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən politoloq Nəzakət Məmmədova "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, belə bir ehtimal mümkündür: "Əslində, ABŞ-ın Suriyanın bölünməsi ilə bağlı həyata keçirdiyi addımlar həm Bəşər Əsədə zərərdir, həm də Ərdoğana qarşı hazırlanmış bir plandır. Həm Əsəd, həm də Ərdoğan başa düşür ki, onlara qarşı ümumi təhlükə var və bu təhlükə ABŞ-dan gəlir. Ümumiyyətlə, İran-Rusiya-Türkiyə və Əsəd bir gəmidədirlər və Amerika həmin gəmini batırmağa çalışır. Odur ki, onlar xilas olmaq məqsədiylə, bir-birinə dayaq durmalıdır. Heç şübhəsiz, Suriyanın ərazi bütövlüyünə zərər gəlsə, bu, ilk növbədə Əsədə zərbədir. Digər tərəfdən, bu, Türkiyəyə də zərbədir. Çünki bu halda qardaş ölkənin də ərazi bütövlüyü üçün ciddi təhdid yaranır. Bütün bunları nəzərə aldıqda, Əsədlə Ərdoğanın əməkdaşlığının bərpa olunması ehtimalı çox realdır".

"Ərdoğan Əsədlə danışıqlara getməsə, o zaman terrorçu kürdlər Əsədlə danışıqlara gedib Türkiyəyə qarşı birləşib maraqlarını təmin edə bilərlər"

Türkiyə prezidentinin ölkəsinin milli maraqları naminə lazım gəldikdə geri çəkilməyi bacardığını vurğulayan politoloq bildirdi ki, İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi, amerikalı rahib Endryü Kreiq Bronson məsələsində bu aydın çəkildə özünü biruzə verdi: "Bildiyimiz kimi, Ərdoğan vaxtikən Əsədə qardaşım, daha sonra diktator deyib. Lakin bu gün siyasi proseslər tamam fərqli məcrada cərəyan edir. Odur ki, Ərdoğan Əsədlə danışıqlara getməsə, o zaman terrorçu kürdlər Əsədlə danışıqlara gedib Türkiyəyə qarşı birləşib maraqlarını təmin edə bilərlər. Bundan başqa, Rusiya və Türkiyənin razılığı əsasında İdlibdə artıq hərbisizləşdirilmiş zona yaradılıb. Eyni zamanda, münaqişə sona çatdıqdan sonra Türkiyə şirkətlərinin milyarlarla dollar dəyərində olan tikinti layihələrində iştirakı məsələsi də var. Odur ki, Türkiyə Suriyanın müharibədən sonra bərpası işində də iştirakda maraqlıdır. Bu səbəbdən də Ərdoğan başa düşür ki, bu məsələdə Əsədlə yaxınlaşmaq lazımdır. O cümlədən, Əsəd də anlayır ki, Ərdoğanla əməkdaşlıq ona faydalı olacaq. Hesab edirəm ki, bu məsələdə ən vacib şəxs məhz Rusiya prezidenti Vladimir Putindir. Çünki o, hər ikisi ilə də əməkdaşlır edir. Əslində, onların bir araya gəlməsi Putinin də maraqlarına cavab verir. Düşünürəm ki, Rusiya onları yaxınlaşdıracaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org