"QARA VOLQA" REJİSSORUNUN HƏYATININ QARA ZOLAĞI

"QARA VOLQA" REJİSSORUNUN HƏYATININ QARA ZOLAĞI

Elşən Məmmədov: “Kinomuzun bu günkü durumunu anlamaq üçün Cəfər Cabbarlının heykəlinə baxmaq kifayətdir”

Etiraf edim ki, bu insan haqda heç nə eşitməmişdim, onun məşhur “Qara volqa” filminə də baxmamışdım, amma əsəri oxumuşdum məktəb illərində. Özü də bir nəfəsə, böyük maraq və həyəcanla oxumuşdum.

Quruluşçu rejissor kimi ilk və yeganə müstəqil işi “Qara volqa” əsəri əsasında çəkdiyi eyniadlı bədii film olan Elşən Məmmədovu sosial şəbəkələrdə paylaşdığı orijinal, bəzən yumoristik, bəzən satirik, bəzən də giley, ağrı dolu statuslarından tanımışam, sənətə və sənətkarlara verdiyi yüksək dəyər, ətrafda baş verən olaylara özəl münasibəti ilə diqqətimi çəkən bu insanın kimliyi ilə maraqlananda öyərənib bildim ki, 1963-cü ildə Goranboy rayonunda anadan olub, o vaxtkı M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. Sənətin sirlərini böyük sənətkarlardan öyrənib.

Amma statuslarından o da aydın oldu ki, bu gün təəssüf ki, işsizdir. Onunla şəxsən görüşüb söhbətləşmək, işsizliyinin səbəbini öyrənmək istədim. Nömrəsini alıb zəng vurdum. Akademiya bağında görüşməyi təklif etdi. Görüşdük. Bağdakı skamyalardan birində oturub söhbət etdik. Bəli, məhz söhbət. Bu quru sual-cavab, müsahibə deyildi, iki insanın səmimi söhbəti, iki dostun dərdləşməsi idi.

Qarşımda qəlbi sənət eşqi ilə alışıb yanan, mübariz ruhlu, amma həyatın yorduğu bir insan əyləşmişdi. Hiss edirdim ki, işsizlik həm bir sənət adamı, həm də iki ekiz övladın atası kimi onu yaman sıxır. Bir yandan, yüksək sənət peşindədir, bədii filmlər çəkmək arzusu ilə yaşayır, digər tərəfdən isə ailəsinin güzəranını təmin etmək üçün çalışıb-çarpışır. Məcbur qalanda reklam xarakterli kiçik çarxlar, süjetlər də çəkməli olur. Çörək pulu qazanmaq məqsədi ilə Bakıda kirayə qalan Elşən müəllim Mingəçevirdə yaşayan ailəsini bir an belə unutmur, özü hər cür mərhumiyyətə dözür, qazancının böyük hissəsini isə onlara yollayır. Amma illərin yorduğu bu insan hər şeyə rəğmən həyat eşqini itirməyib, böyük ümidlərlə yaşayır. Sanıram söhbət boyu özünüz də bunun şahidi olacaqsız.

Beləliklə, həmsöhbətim məşhur “Qara volqa” filminin rejissoru Elşən Məmmədovdur.

- Elşən müəllim, xoş gördük sizi.

- Xoş gününüz olsun.

- Sizinlə ilk dəfə görüşürük, amma xeyli müddətdi sosial şəbəkədə müasir dillə desək, virtual dostuq. Sizin həyat, cəmiyyət, incəsənət ilə bağlı fikirləriniz hər zaman mənim üçün maraqlı olub. Bu üzdən sizinlə canlı ünsiyyət qurub söhbətləşmək istədim. Təbii ki, həyatınızla, sənətinizlə, bu günkü durumunuzla bağlı məqamlara toxunacağıq söhbətimizdə. Amma istərdim söhbətimizə lap əvvəldən, yəni sənətə gəldiyiniz ilk illərdən başlayaq. O vaxtkı İncəsənət Universitetini bitirdiyinizdən xəbərdaram. Haqqınızada yazılanlarla tanış olanda aktyor və rejissor kimi təqdim edildiyiniz diqqətimi çəkdi. Bu üzdən belə qənaətə gəldim ki, rejissorluğa aktyorluqdan gəlmisiniz.

- Xeyr. Mən “teatr kollektivinin rejissoru” fakültəsini bitirmişəm. Qiyabi təhsil almışam və paralel olaraq 1990-cı ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında işləmişəm, təcrübə yığmışam.

“Məni incəsənət, mədəniyyət xəstəsi edən xalq teatrının səhnəsi oldu”

- Bəs aktyor kimi təqdim olunmağınıza əsas nədir?

- Aktyor kimi təqdim olunmağım təbii ki, səbəbsiz deyil. Çünki peşəkar sənətə gəlməzdən öncə aktyor olmaq istəmişəm. Hələ ötən əsrin 80-ci illərində rəhmətlik Qurbanəli Mürsəlovun rəhbərlik etdiyi xalq teatrına gedirdim, orda bir-birindən fərqli, maraqlı rollar oynayırdım. Məni incəsənət, mədəniyyət xəstəsi edən də məhz o xalq teatrının səhnəsi oldu.

Sonrakı illərdə, ikinci rejissor kimi işlədiyim, eləcə də quruluşçu rejissoru olduğum “Qara volqa” filmində epizodik rollarda da olsa, çəkilmişəm. Bu baxımdan, çox guman ki, aktyorluq qabiliyyətim olduğu üçün kino aktyoru kimi də qəbul olunuram.

“Əslində o rol oynamırdı, qəhrəmanının bütün iztirablarını yaşayırdı”

- Bir çox rejissorlarla işləmisiz,onların sağ əli olmusunuz,yəni, bir sıra filmlərin ikinci rejissoru olmusunuz.

- Doğrudur. Mərhum rejissorlarımız Gülbəniz xanım Əzimzadə, Tofiq İsmayilov, Tofiq Tağızadə, Ceyhun Mirzəyev ilə işləmişəm. Adını çəkdiyim rejissorların hamısından nəsə öyrənmişəm, Allah hamısına rəhmət etsin. Amma Ceyhun müəllimin ürəyimdə yeri başqadır. Onun insanlığını ifadə etməkdə acizəm. Sözün əl mənasında böyük şəxsiyyət idi Ceyhun Mirzəyev. O qədər sadə, səmimi, təvazökar bir insan idi ki, hətta kiçik bir uşaq da yaxınlaşıb ondan nəsə istəsə, arxasına düşüb gedərdi, onun istəyini yerinə yetirərdi. O uşaqla uşaq, böyüklə böyük idi.

- Görünür, içindəki İsmayılı öldürməmişdi, o balaca, saf qəlbli İsmayılı.

- Bəli, bəli. Heç yadımdan çıxmaz, müharibənin ən qızğın çağında, 1992-ci ilin qışında “Fəryad” filminin çəkilişləri üçün ata-baba yurdum Goranboya getmişdik. Çəkiliş qrupu gələnə qədər vəziyyəti öyrənib, yer-yurd eləmək məqsədi ilə bir gün əvvəl rayona yollandım. Rayondakı otel dağılmışdı. Çox məyus oldum. Amma nə isə düşünmək üçün vaxt yox idi. 30 nəfərdən ibarət çəkiliş qrupu Goranboya gəldi. Onları birtəhər yerləşdirdilər həmin dağılmış oteldə yataq dəstləri çatmırdı, otelin isitmə sistemi sıradan çıxmışdı, bir sözlə, vəziyyət ağır idi. Başa düşdüm ki, belə şəraitdə gecələmək çəkiliş qrupumuza baha başa gələcək. Odur ki, Ceyhun müəllimə yaxınlaşıb dedim ki, Ceyhun müəllim, inanmıram, bu şəraitdə kimsə qala bilsin, gəlin yığışıb gedək bizim kəndimizə. Kəndimiz rayon mərkəzinə yaxındı, bütün ailəm orda yaşayır. Bu gecəni bizim evdə, qohumlarımızın evində keçirək, sabah bir şey düşünərik.

Razılaşdı. Yığışıb getdik kəndə. Amma texniki heyətin bəzi üzvləri oteldə qalmaq istədi, ekstremal şəraitdə çox işlədiklərindən otelin şəraitsizliyi onları qorxutmadı. Onları oteldə qoyub getməli olduq. Kənddə hamını yerbəyer etdim. Ceyhun müəlli isə bizim evdə qaldı. Gecənin bir aləmi yatağından qalxıb dedi ki, Elşən, uşaqların yarısı oteldə qalıb, o soyuqda əziyyət çəkirlər, mən isə burda, isti yorğan-döşəkdə rahatca yatıram. Ürəyim götürmür bunu. Mən onların yanına gedirəm. Nə qədər dilə tutsaq da, dediyindən dönmədi. Çarəsiz qalıb onu gecə ilə otelə apardıq. Ertəsi gün isə Naftalana yollanıb oradakı “Çinar” sanatoriyasında məskunlaşdıq və filmimizi orada çəkdik. Filmin bütün çəkiliş prosesi bu gün də gözümün önündədir. Ceyhun Mirzəyev həqiqi mənada kino adamı idi.

- Özü də film boyu yaşadığı iztirablar gözlərindən oxunurdu. Onun çox ifadəli, gözəl gözləri vardı. Əslində o rol oynamırdı, qəhrəmanının bütün ağrı-acısını yaşayırdı.

- Bəlkə də ürəyinə dammışdı ki, bu film onun son işidir.

- Amma məncə, elə o film onun axırına çıxdı.

- Təbii. O film çox ağır filmdi. Ceyhun Mirzəyev də böyük aktyor idi, ürəkdən oynayan aktyor idi.

- Böyük aktyor olmaqla bərabər, həm də böyük insan idi.

- Əlbəttə. Qəhrəmanı olan İsmayılın bütün iztirablarını öz ürəyində çəkirdi və sonda ürəyi tab gətirmədi. Mən bütün bunları hiss edirdim, çəkilişlərdə görürdüm.

Filmdə bir səhnə var, İsmayılı zindanda döyürlər. Ceyhun müəllim onu vuran aktyorlara israrla deyirdi ki, vurun, vurun, möhkəm vurun! Deyirdik: “Ay, Ceyhun müəllim, necə vuraq axı? Dəyənəklər çox ağırdı, zədələnə bilərsiz”. Deyirdi: “Yox, qorxmayın, vurun, qoy təbii alınsın”.

Ona xəsarət yetirməmək üçün paltarının altından xüsusi jilet geydirdik, amma döyülmə səhnəsi bitəndən sonra jileti çıxaranda bədəninin göm-göy olduğunu görüb dəhşətə gəldik.

“Mən sənət fədailərindən öyrənmişəm sənətin sirlərini, insanlığı...”

Mən bax belə sənət fədailəri ilə çiyin-çiyinə işləmişəm. Təkcə kino təcrübəsini deyil, həyat təcrübəsini də onlardan əxz etmişəm.

Allah böyük sənətkarımız Həsən Məmmədova rəhmət eləsin. Uşaq qədər saf, sadə, səmimi bir insan idi. İnanın, onunla danışanda, ondan nəsə soruşanda utanırdım.

Şamil Mahmudbəyov, Şahmar Ələkbərov kimi peşəkarlardan, sənət fədailərindən öyrənmişəm sənətin sirlərini, insanlığı və buna görə özümü xoşbəxt sayıram.

- Onların özləri də vaxtı ilə böyük sənətkarlardan dərs alıblar.

- Təbii. Amma çox təəssüf ki, həmin ənnənə kəsildi. Kim ki, deyir, kinomuz bu gün inkişaf edir, ya özünü aldadır, ya da insanları. Kinomuzun bu günkü durumunu anlamaq üçün ölməz dramaturqumuz Cəfər Cabbarlının kinostudiyanın həyətindəki heykəlinə baxmaq kifayətdir....

(Ardı var)

R. Rzayeva

Loading...

QALEREYA