"Ərdoğan Nazirlər Kabinetində Binəli Yıldırımın xeyrinə dəyişikliyə gedəcək"

"Ərdoğan Nazirlər Kabinetində Binəli Yıldırımın xeyrinə dəyişikliyə gedəcək"

Ramil Məmmədli: "AKP-nin səslərin yenidən sayılması ilə bağlı müraciəti Türkiyədə onsuz da gərgin olan daxili siyasi vəziyyəti daha da gərginləşdirəcək"

Məhəmməd Əsədullazadə: "Seçkilər demokratik keçirilib və AKP nəticələri tanımalıdır"

Zeynal Əmrəliyev: "Düşünürəm ki, yeni partiya qurulacaq və AKP-də müəyyən dərəcədə parçalanmalar olacaq"

Türkiyədə martın 31-də baş tutan bələdiyyə seçkilərinin nəticələrinə görə, AKP ilə MHP-nin yaratdığı "Cümhur İttifaqı" qələbə qazansa da, ilkin məlumatlara görə, ölkənin ən böyük və önəmli şəhəri olan İstanbulda AKP-nin namizədi Binəli Yıldırım CHP-nin namizədi Əkrəm İmamoğluna məğlub olub. Buna etiraz edən AKP İstanbulda keçirilən bələdiyyə seçkilərində bir çox məntəqədə yazılan rəsmi protokollarda Binəli Yıldırımın yüksək səs almasına baxmayaraq, səslərin yoxa çıxması və yaxud rəqibinin xeyrinə yazılmasını təsdiqləyən sənədləri nümayiş etdirərək, İstanbulun 39 rayonunda səslərin yenidən sayılması tələbi ilə Türkiyənin Yüksək Seçki Kurumuna (Mərkəzi Seçki Komissiyası-red.) müraciət edib.

Eyni zamanda, AKP 290 mindən çox bülletenin etibarsız sayılmasına da etiraz edib və həmin bülletenlərin bir daha nəzərdən keçirilməsini tələb edib. Yüksək Seçki Kurumu isə öz növbəsində, hakim partiyanın müraciəti əsasında İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Maraqlıdır, İstanbulda səslərin təkrar sayilması AKP-nin xeyrinə ola bilərmi? İqtidar iddia edir ki, müxalifət seçkilərə müdaxilə edib və səslərin sayılması zamanı saxtakarlığa əl atıb. Görəsən, bu, nə qədər doğrudur?

"AKP əvvəllər olduğu kimi, ölkənin əsas iri şəhərlərində hakimiyyəti yenidən ələ keçirmək, mövqeləri öz xeyrinə dəyişmək istəyir"

Картинки по запросу Ramil Məmmədli

Məhz bu suallarla müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə açıqlamasında bildirdi ki, AKP-nin səslərin yenidən sayılması üçün Yüksək Seçki Kurumuna müraciəti Türkiyədə onsuz da gərgin olan daxili siyasi vəziyyəti daha da gərginləşdirəcək: "Belə ki, seçkilərdə istər texniki, istərsə də digər istiqamətlər üzrə dolayısıyla saxtakarlığın olduğunu iddia edən AKP yenidən seçkinin keçirilməsi, səslərin sayılması iddiası ilə çıxış etməklə ölkədə onsuz da illərdir siyasi barışığın mövcud olmadığı bir vəziyyəti daha da çətinləşdirəcək. Düşünürəm ki, CHP-nin, xüsusilə də MHP-nin əldə etdiyi uğurlar problem yaradacaq. Belə düşünmək olar ki, AKP əvvəllər olduğu kimi, ölkənin əsas iri şəhərlərində hakimiyyəti yenidən ələ keçirmək, mövqeləri öz xeyrinə dəyişmək istəyir. Lakin inanmıram ki, müxalifət bu məsələnin üzərindən sakitliklə keçsin və seçkilərin AKP-nin xeyrinə dəyişməsinə imkan yaratsın".

"Səslərin yenidən sayılmasından sonra İstanbulda vəziyyətin AKP-nin xeyrinə dəyişməsi Türkiyədə yeni mitinqlər dalğasının başlanğıcı olacaq"

Hərbi-siyasi icmalçının sözlərinə görə, səslərin yenidən sayılmasından sonra İstanbulda vəziyyətin AKP-nin xeyrinə dəyişməsi Türkiyədə yeni mitinqlər dalğasının başlanğıcı olacaq: "Həmçinin, bu, Türkiyədə yeni daxili siyasi çəkişmələrin başlanğıcı olacaq və getdikcə prezident Rəcəb Tayyib Ərdoğanın mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Bunu bəziləri başqa cür qələmə verirlər. Onlar düşünürlər ki, Ərdoğan hələ də Türkiyədə mütləq hakimiyyətə malikdir. Əslində, bu, belə deyil. Sadəcə olaraq, bəzi məqamlarda Ərdoğanın manevrləri, siyasi gedişləri müxalifət partiyalarına sərf edir. Bu səbəbdən də onun üzərinə çox gedilmir. Amma Türkiyə vətəndaşlarının səslərinin oğurlanması, daha doğrusu ona inamsızlığın göstərilməsi və sonradan yenidən təkrar seçkilərin keçirilməsi iddiası ilə çıxış etmək, hər halda Türkiyə cəmiyyəti üçün o qədər də arzuolunan deyil. İnanmıram ki, Türkiyə cəmiyyəti, türk xalqı və seçki qurumları CHP-nin qalib gəlməsi üçün hər hansı saxtakarlığa və yaxud da bunun üçün müəyyən danışıqlara gediblər. Bu, inandırıcı deyil. Sadəcə olaraq, AKP məğlubiyyəti ilə barışmaq istəmir".

"Seçkilərdə böyük miqyasda saxtakarlığın olması real deyil"

Похожее изображение

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri hakim AKP-nin siyasi dayaqlarının zəifləməsini üzə çıxardı: "Çünki ölkədə iqtisadi inflyasiya, sosial problemlər və işsizlik getdikcə artır. Türkiyə vətəndaşlarını əsas qayğılandıran oların sosial problemlərinin həllidir. AKP-nin regional siyasəti və Qərblə soyuqlaşan əlaqələri iqtisadi sferaya mənfi təsir edib. Bu iqtisadi problemlərdən və 16 illik AKP-nin müəyyən səhvlərindən məharətlə istifadə edən CHP və İYİ Partiyasının "Millət İttifaqı" böyük şəhərlərdə səsləri qazandı. İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər CHP-nin namizədinə səs verdi. Hesab edirəm ki, AKP 16 illik hakimiyyətinin bu məğlubiyyəti ilə barışa bilmir. Hakimiyyət olmasına baxmayaraq, seçkilərdə hiylə olmasını irəli sürür".

Vətəndaşların qəti surətdə öz namizədlərinə səs verdiklərini vurğulayan politoloqun fikrincə, seçkilərdə böyük miqyasda saxtakarlığın olması real deyil: "Əgər, AKP-nin namizədi seçilsəydi, saxtakarlıqdan söhbət gedə bilməzdi. Artıq ABŞ da seçkilərin nəticələrini tanımağa çağırıb. CHP-nin qalib olması AKP üçün gözlənilməz oldu. Bu seçkilər demokratik keçirilib və AKP seçkilərin nəticələrini tanımalıdır. Lakin iqtidar inzibati resurslardan istifadə edərək seçkilərin yenidən sayılmasını qaldırıb. Bu, seçicilərin siyasi iradəsinə ziddir. AKP çalışır ki, seçkilərin nəticələrini ləğv etsin, növbəti seçkidə saxtakarlıq edərək öz namizədinin qalib gəlməsini elan etsin. Bu, Türkiyənin siyasi nüfuzuna zərbə ola və ölkədə geniş miqyaslı etirazlarla nəticələnə bilər. Hesab edirəm ki, Yüksək Seçim Qrumu AKP-nin təlimatını yerinə yetirməyə çalışa bilər. Prezident Ərdoğan İstanbul və Ankarada seçkilərin nəticələrini ləğv etdirə bilməyəcək. Artıq AKP seçkilərin nəticələrini tanımalı, seçicilərin iradəsinə hörmət etməlidir. Müxalifət necə saxtakarlıq edə bilər ki, bütün inzibati resurslar AKP-nin nəzarətindədir. Sadəcə, demokratik seçki ilə barışmaq lazımdır. Görünür, siyasi mədəniyyət nümayiş etdirmək AKP üçün çətin seçimdir".

"Bu seçkilərdə İstanbulu itirməklə Ərdoğanın 2023 vizyonu fiaskoya uğramış olacaq"

Картинки по запросу Zeynal Əmrəliyev

AKP-nin səslərin yenidən sayılması üçün Yüksək Seçki Kurumuna müraciətini səhv addım kimi dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyev "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, Türkiyə iqtidarı İstanbuldakı seçki məğlubiyyəti ilə barışmaq istəmədiyinə görə, səslərin yenidən sayılması prosesinə start verilib: "Seçkilərə süni müdaxilə edilməsi ilə bağlı deyilənlər çox da inandırıcı görünmür. Çünki seçki günü axşam Binəli Yıldırım öndə olduğu zaman AKP iqtidarı seçkilərin İstanbulda, ümumiyyətlə Türkiyədə normal keçdiyini və Binəli Yıldırımın 0,5 faiz səslə qalib gəldiyini elan etmişdi. Daha sonra nəticələr Əkrəm İmamoğlunun xeyrinə dəyişdikdə AKP nəticələrə etiraz etdi və səsvermədə süni maneələrin yaradıldığını bildirdi. Düşünürəm ki, AKP-nin etdiyi siyasi cığallıqdır. Bu, Türkiyədə ümumi demokratiyanı və iqtidarın imicini zərbə altına alacaq əməldir. Sadəcə olaraq, bu seçkilərdə İstanbulu itirməklə Ərdoğanın 2023 vizyonu fiaskoya uğramış olacaq. Bu isə Ərdoğanın qarşısına qoyduğu nəticələrə çatmaqda ağır nəticələrə səbəb olacaq".

"AKP həm Ankara, həm də İstanbulda namizəd seçimini düzgün etmədi"

İstanbulun itirilməsinin AKP iqtidarını böyük iqtisadi gücdən məhrum etdiyini vurğulayan siyasi şərhçi hesab edir ki, bu, həmçinin siyasi cəhətdən partiya daxilində fikir ayrılıqlarının yaranmasına da səbəb ola bilər: "Çünki AKP həm Ankara, həm də İstanbulda namizəd seçimini düzgün etmədi. Binəli Yıldırım hər nə qədər dövlətin ikinci adamı olsa belə, yaxşı olardı ki, onun yerinə daha gənc və aktiv siyasətçi irəli sürərdilər. Ankarada da namizəd seçimi düzgün hesab edilmədi. Çünki Mənsur Yavaş Ankarada AKP və MHP-nin ortaq səsini bölə bildi. Yəni o, MHP-dən AKP-yə gedəcək səsi ala bildi. Bildiyiniz kimi, Mənsur Yavaş ülkücü bir siyasətçidir. MHP-yə üzv olan milliyyətçilərin isə tərəf olsa belə, Mənsur Yavaş durarkən Mehmet Özhasekiyə səs verəcəklərini güman etmək sadəlövhlük olardı. Çünki Yavaş hər nə qədər seçkilərə CHP-nin namizədi kimi qatılsa belə, İstanbuldakı ülkü ocaqlarının böyük əksəriyyəti ona "Mansur abi" deyərək səslənir. Odur ki, ülkücülər tərəfindən ona səs verilməsi başadüşülən idi".

"Səslərin təkrar hesablanması prosesində İstanbul AKP-nin əlinə keçərsə, o zaman bu, Türkiyədə siyasi mənzərənin dəyişməsinə səbəb olacaq"

İqtidarın səslərin yenidən sayılması zamanı bütün administrativ resursları işə salaraq İstanbulda Binəli Yıldırımın qələbəsini təmin etməyə çalışacağını iddia edən Zeynal Əmrəliyev bu qənaətdədir ki, bu, Türkiyədə lokal qarşıdurmalara səbəb olacaq, Türkiyə demokratiyasının imicinə mənfi təsir göstərəcək: "Eyni zamanda, bu, Ərdoğan iqtidarının avtoritar hakimiyyət qurmasına doğru atılacaq bir addım olacaq. Bu isə Türkiyə üçün yaxşı heç nə vəd etmir. Əgər səslərin təkrar hesablanması prosesində İstanbul AKP-nin əlinə keçərsə, o zaman bu, Türkiyədə siyasi mənzərənin dəyişməsinə, iqtidarla müxalifət arasında kəskin rəqabətin meydana çıxmasına səbəb olacaq. Yaxşı olardı ki, bu rəqabət demokratiya şəraitində keçsin. Onsuzda ölkənin üçüncü ən böyük şəhəri olan İzmir müxalifətin əlindədir. Qeyd edim ki, hazırda iqtidar daxilində ruh düşkünlüyü var. Çünki artıq keçmiş nazirlərin - Əhməd Davudoğlu, Əli Babacan, Suat Kılıc və Mehmet Şimşekin yeni partiya qurmağa başladıqlarına dair xəbərlər gəlir. Düşünürəm ki, yeni partiya qurulacaq və AKP-də müəyyən dərəcədə parçalanmalar olacaq. Binəli Yıldırımın siyasi gələcəyinə gəlincə, düşünürəm ki, əgər o, İstanbulun bələdiyyə başqanı olmasa, o zaman Ərdoğan Nazirlər Kabinetində onun xeyrinə bir dəyişikliyə gedəcək. Ola bilsin ki, Binəli Yıldırım nəqliyyat naziri və yaxud vitse-prezident, prezidentin köməkçisi kimi bir vəzifəyə gətirilsin. Yəni İstanbulda bələdiyyə seçkiləri CHP-nin xeyrinə nəticələnərsə, onda Yıldırım bürokrat olaraq fəaliyyətə başlayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA