"Rusiya-Gürcüstan münasibətləri güclənərsə, bu zaman ABŞ-ın təzyiqi özünü göstərəcək" - RUSİF MƏMMƏDSOY

"Rusiya-Gürcüstan münasibətləri güclənərsə, bu zaman ABŞ-ın təzyiqi özünü göstərəcək" - RUSİF MƏMMƏDSOY

"Kreml çalışır ki, Gürcüstanı Qərbdən uzaqlaşdırsın, lakin bu, heç də asan olmayacaq"

"Vladimir Putin qərarını verdi. O, Gürcüstana sanksiya tətbiq etməyəcək. Çox ağıllı və yerində verilmiş qərar idi. Putin başa düşür ki, Gürcüstanla əlaqələrdə diqqətli olmaq lazımdır. Radikal addımlar atmaq olmaz". Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Rusif Məmmədsoy deyib.

2008-ci il hadisələrindən sonra yeni-yeni səfərlərin başladığını, əlaqələrin normallaşdığını vurğulayan siyasi şərhçinin sözlərinə görə, Gürcüstan hökuməti Rusiyadan qaz alışını da istisna etmir: "Bütün bunlar isə İvanişvili amili ilə bağlıdır. Bu mənada, Putin bu cür hallara görə münasibətlərə xələl gəlməsini istəmir. Rusiya Gürcüstandan nə istəyir? Hazırda əsas sual məhz budur. Çünki Gürcüstanın iqtisadi potensialı olduqca aşağıdır. Azərbaycan tərəfinin hesabına tranzit ölkə kimi büdcəni artıra bilir. Bundan əlavə, Rusiyadan və s. ölkələrdən turist axınını da buna aid edə bilərik. Kreml çalışır ki, Gürcüstanı Qərbdən uzaqlaşdırsın. Bu, heç də asan olmayacaq. Çünki 2008 və 2014-cü illərə nəzər saldıqda görürük ki, bir tərəfdə hələ Rusiyadan tam uzaqlaşa bilməyən Gürcüstan, digər tərəfdə isə bunu bacaran və demokratiya yolunda uğurla addımlayan bir Ukrayna var. Bu mənada, gürcü xalqı təcrübəyə üstünlük verəcək. Yəni, bu mümkünsüz deyil. Digər tərəfdən, əgər iki ölkə arasındakı münasibətlər daha da güclənərsə, bu zaman ABŞ-ın təzyiqi özünü göstərəcək".

ABŞ-ın Rusiyanın zəifləməsini və ya parçalanmasını istəmədiyini deyən Rusif Məmmədsoy hesab edir ki, bunun səbəbi regionda əsas aktorun Rusiya olmasıdır: "Bu səbəbdən də qüvvələr balansını qoruya bilir. Əks halda iqtisadi potensialı olduqca yüksək olan Çin çox güclənər. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, ABŞ Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq istəyir. Təbii ki, münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini zamanla görəcəyik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org