"Rusiya Qərbə qarşı "soyuq müharibə"ni hibrid vasitələrlə aparır" - NƏZAKƏT MƏMMƏDOVA

"Rusiya Qərbə qarşı "soyuq müharibə"ni hibrid vasitələrlə aparır" - NƏZAKƏT MƏMMƏDOVA

"Kreml müasir virtual vasitələrlə, kiber müdaxilələrlə Fransada öz siyasi məqsədlərini həyata keçirməyə çalışır"

"Rusiya kəşfiyyatı hələ sovet dönəmində çaxnaşma salmaq istədiyi dövlətlərdə əhali arasında yanlış məlumatlar yaymaqla təxribatların törədilməsinə nail olub"

"Moskva Avropa Birliyinin parçalanmasında maraqlıdır, çünki bu, həm də NATO-nun parçalanmasına səbəb olacaq"

Ötən ilin noyabrın 17-də Fransada yanacağın qiymətinin artması ilə əlaqədar başlayan genişmiqyaslı etiraz aksiyaları, "sarı jiletlilər" hərəkatı gün keçdikcə rəsmi Paris üçün daha böyük və ciddi problemlər yaradır. Bununla bağlı verilən məlumatlara görə, 200 nəfərin həbsinə, 30-ya yaxın şəxsin xəsarət almasına və 20-yə yaxın şəxsin ölümünə səbəb olan "sarı jiletlilər" qiyamı Fransa iqtisadiyyatına külli miqdarda ziyan vurub. Məhz elə bu səbəbdən də Fransa prezidenti Emmanuel Makronun "sarı jiletlilər"in etirazlarına səbəb olan böhrandan çıxmaq üçün gizli referendum hazırladığı qeyd olunur. Belə ki, "Le Journal du Dimanche" nəşrinin yaydığı informasiyada deyilir ki, referendum Avropa Parlamentinə seçkilər kimi mayın 26-sı keçirilə bilər.

Digər bir məlumatda isə bildirilir ki, Makron hökuməti məhz Rusiyanın "sarı jiletlilər" qiyamını təşkil etdiyindən şübhələndiyi üçün Kremlin bu olaylarla gizli iştirakını araşdırır. Fransa prezidenti isə öz növbəsində, bəyan edib ki, Rusiya KİV-ləri sosial şəbəkələrdə hesabları alaraq, ölkənin daxili siyasi böhranına müdaxilə edir və "sarı jiletlilər"in çıxışlarını provokasiya edirlər. Emmanuel Makron bu informasiyanı haradan əldə etdiyini açıqlamasa da, bu işdə xüsusilə RT və "Sputnik"in aktiv olduğunu vurğulayıb.

"Rusiya dövlətinin siyasəti mümkün qədər çox dünya ölkələrinin siyasətinə qarışmaq, öz milli maraqlarını hər vasitə ilə həyata keçirməkdir"

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədovanın fikrincə, Emmanuel Makron Rusiyanı Fransanın daxili işinə qarışmaqda, "sarı jiletlilər"in çıxışlarını provokasiya yolu ilə ölkənin daxili siyasi böhranına müdaxilə etməkdə ittiham edirsə, o zaman yəqin ki, bunun üçün əsasları var: "Düşünmürəm ki, Makron bu ifadəni əsassız yerə səsləndirsin. Yəqin ki, bunun üçün əsasları mövcuddur. Əslində, Napoleon Bonapartın Rusiyaya hücumunu çıxmaq şərtiylə, tarixən Rusiya ilə Fransanın münasibətləri hər zaman normal olub. Belə biz tarixdə daha çox Fransa-Rusiya yaxınlaşmasını müşahidə etməşik, nəinki qarşıdurmasını. Lakin indi Makronun dediklərində həqiqət ola bilər. Əgər müdaxilə variantı varsa, o zaman Kreml bir neçə məqsədlə bunu edə bilər. Qeyd edim ki, Rusiya dövlətinin siyasəti mümkün qədər çox dünya ölkələrinin siyasətinə qarışmaq, öz milli maraqlarını hər vasitə ilə həyata keçirməkdir. Odur ki, Fransa da istisna deyil. Yəni Moskvanın ənənəvi siyasətini nəzərdən keçirdikdə biz buna inanmalı oluruq. Hətta Rusiya digər dövlətlərə hərbi müdaxilələr belə, edir. Makronun açıqlamasından da görünür ki, Rusiya müasir virtual vasitələrlə, kiber müdaxilələrlə Fransada öz siyasi məqsədlərini həyata keçirməyə çalışır".

Kremlin dezinformasiya sahəsində böyük təcrübəsinin olduğunu vurğulayan politoloqun sözlərinə görə, Rusiya kəşfiyyatı hələ sovet dönəmində çaxnaşma salmaq istədiyi dövlətlərdə əhali arasında yanlış məlumatlar yaymaqla təxribatların törədilməsinə nail olub: "Bütün bunlar Rusiyanın informasiya müharibəsində geniş istifadə etdiyi üsullardan biridir. Bildiyiniz kimi, Kreml hazırda Avropaya, Qərbə qarşı "soyuq müharibə"ni hibrid vasitələrlə həyata keçirir. Fransa da nə olsur-olsun bir Qərb ölkəsidir, həmin düşərgədənin bir parçasıdır. Bu səbəbdən də Moskva Qərbə qarşı hibrid müharibəsini hər bir üsulla edir, o cümlədən bunun üçün müasir virtual vasitələrə də baş vurur".

"Sarı jiletlilər" hərəkatı sosial tələblərlə başladı və Moskva da öz növbəsində, həm sovet dönəmində, həm də indi hər zaman sosialistləri dəstəkləyib"

Rusiyanın Avropa Birliyinin zəifləməsində, qurumun parçalanmasında maraqlı olduğunu qeyd edən Nəzakət Məmmədova hesab edir ki, bunun əsas səbəbi adıçəkilən birliyin bütün dövrlərdə Kremllə münasibətlərində ciddi qarşıdurmaların olmasıdır: "Biz görürük ki, Avropa Rusiyadan daha çox İran və Çinlə müttəfiqlik yaradıb güclənməyə çalışır. Yəni Avropa Birliyi bu yolla bir güc mərkəzi olmaq, Rusiya və ABŞ-ın təsirinə qarşı dayanmaq niyyətindədir. Düzdür, bəzi məsələlərdə Avropanın Rusiya ilə yaxınlaşmaları var, lakin ümumilikdə Avropa Birliyi bir katolik klubudur. Ruslara gəlincə, onların xristian olmasına baxmayaraq, tarixən katoliklərlə provoslavlar arasında çox böyük düşmənçilik və ədavət olub. Bu gün tərəflər arasında yaşanan ziddiyyətlərin kökü də məhz burdan gələr. Yəni tarix boyu Bizansla Qərbi Roma imperiyasının mübazirəsi olub. Rusiya isə provoslavlığı Bizansdan götürdüyü üçün özünü onun mənəvi varisi sayır. Məhz elə bu səbəbdən də katolik Avropa ilə provoslav Rusiya arasında daim gərginlik yaşanıb. Odur ki, katoliklərlə pravoslavlar arasında tarixən mövcud olan nifrət bu gün Avropa Birliyinin Rusiya ilə münasibətlərində özünü qabarıq şəkildə biruzə verir. Bundan başqa, tərəflər arasında mövcud olan ziddiyyətlərin digər siyasi səbəbləri də var. Misal kimi, Avropa Birliyinin Rusiyanın sərhədlərinə doğru genişlənməsini göstərmək olar. Bu səbəbdən də Kreml Avropa Birliyinin parçalanmasında olduqca maraqlıdır. Çünki bu, həm də NATO-nun parçalanmasına səbəb olacaq. Digər tərəfdən, onu da qeyd etməliyəm ki, Fransada daim sosializm ideyaları güclü olub. Əslində, "sarı jiletlilər" hərəkatı da sosial tələblərlə başladı. Lakin bir qədər sonra siyasi tələblərə keçdilər. Ancaq yenə də sosial hərəkat kimi tanınır. Rusiya isə öz növbəsində, həm sovet dönəmində, həm də indi hər zaman sosialistləri dəstəkləyib. Yəni bu amil daim Kremlin siyasətinin əsasında durub".

"Bütün bunları nəzərə alaraq, Makronun Kremlin ünvanına səsləndirdiyi ittihamların doğru olduğunu demək mümkündür"

Rusiyanın Makronun hakimiyyətə gəlməsini istəmədiyini, bu səbəbdən də seçki kampaniyası zamanı onun əsas rəqibi olan Marin Le Peni dəstəklədiyini bildirən politoloq bu qənaətdədir ki, Moskva Fransada sağ radikalların hakimiyyətə gəlməsində maraqlı idi: "Çünki Kreml bilirdi ki, bu, Avropanın həmrəyliyinin parçalanmasına, Fransanın və ümumilikdə Avropa Birliyinin zəifləməsinə səbəb olacaq. Buna görə də Rusiya Marin Le Peni dəstəkləyir, hətta ona maliyyə də ayırırdı. Makron isə ondan fərqli olaraq, Avropa Birliyinin daha da möhkəmlənməsini, qurum daxilində həmrəyliyin güclənməsini, birliyin Rusiya və ABŞ-a təsirlərinə qarşı duruş gətirə biləcək real gücə çevrilməsini istəyən bir prezidentdir. Bu isə Rusiyanın maraqlarına cavab vermir, onu qane etmir. Odur ki, bütün bunları nəzərə alaraq, Makronun Kremlin ünvanına səsləndirdiyi ittihamların doğru olduğunu demək mümkündür. Yəni Rusiya maraqlarına cavab verdiyi üçün Makrona qarşı olan hərəkatı dəstəkləyə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA