"Rusiyanın Moldova üçün etdiyi təklif Azərbaycana aid edilə bilməz" - MÖVQE

"Rusiyanın Moldova üçün etdiyi təklif Azərbaycana aid edilə bilməz" - MÖVQE

Kamran Sultanlı: "Qarabağda Rusiya ilə bərabər Türkiyə, Pakistan və bir neçə Qərb dövlətlərinin iştirak edəcəyi beynəlxalq koalisiyanın yerləşdirilməsi daha məqsədəuyğundur"

Kənan Paşayev: "Hazırda Kremli Dağlıq Qarabağla bağlı eyni addımı atmağa məcbur edən hər hansı amil yoxdur"

Turan Rzayev: "Hər nə qədər oxşar görünsə də Moldova və Azərbaycandakı problem olduqca fərqlidir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünlərdə verdiyi açıqlamasında qeyd edib ki, ölkəsi Dnestryanı konfliktinin həllinin və Dnestryanının neytral, suveren Moldovanın tərkibinə qaytarılması tərəfdarı olaraq qalmaqda davam edir. Belə ki, Rusiyanın Dnestryanını tanımadığını vurğulayan Lavrov bildirib ki, Moskva sözügedən konfliktin müvafiq prinsiplər əsasında həllinə çağıran proses iştirakçısıdır: "Bir nömrəli prinsip odur ki, Dnestryanıya Moldovanın tərkibində xüsusi status veriləcək, Moldova suverenliyini saxlayacaq. Yəni heç bir dövlət tərəfindən "udulmayacaq", neytral statusda qalacaq, heç bir hərbi-siyasi blokun üzvü olmayacaq. Bu prinsiplər 2000-ci illərin əvvəllərində razılaşdırılıb. Bu sənəd Tiraspol və Kişinyov tərəfindən paraflanmışdı, amma tərəflərin sənədi imzalanmasına bir neçə saat qalmış Avropa Birliyindəki həmkarlarımız Moldovanın o zamankı prezidenti Voroninə bunu imzalamağı qadağan etmişdilər. Səbəb çox sadə idi. Çünki bunun imzalanması Rusiyanın diplomatik uğuru olacaqdı".

Kreml Dnestryanı bölgəni Moldovaya verməyə hazırlaşır, görəsən Qarabağı da Azərbaycana qaytaracaq?

Nəzərinizə çatdıraq ki, Rusiyanın xarici işlər nazirinin fikirlərini şərh edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun qənaətincə, Kreml Dnestri Moldovaya verməyə hazırdır, lakin əvəzində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir: "Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir. Ötən həftə Lavrov bununla bağlı "top"un Kişinyovda olduğunu bildirdi. NATO və Avropa İttifaqının getdikcə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Moskva Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir. Hələ 2000-ci illərin əvvəllərində Dnestryanı məsələsinin həlli müqabilində Moldovanın neytral xarici siyasət aparacağı təklifi Brüsseldə kəskin etiraza səbəb olmuşdu. Moldovanın o vaxtkı prezidenti Voronin razılığa gəlməmişdi, nəticədə o öz postundan "getməli" oldu". Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət çəkən politoloq bizim də Qarabağ məsələsində təkliflər gözlədiyimizi qeyd edib: "Bir neçə il əvvəl Moskvanın bir neçə rayon əvəzinə rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi təklilfi kimi yox, Qarabağın Azərbaycanın tərkibində yüksək statusu əvəzinə ölkəmizin blok seçməsi, enerji layihələrinə Ermənistanın qoşulması, Xəzərdə qaz lahiyələrinin şimalla birgə istismarı və sair kimi təkliflər müzakirə predmeti ola bilərdi".

"Rəsmi Kişinyovun Avroatlantik məkanına inteqrasiyası problematikdir, çünki belə olan halda ölkə ciddi bölünmə və qarşıdurma yaşaya bilər"

Rusiyanın Qərblə Moldovada son seçkilər sonrası razılaşdığını iddia edən müstəqil ekspert Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Moldova Qərbyönümlü olmasına baxmayaraq, Demokratik Partiyanın lideri Vladimir Ploxotnyuku Qərb də istəmirdi: "Çünki Ploxotnyuk faktiki ölkəni inhisara almışdır. Onun adı "əsrin oğurluğu" adlanan maliyyə fırıldağında da hallanırdı. Beləcə, Moskva və Qərb Moldovada sosialistlərin və Qərbyönümlü ACUM blokunun koalisiyasına isti yanaşdı. Baxmayaraq ki, Moldova Avropa Birliyi ilə assosiativ saziş imzalayıb, lakin rəsmi Kişinyovun Avroatlantik məkanına - NATO-ya inteqrasiyası problematikdir. Çünki belə olan halda ölkə ciddi bölünmə və qarşıdurma yaşaya bilər".

Belə ki, Qaqauziyanın Qərbyönümlü kursa qarşı olduğunu deyən müstəqil ekspertin sözlərinə görə, Rusiyanın burada təsiri daim güclü olub: "Moldova kilsəsi hələ də Moskva patriarxlığına tabedir və Rusiyanın kanonik ərazisidir. Ona görə Moskva Dnestryanını yüksək muxtariyyətlə Moldovanın tərkibində saxlayıb Moldovanın NATO-ya inteqrasiya etməyəcəyi ilə bağlı zəmanət istəyir. Dnestryanıya yüksək muxtariyyət verməklə həm də onu Moldovanın içində gələcəkdə təsir vasitəsi kimi saxlamağa cəhd edir".

Qarabağ münaqişəsinə gəldikdə isə Kamran Sultanlı hesab edir ki, Kreml sözügedən problemlə bağlı da bu cür ssenarilər təklif edir: "Bir müddət əvvəl Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ilə bağlı gəzən söz-söhbətlər, daha sonra Avrasiya İqtisadi Birliyində müşahidəçilik formatının yaradılması, Jirinovskinin dəfələrlə Qarabağla bağlı çıxışları Kremlin bu istiqamətdə də müəyyən təkliflər irəli sürdüyünü göstərir. Moskva Qarabağda öz sülhməramlılarını yerləşdirmək, Azərbaycan və Ermənistanı öz çətiri altına almaqla regionda mövcudluğunu davam etdirmək istəyir. Lakin rəsmi Bakı dəfələrlə qeyd edib ki, Azərbaycanın Ermənistanla eyni ittifaqda olması mümkün deyil. Bu, o zaman mümkün ola bilər ki, Qarabağ münaqişəsi həll olunsun. Həmçinin, Qarabağda təkcə rus qoşunlarının yerləşdirilməsi də qəbuledilməzdir. Odur ki, Rusiya ilə bərabər Türkiyə, Pakistan və ən azı bir neçə Qərb dövlətlərinin də iştirak edəcəyi beynəlxalq koalisiya daha məqsədəuyğun olar bilər".

"Əvvəl-axır Avropa İttifaqı və NATO Rusiya sərhədlərinə çatacaq"

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev də bu qənaətdədir ki, Moskvanın Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəməsi NATO və Avropa İttifaqının Rusiya sərhədlərinə yaxınlaşmasından ehtiyatlandığı üçündür: "Düşünürəm ki, Moldovanın Avropa İttifaqına və NATO-ya üzvlüyü yaxın illərdə baş verəcək. Rusiya bunun qarşısını almaq, Moldovanı itirməmək üçün bu addımı atır. Təbii ki, bu vəziyyət Moldovanın xeyrinə olacaq. Lakin onu da deyə bilərəm ki, rəsmi Moskva bununla belə, istəyinə nail ola bilməyəcək. Yəni, əvvəl-axır Avropa İttifaqı və NATO Rusiya sərhədlərinə çatacaq".

Rusiyanın yaxın illərdə Dağlıq Qarabağla bağlı eyni addımı atacağını gözləmədiyini vurğulayan ekspertin sözlərinə görə, hazırda Kremli buna məcbur edən hər hansı amil yoxdur: "Düşünürəm ki, bunun baş verməsi üçün Azərbaycan Ermənistana qarşı hərbi və siyasi təzyiqlərini artırmalıdır. Eyni zamanda, rəsmi Moskva ilə bu mövzu ətrafında intensiv danışıqlara başlanmalıdır. Yalnız bu zaman nəticə əldə etmək olar".

"Moldova və Azərbaycan Rusiya üçün eyni maraq dərəcəsində olan ölkələr deyil"

"Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayev də bildirdi ki, bu gün Avropa İttifaqı Rusiya sərhədlərinə yaxınlaşır və artıq Baltikyanı ölkələrə, Qafqaza, Moldova və Ukraynaya, yəni Kremlin maraq dairəsində olan dövlətlərə nüfuz etməkdədir: "İlk olaraq onu deyim ki, Rusiya artıq bəzi regionlarda güc itirməkdədir. Misal olaraq Baltikyanı ölkələri, o cümlədən Ukrayna və Gürcüstanı göstərmək olar. Bu ölkələr daha Rusiyaya etimad etmir və onun aqressiv davranışlarını müstəqillikləri üçün təhdid kimi görürlər. Bunun nəticəsidir ki, bu gün bu ölkələr Avropaya meyl edirlər".

Qarabağ məsələsinə gəldikdə isə ekspert qeyd etdi ki, əgər Rusiya Moldovanın Dnestryanı konfliktində bu cür həll yolu təklif edibsə, bu, Qarabağ problemində də belə bir addım atacağı demək deyil: "Çünki Moldova və Azərbaycan Rusiya üçün eyni maraq dərəcəsində olan ölkələr deyil. Bəli, hər iki ölkə Rusiya üçün vacibdir və hər iki ölkə bənzər görünən problemlərdən əziyyət çəkir. Lakin Kremlin bu iki ölkəyə yanaşması eyni deyil. Bir məsələyə aydınlıq gətirmək lazımdır ki, hər nə qədər oxşar görünsə də Moldova və Azərbaycandakı problem olduqca fərqlidir. Ən böyük fərq ondadır ki, Moldovada ideoloji bir fərqdən qaynaqlanan və iqtisadi çatışmazlıqdan bir vilayətin ölkədən imtina edərək daha təhlükəsiz bir ölkəyə birləşmək istəməsi halıdır. Daha dəqiq desəm, Dnestryanı SSRİ dağıldıqdan sonra kommunist ideologiyasına sadiq qaldı, lakin Moldova Qərbə meyl edərək liberal dəyərləri seçdi. Səbəb isə Moldovanın Avropa İttifaqına qoşulmaq istəməsi idi. Lakin bir reallıq hələ də aktualdır. Moldova Avropanın ən kasıb ölkəsidir. Bu gün Avropa Birliyinə isə iqtisadi potensialı olan ölkələr lazımdır. Onsuz da Yunanıstan və İtaliya Avropa Birliyinə olduqca çətin anlar yaşadır. Moldova da Avropa Birliyi üçün problemdən başqa bir şey olmaz".

"Dağlıq Qarabağ Dnestryanıdan fərqli olaraq separatizm deyil, işğal problemidir"

Dnestryanı hər nə qədər Rusiyaya birləşmək istəsə də, Kremlin Moldovanı itirməyə səbəb olacaq bir addım atmaq niyyətində olmadığını deyən Turan Rzayevin fikrincə, Dağlıq Qarabağ problemində isə vəziyyət tamamilə fərqlidir: "Dağlıq Qarabağ Dnestryanıdan fərqli olaraq separatizm deyil, işğal problemidir. Təəssüf ki, ölkəmizdə "separatçı", "separatizm" ifadələri işlənsə də Dağlıq Qarabağ problemi bir ölkənin digər ölkəyə qarşı tədbiq etdiyi işğal faktorudur. Dağlıq Qarabağ o zaman separatizm problemi olardı ki, burada Azərbaycan tərəfi də iştirak edə və leqal mübarizə gedərdi. Bu baxımdan, deyə bilərəm ki, Rusiyanın Moldova üçün etdiyi təklif Azərbaycana aid edilə bilməz. Rusiyanın Azərbaycana edəcəyi istənilən təklif Ermənistan tərəfinin narazılığına səbəb ola bilər. Buna görə də Rusiyanın iki tərəfin də maraqlarını nəzərə alaraq, bir təklif irəli sürəcəyi daha real görünür. Onu da qeyd edim ki, istənilən təklif problemin işğal faktoru olduğunu təkzib edə bilməz və ediləcək təklifdə bu reallıqlar nəzərə alınmalıdır".

Vazeh BƏHRAMOĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA