"Ruspərəst qüvvələr Azərbaycanda Kremlin maraqlarına xidmət edirlər" - SƏRDAR CƏLALOĞLU

"Ruspərəst qüvvələr Azərbaycanda Kremlin maraqlarına xidmət edirlər" - SƏRDAR CƏLALOĞLU

"Hökumət yanvarın 19-da mitinqə ona görə icazə verdi ki, ölkə ictimaiyyətinin diqqəti Rusiyanın Azərbaycanın işğalından yayınsın"

"Mitinqdə Rusiyanın əleyhinə, rusların törətdikləri qırğınlarla, eləcə də Qarabağla bağlı nə bir şüar səsləndirildi, nə də bir çıxış oldu"

"Əvvəlki illərdən fərqli olaraq bu dəfə parlament seçkilərində müxalifətə elə də mane olmayacaqlar"

"Əgər siyasi dustaqlar mitinqlərlə azad olunursa, o zaman sual olunur ki, Əli Kərimli nə üçün müavinlərini məhz bu yolla azad etmir?"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü, ölkə başçısının Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı verdiyi açıqlama, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll yolları, Türkiyənin Minsk Qrupuna qoşulması ehtimalı, növbədənkənar parlament seçkilərinin zəruriliyi və digər mühüm mövzularla bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotazrbaycan_xalq_hrkatina_knar_tzyiq_varquot_-_srdar_clalolu)

- Bildiyiniz kimi, yanvarın 19-da paytaxtın Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda Milli Şuranın təşkilatçılığı və müxalif düşərgənin digər bir sıra təşkilatlarının dəstəyi ilə Mehman Hüseynova, o cümlədən digər siyasi məhbuslara azadlıq tələblərilə mitinq keçirilib. Sözügedən mitinqi necə qiymətləndirirsiniz?

- Əvvəla, çox maraqlıdır ki, bundan qabaq Müsavat Partiyası Qarabağla bağlı mitinq keçirilməsi üçün müraciət etsə də, hökumət buna icazə verməmişdi. Hansıki bundan imtina etmək üçün heç bir səbəb yox idi. Lakin "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əsasən yanvarın 19-da mitinq keçirmək olmazdı. Çünki həmin qanunun tələbinə görə, dövlət əhəmiyyətli tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə mitinq keçirmək olmaz. Ancaq hökumət "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna zidd olaraq yanvarın 19-da mitinqin keçirilməsinə icazə verdi. Maraqlıdır ki, yanvarın 19-da rus qoşunlarının Azərbaycana girməsi ərəfəsində keçirilən mitinqdə Rusiyanın əleyhinə, rusların Azərbaycanda törətdikləri qırğınlarla, eləcə də Qarabağla bağlı nə bir şüar səsləndirildi, nə də bir çıxış oldu. Mənzərə budur ki, hökumət bu mitinqə ona görə icazə verdi ki, ölkə ictimaiyyətinin diqqəti Rusiyanın Azərbaycanın işğalından yayınsın, ikinci dərəcəli bir məsələyə yönəlsin.

Bildiyiniz kimi, ABŞ Senatı Mehman Hüseynovun azad olunması üçün Azərbaycan hökumətinə mart ayına qədər vaxt qoyub. Odur ki, hökumət mütləq onu azad edəcək. Çünki indiyə qədər ABŞ Senatının təkidindən sonra heç kim həbsxanada saxlanmayıb. Bundan qabaqkı hadisələr də göstərir ki, heç bir siyasi dustaq mitinqlərlə azad edilməyib. Əgər siyasi dustaqlar mitinqlərlə azad olunursa, o zaman sual olunur ki, Əli Kərimli nə üçün müavinlərini məhz bu yolla azad etmir? Axı bu gün onun müavinləri də həbsxanadadır. Odur ki, yanvarın 19-da keçirilən mitinqin Mehman Hüseynovun azadlığa buraxılmasına səbəb olacağına dair səsləndirilən fikirlər tamamilə yanlışdır. Bu mitinqə qeyri-qanuni icazə verilməsinin əsas səbəbi Qarabağ məsələsini və Rusiyanın Azərbaycanın işğalı nəticəsində Bakıda törətdiyi cinayətləri ölkə ictimaiyyətinin diqqətindən yayındırmaq, bunları arxa plana keçirməkdir. Təbii ki, müxalifət və mitinqə gələn insanlar bu ssenarinin tərkib hissəsi deyil. Belə ki, mitinqə gələnlər səmimi şəkildə Mehman Hüseynovun azadlığını, ölkədə dəyişikliklər istəyirdilər. Lakin heç bir hadisədə bir tərəf öz xeyrini götürmür. Yəni faktiki olaraq tərəflər hər bir hadisədən xeyir götürməyə çalışır. İndi ortaya maraqlı sual çıxır: Yanvarın 19-da keçirilən mitinqdən iqtidar çox qazandı, yoxsa müxalifət? Görünən odur ki, burda Əli Kərimli qazandı. Çünki o, mitinqə gələn minlərlə insanı öz gücü kimi təqdim etdi. Eyni zamanda, ictimaiyyətin diqqətini Rusiyanın Azərbaycanı işğal etməsindən yayındırmaqla hökumət də qazandı. Burda uduzan isə Azərbaycan oldu. Belə ki, xalq 20 Yanvar ərəfəsində rus qoşunlarının Azərbaycana yeridilməsi ilə bağlı etirazını ortalığa qoymadı. Bu da Azərbaycanı yenidən Rusiyanın tərkibinə qaytarmaq istəyən qüvvələrin oyununun bir hissəsidir. Düzdür, prezident Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün və ya təşkilatda müşahidəçi statusu məsələsinin gündəmdə olmadığını bəyan edib. Ancaq faktiki olaraq ruspərəst qüvvələr ardıcıl olaraq Azərbaycanda Kremlin maraqlarının təmin olunması istiqamətində işlərini davam etdirirlər.

"Mitinqdə həmin şüarların səsləndirilməsi qabaqcadan hökumətə mitinqlərə icazə verməməklə bağlı bir bəhanə vermək deməkdir"

- Yəqin məlumatınız var ki, qeyd olunan mitinq zamanı daha geniş meydanlara, o cümlədən "Azadlıq" meydanına yürüş üçün çağırışlar edilib. Sizi elə gəlmirmi ki, məhz bu tip çağırışlar 2005-ci il 26 noyabr mitinqində yaşanan olayların təkrarlanmasına səbəb ola bilər? Artıq hamı bilir ki, həmin mitinq zamanı Əli Kərimli digər liderlərin etirazına baxmayaraq, qəfil oturaq aksiya keçirmək barəqə qərarını elan etdi və bundan qısa müddət sonra polis qüvvələri meydana hücum çəkdi. Və o gündən etibarən mitinqlərdəki izdihamdan əsər-əlamət qalmadı...

- Düşünürəm ki, mitinqdə həmin şüarların səsləndirilməsi qabaqcadan hökumətə mitinqlərə icazə verməməklə bağlı bir bəhanə vermək deməkdir. Yəni mitinqi təşkil edənlər düşünülmüş şəkildə belə şüarlar səsləndirdilər ki, hökumət bunu əsas götürüb yanvarın 26-da keçirilməsi planlaşdırılan mitinqə icazə verməsin. Çünki artıq yanvarın 26-da nə dedikləri qədər adam gələcəkdi, nə də Milli Şura mitinq iştirakçılarını "Azadlıq" meydanına aparmaq gücündədir. Ona görə də düşünülmüş şəkildə öncədən belə bir şüar səsləndiriblər ki, hölumət növbəti mitinqlərə icazə verməsin.

Haşiyə: Nəzərinizə çatdıraq ki, artıq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Belə ki, BŞİH-də müraciətə baxılıb və yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirməsinə razılıq verilməyib. Məlumata görə, buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub. BŞİH-nin cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Beləliklə də bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"ABŞ qoşunları çəkildikdən sonra Suriya hadisələri daha qanlı istiqamətdə inkişaf edəcəksə, bu zaman Türkiyə, Rusiya və İran beynəlxalq qınaq altında qalacaq"

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə Moskvaya rəsmi səfər edib və səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Sizcə, prezidentlərin görüşü zamanı əsasən hansı mövzular müzakirə olunub?

- Məlum məsələdir ki, Suriya məsələsində 4 əsas aktyor var ki, onlar İran, Türkiyə, Rusiya və ABŞ-dır. ABŞ artıq Suriyadan qoşunlarını çəkmək haqqında qərar qəbul edib. Əslində, Amerika qoşunları çəkildikdən sonra Suriya hadisələri daha qanlı istiqamətdə inkişaf edəcəksə, bu zaman Türkiyə, Rusiya və İran beynəlxalq qınaq altında qalacaq. Türkiyə bunu çox gözəl anlayır və bu səbəbdən də Suriyadakı hadisələrin qanlı müstəvidə davam etməməsi üçün ABŞ orsudu çıxdıqdan sonra bölgədə nəzarət olunacaq bir şəraitin yaradılmasına cəhd edir. Bunun üçün isə rəsmi Ankaranın Rusiya və İranın dəstəyinə ehtiyacı var. Hesab edirəm ki, Ərdoğanla Putinin görüşünün mahiyyəti məhz bundan ibarətdir. Yəni Türkiyə çalışır ki, ABŞ ordusu Suriyadan çıxdıqdan sonra yanaşacaq olaylar həm özünün, həm də Rusiya və İranın dövlət maraqlarına zidd olmasın.

- Sərdar bəy, məlumunuzdur ki, son günlər Venesuelada prezident Nikolas Maduroya qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq Venesuela parlamentinin sədri Xuan Quaydo Maduronun hakimiyyətini qeyri-qanuni elan edərək prezident səlahiyyətlərinin özünə keçdiyini və tezliklə yeni prezident seçkilərinin keçiriləcəyini bəyan edib. ABŞ prezidenti Donald Tramp isə öz növbəsində, Quaydonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. Necə düşünürsünüz, Tramp anti-Amerika mövqeyi ilə tanınan Maduronu devirməyə müvəffəq olacaqmı?

- Qeyd edim ki, Maduroya qarşı, yəni onu devirmək məqsədiylə bununla üçüncü dəfədir ki, cəhd olunur. Bundan əvvəl isə ötən ilin avqustun 8-də hərbi parad zamanı Maduroya "drone"la sui-qəsd cəhdi edilmişdi. Ümumiyyətlə, ABŞ onu hakimiyyətdən devirmək üçün müəyyən qüvvələrə dəstək verir. Təbii ki, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq Amerikanın bütün cəhdlərinə rəğmən, Maduronu müdafiə etsə, o zaman onu devirmək mümkün olmayacaq.

"İqtidar siyasi islahatlar aparmalı, ölkədə demokratik seçkilərin keçirilməsi üçün zəmin yaratmalı, bütün qüvvələrin etimad göstərə biləcəyi bir seçkinin nəticələrinin əldə edilməsinə nail olmalıdır"

- Sizcə, Azərbaycan Qərbə daha sürətlə inteqrasiya etməkdən ötrü nə kimi islahatlar həyata keçirməlidir?

- Birinci növbədə siyasi islahatlar həyata keçirilməlidir. Çünki ölkənin iqtisadiyyatı, sosial həyatda baş verən bütün qüsurların qaynağı siyasi sistemdə mövcud olan nöqsanlarla bağlıdır. Yəni seçkilərin monopoliyaya alınması, ardıcıl saxtalaşdırılması, hakimiyyətin xalqın iradəsi ilə təmin olunmaması kimi məsələlər mütləq öz həllini tapmalıdır. Buna görə də Azərbaycan iqtidarı siyasi islahatlar aparmalı, ölkədə demokratik seçkilərin keçirilməsi üçün zəmin yaratmalı, bütün qüvvələrin etimad göstərə biləcəyi bir seçkinin nəticələrinin əldə edilməsinə nail olmalıdır. Bundan sonra həmin parlament ölkədə islahatların və Azərbaycanda inkişafın yol xəritəsini müəyyən etməlidir. Məhz bundan sonra biz addım-addım irəliyə doğru getməliyik. Bunun başqa yolu yoxdur.

- Maraqlıdır, görəsən növbəti parlament seçkilərində real müxalifət qüvvələrinə yer verilə bilərmi?

- Bildiyiniz kimi, bir müddət əvvəl "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanuna dəyişiklik edildi. Bununla da artıq deputatları mandatından məhrum etmək, arzu olunmayan millət vəkillərini parlamentdən kənarlaşdırmaq hökumət üçün çox asandır. Yəni artıq deputatlar elə bir təhlükə yaratmır. Digər tərəfdən isə ölkədə ağır sosial-iqtisadi vəziyyət yarandığına görə, müəyyən qüvvələrin parlamentə buraxılması hökumət üçün o qədər də təhlükə törətmir. Bu ikisini nəzərə alsaq, düşünürəm ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə parlament seçkilərində müxalifətə elə də mane olmayacaqlar. Lakin bütünlükdə parlamentdə nəhəng bir fraksiya yarada biləcək qədər müxalifətin təmsil olunacağına inanmıram.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA