"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin növbəti zona seçimləri keçirilib

"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin növbəti  zona seçimləri keçirilib

Fevralın 19–də Cəlilabad şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin ikinci zona seçimləri keçirilib. Yarışlar Cəlilabad şəhər 6 nömrəli tam orta məktəbin idman zalında gerçəkləşib.

Tədbirin açılışında ADPU-nun Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlı çıxış edərək qonaqları və iştirakçıları salamlayıb, komandalara uğurlar arzulayıb.

Layihə rəhbəri Xaliq Abbasov layihə haqda ümumi məlumat verib əsas məqsədin regionlarımızdakı gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək olduğunu qeyd edib.

Çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov son illər respublikada həyata keçirilən gənclər siyasəti və idmana dövlət dəstəyi sayəsində bütün ölkədə olduğu kimi, Cəlilabad rayonunda da gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların yerli, ölkə və beynəlxalq səviyyəli turnirlərdə iştiraklarına müsbət zəmin yaratdığını qeyd edib.

Ombudsman Aparatının Cənub regional mərkəzinin rəhbəri, hüquqşünas Ziya İsmayılov Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları sahəsində həyata keçirilən ardıcıl islahatlar, bölgələrdə məişət zorakılığı və gənclərin sağlam ailə mühitində tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb.

Sonra yarışlar başlayıb. Beş komanda arasında gedən gərgin mübarizənin yekununda “Cənub” komandası qalib olaraq final mərhələsinə vəsiqə qazanıb.

Təltifetmə mərasimində çıxış edən ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov ADPU-da aparılan məqsədli islahatlardan, tələbələrin tədris keyfiyyəti və ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən ADPU-nun 5 bölgədə yerləşən filiallarına ayrılan diqqət və qayğıdan söz açıb.

Sonda ADPU-nun Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlı, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, layihə rəhbəri Xaliq Abbasov komandaları təltif ediblər və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, yarışların final mərhələsinin fevralın 20-də Ağcəbədidə keçirilməsi planlaşdırılır.

Hurriyyet.org