"SEYİD ƏHMƏD"in GİZLİ ƏLİ VƏ GƏNCƏ

"SEYİD ƏHMƏD"in GİZLİ ƏLİ VƏ GƏNCƏ

Demokratiyanın olmadığı ölkədə terror adi olay deməkdir

Gəncədə İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyevə qarşı terror olayı baş verən kimi, bir çoxları buna sevindilər, bir çoxları da əməlli-başlı qorxuya düşdülər. Olayın ardından Azərbaycan cəmiyyəti gerçəklikləri ortaya qoymaqda nə qədər aciz olduğunu isbatladı. Bu olay əlində silah istənilən məmuru cəzalandırmaq kimi presedentə çevrilməməlidir. Bəs olaya səbəb olan başlıca faktor nədən ibarətdir? Yunus Səfərova nə düşmüşdü ki, belə bir cinayətə əl atsın?

Məmur özbaşınalığının tüğyan etdiyi, inzibati amirlik metodu ilə idarəetmə siyasətinin at oynatdığı bir ölkədə problemlərin tək çözüm yolu TERROR-dan keçir. Hakimiyyət cəmiyyəti mənəvi, ictimai və maddi baxımdan necə terrora məruz qoyursa, insanlar da adekvat addım kimi silahlı terrora üz tutmaq zorundadırlar. Çünki DEMOKRATİK CƏMİYYƏT nə yuxarıların, nə də aşağıların həyat normasından çox-çox uzaqdır.

Demokratik Cəmiyyətin aynası

2000-ci illərdə neft fontanı, doğal qazın fışqırtısı, altun yataqlarının kütləvi istismarı demək olar ki, hakimiyyətin gözlərini o qədər qamaşdırdı ki, onlar demokratik dövlət düzəni anlayışını gerizəkalı ərəb dövlətçiliyi anlamına pərçimləməyə üz tutdular. İlk öncə “İnsan Haqları” təşkilatlarına, daha sonra “Siyasi Partiyalara”, ən sonda KİV-lərə qarşı qəddarcasına minilliyin yürüşünə çıxdılar. Faktiki olaraq, rəsmi qeydiyyatdan keçmiş demokratik institutların qərargahları əllərindən alındı, daha sonra hərbi-polis rejiminin qaydaları əsasında ictimai yerlərdə toplanmaq yasaq edildi. Kimlər etirazlar edirdisə, onları provakasiyalara cəlb etməklə ya tutuqladılar, ya mühacirətə getməyə məcbur etdilər, ya da həbsxana divarları arasında sındırılma əməliyyatı ilə üz-üzə qoydular.

Bu gün faktiki olaraq, Azərbaycan demokratik instutuların olmadığı bir məkana çevrilib. Bütün bunlar ölkə boyunca yerli icra hakimiyyətləri və polis idarələri tərəfindən idarəolunan cəmiyyət modelinə pərçimlənib. Sadəcə köhnə və orta nəslin deyil, həm də gəncliyin həyatını puça çeviriblər. Azərbaycan gəncliyi nə bu gününün, nə də sabahının bəlirsizliyi ilə barışmaq belə istəmir. Bunu da bilmək gərəkdir ki, XXI yüzilliyin şərtlərini, demokratik düzənini ortaçağ qafası ilə feodalcasına tapdalamaq kimsəyə başarılar gətirməyəcək.

Müxalifətin sorunu

Özlərini ana müxalifət adlandıran siyasi partiyalar, insan haqlarının təmsilçiləri hesab edənlər bu gün faktiki olaraq, çox solğun bir durumdadırlar. Bunun əsas səbəblərindən biri də müxalif və ya alternativ baxışlı konsepsiyaları, dəyərləri intellektual şəkildə ortaya qoya bilmədiklərinə görə cəmiyyət tərəfindən ciddi qarşılanmırlar. Kimsə bizdən buna görə inciməsin. Zamanla susqunluq nümayiş etdirməklə, cəmiyyətin intellektual şəkildə demokratik düzən üçün bir ortamda bütünləşməsi adına heç bir addımlar atılmayıb. 2003-cü ildən sonra Azərbaycan cəmiyyətində demokratiya anlamı sanki tarixin arxivinə gömülüb. Məmləkətin problemlərinin çözümü yönündə bütün müxalif güclər bir araya gəlib, ortaq nöqtədə düyünlənmək kimi, dəyərlərə də sanki tüpürüblər. Ortaçağda olduğu kimi, hər kəs öz qalası üçün döyüşməlidir, var olmalıdır. Siyasi və ictimai iradə hər kəsin öz qılafında sürünmək dəyəri ilə bəlirginləşib. Dünyada baş verən demokratik düzəni sanki görməməzlikdən gəlirlər. Cəmiyyətlə müntəzəm şəkildə çalışmaqdan daha çox özləri haqqında uydurduqları süni xarizmanın xəstəliyinə tutulublar. Demokratik prosesdə yeni nəslin qarşısında böyük əngələ çevriliblər. Sanki ölkənin müxalifət düşərgəsi tamamilə təqaüdçülər məkanına çevrilib. Müxalifət partiyaları bircə dəfə də olsun, cəmiyyətlə davamlı şəkildə hansısa konsepsiyaları belə, ictimai müzakirəyə çıxarmayıblar.

KİV-lər prosesin önündə deyil, arxasında yer alanda

“Dördüncü Hakimiyyət” faktiki olaraq, susdurulmuş durumu yaşamaq zorunda qalıb. Ona görə ki, KİV-lərə qarşı inzibati amirlik metodu ilə vurulan zərbələrin miqyası “Qarabağın əldə getməsi” ilə tən bərabərdir. MTN-nin sabiq naziri Eldar Mahmudov KİV-ləri elə əlil-zəlil günə qoydu ki, Azərbaycan milli mətbuatının reanimasiya durumundan nə zaman çıxacağı sual altındadır. Digər yandan isə, ölkədə doğru-düzgün cəmiyyətin formalaşması prosesində hakimiyyət o qədər yalnışlıqlara yol verildi ki, KİV-in hansı məcrada inkişaf edə biləcəyi bəlirsizdir.
KİV-ə dəstək üçün ilk öncə ölkədə reklam bazarının liberallaşdırılmasına önəm verilməlidir. KİV-lərin çöküşü ölkədə baş verən proseslərin önündə deyil, onun arxasınca sürünmək fəlsəfəsini ortaya qoyub. Ona görə də ölkədə “yalaq”, “yandaş” və “biət” mətbuatı anlayışı formalaşıb. Mətbuat cəmiyyətin aynası olmaqdan çıxaraq, oliqarxiyanın tüpürcəyi rolunda çıxış edir. Mətbuat öz üzərinə düşən məsuliyyətdən yaxasını kənara çəkərək ölkədə baş verənləri deyil, irili-xırdalı məmurlar ordusunun intriqalarının içində it-bata düşüb. Buna görə də cəmiyyətdə qəzet oxumaq, KİV-ləri (elektron və ya çap məhsulu) izləmək vərdişlərini tamamilə yadırğayıb. Ona görə də sosial şəbəkələrdəki məzmunsuz informasiyaların burulğanında burula-burula qalıblar.

“TOP” və “POP” siyasətinin astar üzü

Hər hansı bir cəmiyyəti düşüncəsiz və şüursuz bir axarla yönəltmək üçün orada “TOP” və “POP” ideyasını ictimai-sosial həyatın bir parçasına çevirmək çox asandır. Beləliklə, həmin cəmiyyətdə “kütləvi qoyunlaşma” anlayışı ilk sırada yer alır. Ünlü alman filosofu Fridrix Nitsşe vaxtilə bunu nəzərə alaraq deyirdi: “İstənilən cəmiyyəti yaradıcılıq, həm də dağıdıcılıq istiqamətində yönəltmək çox asandır”. Çağdaş cəmiyyət düsturunda yer alan vizual və virtual aləm qavrayışları Azərbaycanda məhz bu prinsiplərlə idarə olunur. “POP” adı altında vizual aləmdə, “TOP” anlamında isə, virtual aləmdə kimsəyə gərək olmayan düşüncə sistemi hakimdir. “POP” bayağı, cılız, bilgisiz, görgüsüz, dayaz və bu kimi biçimlərdə düşüncəyə malik olanların məkanıdır. Onlar gecə-gündüz cəmiyyəti özlərinin primitiv baxışlarını cəmiyyətə sırımaqla məşğuldurlar. “TOP” fiziki baxımdan güclü olmanı, süni eqoya söykəmli qavrayışları cəmiyyətin aparıcı ünsürünə çevrilməsi üçündür. Bu iki qavram Azərbaycanda çağdaş düşüncə sisteminə zərər vurmaqla yetinməkdədir. Beləliklə bilgisizlik, düşüncəsizlik, “TOP”-un və “POP”un alətinə çevrilmə ictimai bəlanın bir parçası halına gəlibdir.

Картинки по запросу elmar Vəliyev

Gəncə olayının arxa baxçası

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin onsuz da idarəetmə metodu yerli əhalini tamamilə boğaza yığmışdı. Onun hər addımbaşı istənilən vətəndaşı və ya məmuru təhqir etməsi adi bir hala çevrilmişdi. Mən bir Gəncəli kimi bu halları dəfələrlə yaxınlarımdan, dostlarımdan, əqidədaşlarımdan da duymuşdum. Elmar Vəliyev qədər qəddar bir məmurun Gəncəyə başçı təyin edilməsinə görə, əhali onsuz da onun əlindən boğaza yığılmışdı. Onun Gəncəyə başçı təyin edilməsini ağıllı adamlar belə, anlamaqda çətinlik çəkirdilər. Hər addımda əhalinin ən adi vətəndaş hüquqlarının porulmasından tutmuş, sosial-ictimai və maddi durumlarına qədər heç nəyə baxmadan yaramazlıqlar edən Elmar Vəliyev və onun çetesi çox haqsızlıqlara rəvac vermişdi. Hətta durum elə bir həddə çatmışdı ki: “Nədən müasir Gəncənin də xanı olmasın?” kimi bəlağətli və heç nəyə yaramayan ideyanı sərgiləyirdilər. Yerli Gəncəli düşünürlər heç zaman Elmar Vəliyev kimi müstəbidi “yerli-gəlmə” tipli antoqonist baxışların məcrasına yönəltmədilər. E. Vəliyevi ictimai bəla kimi təlqin etdilər. Bu problemin yaranması səbəbini isə Bakıda, prezident aparatında kök salamış və E. Vəliyev kimilərinin lobbiçiliyini edənləri suçlu saydılar.

“Seyid Əhməd”in gizli əli və Gəncə

Yunus Səfərov Gəncədə sıradan adi vətəndaşlardan birisi sayılır. Onu bu gün qərhrəmana çevirmək tamamilə yanlış addımdır. İcra başçısı Elmar Vəliyevə silahlı hücumundan yararlanaraq, bəzi qruplaşmaların gizli niyyətlərinə hesablanmış bir sıra proseslərə qatılmaq da tamamilə yalnışdır. Gəncədə baş vermiş bu olayın arxa baxçasında duran səbəblər isə, demokratiyanın nə qədər zəif olduğu və cılızlaşdırıldığı ilə ölçülməlidir. Yunus Səfərovun həyat yoldaşı Şərafət Səfərovanın “Ər-Rad TV” kanalı vasitəsilə yayınladığı açıqlamanın alt qatında duran mətləbləri bilmədən Gəncə olayının səbəbini ortaya qoymaq naşılıqdan savayı heç nəyə yaramaz. “Ər-Rad TV” İran molla rejiminin Səudiyyə Ərəbistanına yönəlik “husilər” cərəyanın tribunası deməkdir. Ölkədə demokratiyanın olmadığı bir məqamda təbii olaraq, müxalifət anlayışı ifrat dindarların sayəsində formalaşması gözlənilən klassik bir anlamdır. İfrat dindarlıq “cihad” fəlsəfəsi ilə hərəkət etmək deməkdir. Şərafət Səfərovanın TV yayındakı açıqlaması şüuraltı Azərbaycanda “İran islam terroru”, “hezbollahçılıq”, “həməs”, “mehdiçilik”, “cəridətçilik” tipli təlimlərin alt qatını ortaya qoymuşdur. Gəncədəki terror eyləmini kimin və necə, hansı şəraitdə törətməsi başlıca səbəb ola bilməz. Bu eyləmin arxa baxçasında duran mətləblərə önəm verilməlidir. Ulusal (milli) dövlət olmanı şərtləndirən amilləri ayaqlar altına alanda məhz bu müdhiş fəlakətlər üzə çıxır. İnzibati amirlik metodu və feodalizmə söykəmli düşüncəyə malik olan bütün məmurlar dərhal işdən azad edilməlidirlər. Əgər azacıq da olsa, hakimiyyətin başında oturanların ruhunda Azərbaycan sevgisi qalıbdırsa, feodalizmə rəvac verən gerizəkalı bütün məmurları işdən azad etməlidir. 25 ildir hakimiyyətdə lövbər salmış YAP və onun himayə etdiyi feodallar vəzifə başında oturduqca, Azərbaycanın heç bir sorunu da çözülməyəcək. “Ölkədə kadr qıtlığı var” deyənlərin gerizəkalılığı onların feodal düşüncəsinin məhsuludur. Cəmiyyət varsa, deməli onun yeni nəsli təmsil edən zümrəsi də mövcuddur. İcra hakimiyyəti adı altında idarəetmə sisteminin nə qədər yalnış olması Elmar Vəliyevin timsalında bir daha özünü isbat etdi. Yerli özünü idarəetmə və demokratik düzənə doğru yönələn cəmiyyətin vahid enerjisi yaranmayınca Gəncədə baş vermiş faciələr davam edəcək. Kimsənin bundan quşqusu olmasın.

Ənvər Börüsoy

Loading...

QALEREYA