"Tarix" dərsliyində tarix səhvi - FOTO

"Tarix" dərsliyində tarix səhvi - FOTO

Son vaxtlar dərsliklərdə yol verilən kobud səhvlərin ardı-arası kəsilmir. Yeni səhv isə "Tarix" dərsliyindəki tarix səhvidir. Hələ 2017-ci il olmasına baxmayaraq, 7-ci siniflər üçün nəzərdə tutulan "Tarix" dərsliyinin çap tarixində 2018-ci il göstərilib. Maraqlıdır, buraxılış ili yanlış göstərilən "Tarix" dərsliyinin içindəki mühüm tarixlər doğru qeyd edilibmi?

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, həmin kitab nazirliyə məxsus deyil: "Ola bilsin, o kitab nəşriyyatın çapıdır. Bizdə belə dərslik yoxdur. Təhsil Nazirliyinin çap etdirdiyi kitablar 3-4 qurumdan keçir. Ona görə "2018-ci il" yaza bilməz, mümkün deyil. Bu kitab, deyəsən, "Azpoliqraf" nəşriyyatına məxsusdur".

Cəsarət Valehova kitabın rəsminin sosial şəbəkədə yayıldığını bildirdikdə isə o, ilin fotoşopla "2018" yazılma ehtimalının olduğunu vurğulayıb: "Sosial şəbəkədə yayımlanan bu tip hadisələr adətən həqiqəti əks etdirmir. Bir dəfə də sosial şəbəkədə Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərildiyi dəftəri Təhsil Nazirliyinin çap etdiyi dərslik kimi qələmə vermişdilər. Əslində isə o "Oyal" şirkətinə məxsus idi. Bəlkə o kitabı da kimsə dərslik adı ilə çap edib".

Təhsil eksperti Kamran Əsədov isə dərslikdə "2018-ci il" yazılma faktını təsdiqləyərək, həmin kitabın hazırda pilot məktəblərə göndərildiyini bildirib: "Buraxılış tarixi 2018-ci il göstərilən o "Tarix" kitabından məndə də var. Belə halların baş verməməsi üçün fikrimcə, kitab mərkəzi, agentliyi yaradılmalıdır. Burada da yazılmış dərsliklər pilot layihə çərçivəsində öncədən müəyyən olunmuş yüksək nəticələri olan məktəblərə göndərilməlidir. Amma bir dərslik yox, bir neçə dərslik. Bundan sonra o dərsliklər ictimai müzakirəyə çıxarılmalıdır. Bütün mərhələləri keçdikdən sonra ixtisaslar üzrə universitet və institutlara göndərilməlidir. Onlar müsbət rəy verdikdən sonra çap olunmalıdır. Məncə, Təhsil Nazirliyinin ən böyük uğursuzluğu dərslik siyasəti ilə bağlıdır. Onların dərslik işini qura bilmirlər. Yoxsa hər çıxan problemə "texniki səhvdir, fotoşopdur" deməklə cavab vermək olmaz".

Loading...

QALEREYA