"Təxliyyə qapısının açılmasına icazə verilmədi" - Narkoloji Mərkəzin həbsdə olan direktoru

"Təxliyyə qapısının açılmasına icazə verilmədi" - Narkoloji Mərkəzin həbsdə olan direktoru

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hurriyyet.org xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənrilən T.Məmmədhəsənov sualları cavablandırıb,

O bildirib ki, hadisədən bir neçə dəqiqə sonra Mərkəzə gəlib: "Həmin vaxt mühafizəçidən nə baş verdiyini, kimin törədə biləcəyini soruşdum. O da hadisədən əvvəl Məhəmməd Məmmədovun özünü şübhəli apardığını dedi. Mən də ona söylədim ki, nə bilirsən prokurorluq əməkdaşına danış".

Zərərçəkmişin suallarını cavablandıran T.Məmmədhəsənov qeyd edib ki, yanğın zamanı təxliyyə qapısı bağlı olub: "Mən qapının açılmasını söylədim. Lakin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buna icazə vermədi. Səbəbini soruşanda "qapı açılsa, heç kəs oradan canlı çıxmayacaq" dedilər. Əlbəttə, qapı açılmalı idi. Lakin mənlik olmadı".

Daha sonra digər təqsirləndirilən M.Məmmədov T.Məmmədhəsənova suallar verib. O, Mərkəzdə santexnik və qaynaq işlərini gördüyünü, bundan rəhbərliyin xəbərdar olduğunu söyləyib: "Mənə bu işlərin görülməsini mühafizəçi deyirdi".

T.Məmmədhəsənov isə bu barədə məlumatının olmadığını deyib.

Təqsirləndirilən M.Abdullayev sərbəst ifadə verməyə hazır olmadığını, məhkəmədən vaxt istədiyini söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA