"Texniki baxış pul yığmaq üsulu deyil, qəzaların azaldılması üçün profilaktik addımdır" - NATİQ CƏFƏRLİ

"Texniki baxış pul yığmaq üsulu deyil, qəzaların azaldılması üçün profilaktik addımdır" - NATİQ CƏFƏRLİ

"Hökumət hələ də sovetdənqalma alışqanlıqla insanı idarə etməyə çalışır, halbuki ən effektiv yol insanın özünü deyil, marağını ağılla və ədalətli idarə etməkdir"

"Azərbaycanda yanvarın 1-dən texniki baxış rüsumu 20 manatdan 30 manata qaldırılır, amma bütün sahələrdə olduğu kimi, bu məsələdə də hökumət işin fəlsəfəsini, məğzini anlamır, ancaq rüsum qaldırmaqla kifayətlənir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, texniki baxış ölkədə çoxdan tam formal bir prosedurdur: "Hökumət heç özünə sual verirmi ki, texniki nasazlığa görə baş verən qəzaların azalması baş veribmi?! Yoxsa əsas məsələ pul yığmaqdır? Nədən dövlət qurumu bu sahədə inhisarçı olmalı, nə səbəbə sürücülər texniki baxış üçün ancaq bir yerə getməli, saatlarla zaman xərcləməlidirlər?! Gürcüstanda 89 şirkət dövlətdən texniki baxış keçirmək üçün lisenziya alıb. Sürücü bu obyektlərin istənilən birinə gedib doğrudan da texniki baxışdan keçir, özü də bu proses zamanı ödəniş nəğd qəbul edilmir, ancaq xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) texniki baxışdan keçir, növbələr olmur, maşında texniki nasazlıq olanda mütləq aradan qaldırılması tələb olunur".

Natiq Cəfərli bildirib ki, bununla da prosedur sürücüyə də, biznesə də, dövlətə də lazımlı qaydada həyata keçirilir, qəzaların azalmasına, biznesin inkişafına xidmət edir: "Hökumət anlamalıdır ki, texniki baxış pul yığmaq üsulu deyil, qəzaların azaldılması üçün profilaktik addımdır və bunu DİN yox, dövlətdən müvafiq lisenziya alan biznes qurumları həyata keçirməlidir. Bu işi biznes görsə daha diqqətli və tələbkar olacaq, texniki nasazlığa göz yummayacaq. Çünki təsbit edilmiş problemləri ayrıca həll edib pul qazanmaq marağı yaranacaq. Hökumət hələ də sovetdənqalma alışqanlıqla insanı idarə etməyə çalışır, halbuki ən effektiv yol insanın özünü deyil, marağını ağılla və ədalətli idarə etməkdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org