"Tramp ABŞ ordusunun Suriyada qalmasına pul xərcləmək istəmir" - POLİTOLOQ

"Tramp ABŞ ordusunun Suriyada qalmasına pul xərcləmək istəmir" - POLİTOLOQ

Elxan Şahinoğlu: "Türkiyənin Suriyanın şimalına hərbi əməliyyata başlaması qardaş dövlətin haqqıdır"

"Türkiyə öz quru qoşunlarını Suriyaya istiqamətləndirsə də, hava sahəsində Amerika ilə irtibat içində olmalıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 5-də verdiyi açıqlamada qardaş ölkənin qoşunlarının Fərat çayının şərqində hərbi əməliyyata başlamağa hazır olduğunu bəyan edib. Belə ki, artıq Türkiyə Suriya ilə sərhədindəki Akçakale bölgəsinə əlavə qoşun və hərbi texnika toplayır. Burada əsas məqsəd Türkiyə-Suriya sərhədini kürd terrorçularından təmizləmək və həmin ərazidə təhlükəsizlik zonası yaratmaqdır. Artıq sözügedən mövzu ilə bağlı Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Və bu zaman Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib. Bu barədə publika.az-da yer alan informasiyaya görə, telefon danışığı zamanı Türkiyə prezidenti PKK/YPG terror təhlükəsinin aradan qaldırılması və suriyalı qaçqınların ölkələrinə qayıtması üçün təhlükəsiz zonanın yaradılmasının şərt olduğunu vurğulayıb.

Suriyada təhlükəsiz bölgə yaradılmasının məqsədi...

Bundan başqa, Türkiyənin yaxın zamanda Suriyanın şimalına doğru uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcəyi bilgisi verilib. ABŞ tərəfindən isə Silahlı Qüvvələrinin bu hərəkatı dəstəkləməyəcəyi və daxil olmayacağı bildirilib: "Türkiyə yaxın zamanda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək, ya da bu əməliyyatda daxil olmayacaq". Eyni zamanda, o da qeyd olunub ki, İŞİD-i məğlub edən ABŞ gücləri artıq bu bölgələrdə olmayacaq. Ağ Ev bəyan edib ki, indi Türkiyə son iki il ərzində əsir götürülmüş İŞİD-in bütün döyüşçüləri üçün məsuliyyət daşıyacaq.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson da deyib ki, Türkiyə Suriyada kordinasiyasız əməliyyat keçirsə, ABŞ bunu böyük narahatlıqla qarşılayacaq: "Rəsmi Ankaranın bu fəaliyyəti Suriyada sülhün bərqərar olunması ilə bağlı ortaq maraqlarımıza ziddir. Suriyada təhlükəsizliyin təmin edilməsi üçün NATO müttəfiqimiz Türkiyə ilə birlikdə işləyirik". Məsələyə özünün tvitter hesabından münasibət bildirən Ərdoğanın mətbuat katibi İbrahim Kalın isə bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur. Onun sözlərinə görə, Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz bölgə yaradılmasının iki məqsədi var: "Terror ünsürlərini təmizləyərək sərhədlərimizi təhlükəsiz etmək və qaçqınların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək. Türiyə güclüdür və qərarlıdır".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, rəsmi Ankara Suriyanın şimalını terrorçulardan təmizləyərək Türkiyənin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətlidir: "Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik".

Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinə yardım edəcək

Bu arada, artıq ABŞ ordusu Suriyanın Türkiyə sərhədinə yaxın bölgələrindən geri çəkilməyə başlayıb. Bununla bağlı axar.az-ın verdiyi məlumatda deyilir ki, PKK/YPG terror təşkilatının Suriya Demokratik Qüvvələri ABŞ əsgərlərinin zirehli maşınlarla sərhəd bölgəsini tərk edərək Ayn İsa bölgəsinə çəkildiyini açıqlayıb: "ABŞ təklif etdiyi şərtləri yerinə yetirmədi və Türkiyə ilə sərhəd bölgəsindəki əsgərlərini geri çəkdi. Türkiyə indi şimal və şərqi Suriyanı işğala hazırlaşır. Biz özümüzü müdafiə etməkdən imtina etməyəcəyik".

Suriyada keçirilməsi planlaşdırılan əməliyyat barədə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Donald Trampla telefon danışığından sonra ABŞ prezidenti göstəriş verib və geri çəkilməyi əmr edib: ""Bir gecə qəflətən gələ bilərik" demişdik. Çünki terror qruplaşmalarının ölkəmizə qarşı təhdidlərini qəbul etməyimiz əsla mümkün deyil".

Onu da nəzərinizə çatdıraq ki, Azad Suriya Ordusu (ASO) Fərat çayının şimalındakı terror ünsürlərini təmizləmək üçün hərəkətə keçəcək Türkiyə Silahlı Qüvvələrinə yardım edəcəyini bəyan edib. Belə ki, ASO-nun artıq ağır silahlar və raketlərin iştirak etdiyi təlimlərlə müharibə sınağı keçirdiyini deyən Azad Suriya Ordusunun Həmzə Tüməni və Xüsusi Təyinatlı Dəstələri komandiri Seyf Əbubəkir Ankaradan əmr gözlədiklərini, təlimata uyğun olaraq Fəratın şərqinə keçib PKK-nın kökünü qazıyacaqlarını bildirib: "Milli Ordunun bir parçasıyıq. Əsgərlərimiz, planlarımız hazırdır. Ankara istənilən hədəfi göstərəndə biz ora getməyə hazırıq. Hazırda fövqəladə vəziyyətdəyik".

"Ağ Ev Türkiyənin qətiyyəti qarşısında geri çəkildi"

Картинки по запросу Elxan Şahinoğlu

Beləliklə, mövzu ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ Türkiyənin qətiyyəti qarşısında faktiki geri çəkildi: "Ağ Evin Türkiyə ilə bağlı son açıqlaması Ankaranın xeyrinədir, yoxsa ziyanına? Bu suala cavab vermək üçün açıqlamanın hər cümləsinin mənasına varmaq lazımdır. Açıqlamanın birinci cümləsi belədir: "Türkiyə yaxın zamanda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyata başlayacaq". Bu cümlə Türkiyənin xeyrinədir. Yəni Ağ Ev Türkiyənin qətiyyəti qarşısında faktiki geri çəkildi". Politoloqun fikrincə, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlaması qardaş dövlətin haqqıdır: "Çünki Türkiyə PKK və onun uzantılarının Suriyanın şimalındakı varlığına seyrçi qala bilməz. Sonda Vaşinqton bunu anladı. Halbuki Pentaqon PKK uzantıları ilə Suriya ərazisində faktiki ittifaq qurmuşdu. Türkiyənin qətiyyəti bu ittifaqı ortadan qaldırmaq üzrədir. Amerika PKK uzantılarına verdiyi dəstəyə görə Türkiyə ilə qarşı-qarşıya qalmaq istəmir. Ağ Evin açıqlamasının ikinci cümləsinə diqqət yetirək: "ABŞ Türkiyənin hərbi əməliyyatını dəstəkləməyəcək və bu əməliyyata daxil olmayacaq". Yəni Ağ Ev Ankaraya "sənin əməliyyatında mən yoxam" demək istəyir. Bu da bir mənada Türkiyənin ziyanına deyil. Baxmayaraq ki, Vaşinqton bir müddət Türkiyənin hərbi əməliyyatına mane olmaq istədi və bu məqsədlə görüntü yaratməq məqsədilə türkiyəli hərbçilərlə Suriya ərazisində ortaq patrul xidməti formalaşdırdı. Ancaq bu gözə kül üfürmək idi və bunu Ankara anlayırdı. Türkiyə genişmiqyaslı əməliyyata başlamaq, terrorçuları neytrallaşdırmaq və sərhədə yaxın bölgədə bufer zonası yaratmaq istəyir. Ortaq patrulla buna nail olmaq mümkün deyildi. Ankara deyən oldu".

"Tramp Ərdoğanla dostluğuna davam etmək istəyir"

Türkiyənin Suriya ərazisində tərəfdaşı amerikanlarla toqquşmaq ehtimalından da qurtulduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, qardaş ölkəni Suriya ərazisində narahat edən DAİŞ (İŞİD-red.) deyil, PKK və onun uzantılarıdır: "Amerikalı hərbçilər Suriya ərazisini tam tərk etmirlər. Amerikalılar Suriyanın o məntəqələrində olmayacaqlar ki, həmin məntəqələrə Türkiyə ordusu müdaxilə etmək istəyir. Açıqlamanın sonuncu cümləsi belədir: "Türkiyə bundan sonra Amerikanın Suriyada iki ildir mübarizə apardığı və ələ keçirdiyi DAİŞ terrorçularıyla mübarizəyə məsuliyyət daşıyacaq". Ağ Ev bu açıqlamasıyla demək istəyir ki, "mən çıxıram, ancaq bundan sonra Suriyanın şimalında nə baş versə, sən məsuliyyət daşıyacaqsan". Bu cümlədə də Türkiyə üçün zərərli gedişat görmürəm. Türkiyənin Suriya əraizisində DAİŞ-lə mübarizə təcrübəsi var. Digər tərəfdən, DAİŞ onsuz da Suriya ərazisində zəifləyib. DAİŞ-ə qarşı yalnız Amerika və Türkiyə savaşmırdı. Rusiya, İran, Əsəd ordusu, "Hezbollah" bunların hamısı DAİŞ-lə savaşırdı. Bu savaş DAİŞ terrorçularını taqətdən saldı. Türkiyəni Suriya ərazisində narahat edən DAİŞ deyil, PKK və onun uzantılarıdır. Beləliklə, Türkiyə ordusu Suriyanın şimalında növbəti hərbi əməliyyata başlaya bilər. Amerika maneəsi özü istəyərək ortadan qaldırıldı. Bəlkə də bu gedişat elə ABŞ prezidenti Donald Trampın da maraqlarına cavab verirdi. Çünki Tramp ABŞ ordusunun Suriyada qalmasının mənasını anlamır, buna pul xərcləmək istəmir. İndi isə amerikalı generallara "Türkiyə ilə toqquşa bilmərik ki" deyib Suriyada hərbi fəaliyyətini minimuma endirə bilər. Tramp Türkiyə cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla dostluğuna davam etmək istəyir. Təsadüfi deyil ki, Ağ Evin açıqlamasından bir neçə saat əvvəl Tramp Ərdoğanla telefonla danışdı. Ərdoğan ABŞ-a rəsmi səfər də dəvət edildi. Buna baxmayaraq, Amerikanın hərbi təyyarələri Suriyanın şimal hissəsindədki hava sahəsinə nəzarət edirlər, uçuşlar həyata keçirirlər. Yəni Türkiyə öz quru qoşunlarını Suriyaya istiqamətləndirsə də, hava sahəsində Amerika ilə irtibat içində olmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org