"Trampın Qolan təpələri ilə bağlı qərarı AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR"

"Trampın Qolan təpələri ilə bağlı qərarı AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR"

Elxan Şahinoğlu: "Donald Tramp beynəlxalq hüquqa və sazişlərə hörmət etmir"

Natiq Cəfərli: "ABŞ prezidentinin bəyanatı bütün işğal olunmuş ərazilərin gələcəyi ilə bağlı pis örnək yarada və Rusiyanın qonşularına qarşı aqressiyasını artıra bilər"

Rusif Məmmədsoy: "ABŞ prezidentinin sabah "Dağlıq Qarabağ" üçün də eyni mövqeyi sərgiləməyəcəyi dəqiq deyil"

Zeynal Əmrəliyev: "ABŞ İsrailin Qolan təpələrinin işğalını qanuni saymaqla, Putinin də "çörəyinə yağ sürtdü"

Məhəmməd Əsədullazadə: "Trampın Suriyanın Qolan təpələrini İsrailin ərazisi kimi tanıması beynəlxalq hüquq sisteminin çöküşüdür"

Bugünlərdə ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınmasına dair sənəd imzalayıb. Tramp bununla bağlı açıqlamasında qeyd edib ki, bu, on illər əvvəl olmalı idi. ABŞ prezidentinin sözlərinə görə, İsrail Qolan təpələrini 1967-ci ildə nəzarətə götürüb ki, özünü müdafiə etsin. O, əlavə edib ki, indi İsrailə İran və Suriyada olan terror qruplaşmalarından, o cümlədən "Hizbullah"dan müdafiə olunmaq lazımdır. Sözügedən sənədin imzalanma mərasimində iştirak edən İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, Trampın imzası yarım əsr əvvəl imzalanan hərbi qələbəni diplomatik qələbəyə çevirdi: "Biz mənəvi yüksəkliyimizi qoruyacaq və bundan heç vaxt imtina etməyəcəyik".

Trampın Qolan təpələri ilə bağlı qərarının səbəbi bəlli olub - NEFT AMİLİ

Məlumat üçün bildirək ki, Qolan təpələri Suriya ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə isə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. BMT Təhlükəsizlik Şurası isə bu qanunu tanımayıb və Qolan təpələrinin ilhaqını qanunsuz elan edən bir neçə qətnamə qəbul edib, eyni zamanda İrsaili bu ərazini Suriyaya qaytarmağa çağırıb. Yeri gəlmişkən, artıq ABŞ-ın Qolan təpələrini İsrail ərazisi kimi tanımasının səbəbi bəlli olub. Belə ki, bununla bağlı verilən məlumatlarda deyilir ki, ABŞ-da fəaliyyət göstərən yəhudi şirkəti "Afek Oil and Gas" 2015-ci ildə regionda neft yataqlarının olduğunu aşkar edib. Ötən 3 il ərzində isə 10 quyu qazıb istismar edən şirkət işlərinə davam etməkdədir.

Nüfuzlu beynəlxalq təşkilatlar və iri dövlətlər ABŞ prezidentinin qərarını pisləyib

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən həm regionda, həm də dünyada söz sahibi olan iri dövlətlər Donald Trampın Qolan təpələri ilə bağlı qərarını pisləyiblər. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Qolan təpələri ilə bağlı məsələni BMT Baş Assambleyasında müzakirəyə çıxartmaq niyyətindədir: "BMT artıq bu məsələdə qəti qərarı qəbul etdi. Mən Trampla görüşməyə və ona deməyə hazırlaşıram ki, o, seçkilərlə bağlı Qolan təpələrini qızıl sinidə Netanyahuya hədiyyə etməklə səhv edir. Bu, bütün dünyada sülhə təhdiddir. Biz bu problemi BMT-də gündəmə gətirəcəyik. Mümkün deyil ki, BMT ABŞ-ın bu qərarını bəyənsin. Qolan təpələrinin işğalının legitimləşdirilməsinə icazə verə bilmərik". Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü Maya Kosyançiç isə qeyd edib ki, Avropa İttifaqı ABŞ-ın Qolan təpələri üzərində İsrailin suveren hüquqlarını tanımaq niyyətini bildirməsi müqabilində oxşar addım atmaq fikrində deyil. Kosyançiçin sözlərinə görə, Avropa İttifaqının mövqeyi dəyişməyib: "Beynəlxalq hüququ əsas tutan Avropa İttifaqı İsrailin Qolan təpələri da daxil olmaqla, 1967-ci ildən sonra işğal etdiyi ərazilər üzərində suverenliyini tanımayaraq həmin torpaqları İsrail ərazisinin bir hissəsi hesab etmir".

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev isə bildirib ki, Trampın bu qərarının Qolan təpələrinin beynəlxalq-hüquqi statusuna təsir göstərməyəcək. Həmin torpaqların İsrail tərəfindən qeyri-qanuni olaraq işğal edildiyi barədə Rusiyanın qanunverici hakimiyyətinin mövqeyini çatdıran Kosaçev bununla bağlı dediklərinin bütün dünyanın mövqeyi olduğunu vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova isə ABŞ prezidentinin məlum addımının Yaxın Şərqdə növbəti gərginliyə yol açacağını qeyd edib: "Biz bunu dəfələrlə söylədik və təəssüf ki, məsələ ilə əlaqədar bir çox bəyanlarımız, şərhlərimiz öz yerini tapmaqdadır. Bu cür işlərin baş verməsi onun hüquq məkandan kənarda həyata keçirilməsi ilə bağlıdır". Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski də mövzu ilə bağlı açıqlamasında deyib ki, ABŞ Qolan təpələrində İsrailin suverenliyini tanımaqla Yaxın Şərqdəki həll prosesinə mina qoydu.

"Tramp bununla da növbəti seçkilər üçün özünə bir növ dayaq yaradır"

Картинки по запросу Rusif Məmmədsoy

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə əlaqədar özünün "facebook" səhifəsində mövqeyini bildirən siyasi şərhçi Rusif Məmmədsoyun sözlərinə görə, Donald Trampın Qolan təpələri ilə bağlı qərarı digər ölkələr, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən heç də birmənalı qarşılanmayıb. "BMT öz mövqeyini qoruyaraq bildirir ki, Trampın bu addımı beynəlxalq hüquqa ziddir və qanunsuzdur" deyən siyasi şərhçinin fikrincə, ABŞ prezidenti məlum qərarı ilə dolayı yolla izah edir ki, seçkilər zamanı əsas diqqət edilməli amillərdən biri də məhz yəhudi lobbisidir: "Türkiyə də bu məsələdə sakit qala bilməzdi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabından bu barədə paylaşım edərək belə yazıb: "ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozub. Hərçənd ki, onların bu qərarı İsrail təcavüzünə haqq qazandırmır. Bu, əksinə, Yaxın Şərqdə sülhün qorunmasına əngəl törədir və bölgədə gərginlik yaradır". Ümumiyyətlə, Trampın bu addımı nəyə hesablanıb? Dünyadakı iki ən güclü lobbidən biri məhz yəhudi lobbisidir. ABŞ-da baş tutmuş prezident seçkiləri zamanı Tramp həmin diaspora öz vədlərini vermişdi. Düşünürəm ki, Donald Trampın bu addımının fərqli aspektdən izahı yoxdur. 2020-ci ildə ABŞ-da növbəti prezident seçkiləri baş tutacaq. Həmin seçkilər zamanı Trampın əsas zəif nöqtəsi məhz yürütdüyü xarici siyasətlə bağlıdır. Belə ki, Tramp Yaxın Şərq siyasəti ilə bağlı daxildəki güc strukturları, xüsusilə də Pentaqonla fikir ayrılıqları yaşayır. Hətta bu səbəblərdən ölkə daxilində müəyyən nüfuza sahib hərbçilər, generallar tutduqları vəzifələrdən istefa verirlər. Yəni, bu vəziyyətdə Tramp bu addımı niyə atsın? Deməli, Tramp dolayı yolla izah edir ki, seçkilər zamanı əsas diqqət edilməli amillərdən biri də məhz yəhudi lobbisidir. Bununla da o, növbəti seçkilər üçün özünə bir növ dayaq yaradır".

"Diasporamız bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirməli, dövlət rəsmiləri məsələyə ciddi münasibət bildirməlidir"

ABŞ-ın bu qanunsuz ilhaqı dəstəkləməsinin birbaşa Azərbaycanın maraqlarına zidd olduğunu vurğulayan ekspert hesab edir ki, Trampın sabah "Dağlıq Qarabağ" üçün də eyni mövqeyi sərgiləməyəcəyi dəqiq deyil: "Həm ABŞ, həm də İsrailin Azərbaycanla çox gözəl münasibətləri var. İsrail bizim strateji tərəfdaşımızdır. ABŞ da bizimlə münasibətlərə xüsusi əhəmiyyət verir. Lakin bu heç də bizim bu ilhaqı alqışlayacağımız mənasına gəlmir. Bu, birbaşa bizim milli maraqlarımıza ziddir. Belə ki, bu məsələdə əsas pay sahibi kimi yəhudi lobbisinin fəaliyyətini qeyd edirik. Lakin bir məsələni də unutmaq olmaz ki, dünyada, xüsusilə də ABŞ-da ən fəal lobbilərdən biri də İraillə yanaşı, erməni lobbisidir. Deməli, Trampın sabah "Dağlıq Qarabağ" üçün də eyni mövqeyi sərgiləməyəcəyi dəqiq deyil. Əlbəttə, burada digər məqamlar da var. Məsələn, bu məsələdə tərəflərdən biri Suriya deyil, Səudiyyə Ərəbistan olsaydı inandırıcı görünmür ki, Tramp o zaman da bu cür addım atardı. Lakin istənilən halda bu bizim üçün də real təhlükədir. Hesab edirəm ki, diasporamız bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirməlidir. Xüsusilə də dövlət rəsmiləri məsələyə ciddi münasibət bildirməlidir. Hansı ki, bu çıxışlar heç də İsraillə olan münasibətlərimizə xələl gətirməyəcək. Xatırlayırsınızsa, Tramp ABŞ səfirliyini Qüdsə köçürərkən Azərbaycan tərəfi haqlı olaraq bu məsələyə öz münasibətini bildirmişdi. Bunun qarşılığında isə İsrail rəsmiləri Azərbaycanın məsələyə münasibətini anladıqlarını və bunun ikili əlaqələrə təsir etməyəcəyini demişdilər".

"Ərdoğan Amerikaya və İsrailə qarşı İslam bayrağını tək daşıyır"

Politoloq erkən parlament seçkilərindən danışdı: “125 deputatdan 100 nəfərini tanımırıqsa...”

Donald Trampın beynəlxalq hüquqa və sazişlərə hörmət etmədiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, ABŞ prezidenti emosional qərarlar versə də, komandası kimin nə edəcəyini əvvəlcədən hesablaya bilir: "Yəni məsələ "Tramp bilmir nə edir" qədər sadə deyil. Türkiyə cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Trampın Qüdsün paytaxt kimi tanımasına da etiraz etdi, Qolan təpələrinin İsrail ərazisi kimi tanımasına da etiraz edir. Ancaq baxıram ki, Ərdoğan Amerikaya və İsrailə qarşı İslam bayrağını tək daşıyır. Doğrudur, İran və bir sıra ölkələr Trampın qərarına etiraz edir, ancaq Ərdoğan qədər fəal olan gözə dəymir. Son anda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi başqa ərəb dövlətləri susmağa üstünlük verəcək və Trampın bu qərarını da həzm edəcəklər. Məsələn, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda səs-küy salındı, indi baxırsan ki, Amerikanın ardınca Qüdsü paytaxt kimi tanıyan ölkələrin sayı yavaş-yavaş artır. Qolan təpələri ilə də eyni hadisə baş verəcək".

"Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması həm İsrailin, həm Rusiyanın işinə yaradı"

Картинки по запросу Zeynal Əmrəliyev

Siyasi şərhçi Zeynal Əmrəliyev isə bu qənaətdədir ki, ABŞ İsrailin Qolan təpələrinin işğalını qanuni saymaqla, Rusiya prezidenti Vladimir Putinin də "çörəyinə yağ sürtdü". Onun sözlərinə görə, Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması həm İsrailin, həm Rusiyanın işinə yaradı: "ABŞ prezidenti Donald Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdığını bildirdi. Hansı əsasla? Nədir bu minnətdarlığın səbəbi? Bu hadisədən bir neçə gün sonra ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Müller qərarını açıqladı: "Seçkilərə heç bir xarici müdaxilə olmayıb". Kim təminat verir ki, yəhudi lobbisi ilə Trampın arasında sövdələşmə olmayıb? Tramp üçün söhbət 2020-ci ildəki seçkilərdə məğlub olmaqdan, hətta vaxtından əvvəl impitiçmen qaydasında vəzifədən göndərilməkdən gedirdi. Təbii ki, əgər Müller "Bəli, seçkilərə Rusiya müdaxilə edib" desəydi. Trampın yəhudilərlə "içli-dışlı" olduğunu bilməyən yoxdur. ABŞ İsrailin bu işğalını qanuni saymaqla Rusiya prezidenti Vladimir Putinin də "çörəyinə yağ sürtdü". Krımı Rusiyaya birləşdirən Putin bu məsələ ilə bağlı sabah ABŞ buna etiraz etsə, ona "İsrailə olar, Rusiyaya olmazmı?" deyəcəyi dəqiqdir. Odur ki, Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması həm İsrailin, həm Rusiyanın işinə yaradı". Donald Trampın hüquqi cəhətdən bu istintaqdan üzüağ çıxmağı bacardığını vurğulayan siyasi şərhçinin fikrincə, məsələyə hüquqi deyil, faktiki olaraq baxan amerikalılar bu hadisənin ABŞ dövlətçilik tarixində "qara ləkə" olduğunun şahidi olacaqlar.

"Dünyada artıq beynəlxalq hüquq qaydaları güclülər üçün kağız parçasına çevrilib"

“Rusiya “Şimal axını-2” ilə bağlı çox ciddi problemlər yaşayacaq” - NATİQ CƏFƏRLİ

"Hürriyyət" xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli də mövzu ilə bağlı mövqeyini bildirib. O, hesab edir ki, Trampın Qolan təpələri haqqında verdiyi bəyanat, yəni həmin işğal olunmuş torpaqların İsrail ərazisi kimi tanımaq cəhdi təhlükəli gedişdir: "Dünyada artıq haqlının güclü deyil də, güclünün haqlı olduğu dönəm başlayıb, beynəlxalq hüquq qaydaları güclülər üçün kağız parçasına çevrilib. ABŞ prezidentinin bu bəyanatı bütün işğal olunmuş ərazilərin gələcəyi ilə bağlı pis örnək yarada və Rusiyanın qonşularına qarşı aqressiyasını artıra bilər".

"Moskva Trampın bu kimi qərarlarından pərdəarxası razıdır"

Похожее изображение

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, Trampın Suriyanın Qolan təpələrini İsrailin ərazisi kimi tanıması beynəlxalq hüquq sisteminin çöküşüdür: "Bu beynəlxalq qanunu, dövlətlərin ərazi bütövlüyünə qəsd və anneksiyanı ilk dəfə "soyuq müharibə"dən sonra Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı, həmçinin Ukraynanın Krım regionunu anneksiya etməklə beynəlxalq nizamı pozdu. Trampın Qüds və Qolan təpələri ilə bağlı qərarlarından aydın olur ki, ABŞ və Rusiya yeni sərhədlərin formalaşması istiqamətində fəaliyyətə keçib. Azərbaycan üçün təhlükəli ssenari məhz Qarabağ münaqişəsinin həll edilməməsi əsasən Rusiyanın təsir qüvvəsinin qalmasıdır. Qeyd edim ki, Moskva Trampın bu kimi qərarlarından pərdəarxası razıdır. Çünki öz işğalçı və təsiredici siyasətini qonşu ölkələrə tətbiq edir. Ona görə də Rusiyadan Qarabağla bağlı hər hansı pozitiv siyasət gözləməyək. Rusiya çalışacaq ki, regionumuza təzyiqini artırsın. Qarabağda mümkün provakasiyalar hazırlaya bilər". Hazırda çox təhlükəli oyunların getdiyini qeyd edən politoloqun fikrincə, beynəlxalq qanunlar deyil, güc tətbiqi aktual olub: "Odur ki, Azərbaycan Türkiyə və Pakistanla hərbi müttəfiq müqavilələr bağlamalı və hər an ordunu Qarabağda döyüşə hazır vəziyyətdə saxlamalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA