"TÜRKİYƏDƏ SEÇKİNİ OYUNCAĞA ÇEVİRİRLƏR"

"TÜRKİYƏDƏ SEÇKİNİ OYUNCAĞA ÇEVİRİRLƏR"

Qabil Hüseynli: “Yüksək Seçki Komissiyasının açıqlaması başdan-ayağa uydurmadır”

Yüksək Seçki Komissiyasının(YSK) İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi seçkisinin ləğvi ilə bağlı verdiyi qərarın səbəbi açıqlanıb. YSK qərarında AK Partiya ilə CHP arasındakı səs fərqinin 13 742 olduğu İstanbul Böyükşəhər Bələdiyyə seçkilərində, 35 min etibarsız səsin qanunsuz olaraq CHP-nin lehinə yazıldığına diqqət çəkilib.

YSK qərarında bu ifadələr qeyd edilib:

“CHP lehinə etibarlı sayılan, ancaq qanunda göstərildiyi kimi sayımda etibarsız olması lazım olan səslərin cəminin 35.000 ətrafında olduğu, bu səs sayının seçkilərin nəticəsinə doğrudan təsir etdiyi təsbit edilmişdir”.

Qeyd edək ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı İstanbul Böyükşəhər Bələdiyyə sədri kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalib gəlmişdi, ancaq AKP iqtidarı bunu qəbul etmədi və 23 iyuna yeni seçkilər təyin olundu.

Onu da nəzərə çatıdıraq ki, CHP-nin İstanbul bələdiyyəsi sədrliyinə namizədi Əkrəm İmamoğlu artıq dünən “Hər şey çox gözəl olacaq” və “İmamoğlu varsa, ümid var” şüarları ilə seçki kampaniyasına başlayıb.

Hazırda 23 iyun İstanbul bələdiyyəsi seçkilərində kürd seçicilərin səslərinin həlledici olduğunu bildirən CHP üzvləri HDP-nin səslərini almağa çalışırlar. CHP-nin seçki kampaniyası iclasında çıxış edən CHP istanbul millət vəkili Gürsel Tekin PKK terror təşkilatı ilə əlaqəsinə görə həbsdə olan keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaş barəsində belə deyib: “Çox ehtimal ki, möhtərəm Dəmirtaşın 23 iyun seçkiləri ilə bağlı mesajı olacaqdır. Mən bu mesajın ötən dəfəki yerli seçkilərdə verdiyi mesaja bənzər olacağı fikrindəyəm”.

Tekin “Dəmirtaşdan dəstək gözləyirsinizmi” sualının cavabında “Qəti şəkildə gözləyirik” deyə mövqeyini bildirib.

“Bu, Türkiyə demokratiyasına zərbədir”

Yüksək Seçki Komissiyasının İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi seçkisinin nəticələrinin ləğvi üçün 35 min səsi etibarsız hesab etməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu məsələlərin indi ortaya çıxması ona dəlalət edir ki, bu, düzülüb-qoşulmuş bir hadisədir: “Mən bu haqda yalnız mütəxəssis rəylərinə etibar edirəm. Bu, mənim üçün xeyli dərəcədə qəribə gəlir. Niyə məhz 35 min səs? Bunun hamısı başdan-ayağa uydurmadır. Bu, Türkiyə demokratiyasına zərbədir. Əlbəttə ki, bu ədalətsizliyin sübutudur. Yüz oyun oynayırlar. Biz kənardan baxıb yalnız münasibət bildirə bilirik. Ona görə də prosesin içində olan adamlar danışsa, daha yaxşıdır.

Prosesin içinə də özlərindən başqa heç kimi buraxmırlar. Seçkini oyuncağa çevirirlər. Birincidən seçkidə saxtakarlığa şərait yaradırlar. Türkiyəni rüsvay edəcəklər və Türkiyəyə qarşı dünya xalqlarının etimadını azaldacaqlar”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA