"Türkiyə ilə Səudiyyə arasında diplomatik əlaqələr kəsilə bilər"

"Türkiyə ilə Səudiyyə arasında diplomatik əlaqələr kəsilə bilər"

Ramil Məmmədli: "Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi tərəfindən PKK terror təşkilatına maliyyə dəstəyinin verilməsi ABŞ-ın razılığı ilə reallaşıb"

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi PKK terror təşkilatına 1 milyard dollar yardım edib. Bununla bağlı informasiyada deyilir ki, belə bir açıqlama ilə Ər-Riyad görüşlərinə Suriya müxaliflərinin təmsilçisi olaraq qatılan Mustafa Səcəri çıxış edib. Onun sözlərinə görə, səudiyyəli nazir Semir Sebhan PKK-ya pul dəstəyini idarə edir: "2016-cı ildən sonra Körfəz ölkələrindən suriyalı müxaliflərə yardım kəsildi. Hazırda Azad Suriya Ordusu Türkiyə və bir neçə ölkədən dəstək alır. Müharibənin ilk günlərindən başlayaraq, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı PKK-ya 1 milyard dollara yaxın yardım edib. Bu iki ölkənin yüksək səviyyəli rəsmiləri Qamışlı, Əyn əl-Ərəb, Əyn İsa, Münbiç və Rakkaya dəstək səfərləri ediblər. Bölgədə aşirət liderlərinin PKK-ya dəstəyini də bu iki ölkə təşkil edir".

"Toraqlarımızdan türk tanklarını biz istədik" deyən Mustafa Səcəri qeyd edib ki, İran, Rusiya, ABŞ, İngiltərə, Hollandiya və bir çox ölkənin Suriyada hərbi gücü var, lakin bəzi ölkələr və Bəşər Əsəd xüsusilə Türkiyənin hərbi gücündən narahatdırlar: "Türk tankları bizim cəsədlərimizi əzmədən Suriyadan çıxmaz. Çünki türkiyə çıxarsa, rus raketləri və İranın dəstəklədiyi döyüşçülər qorxulu qətliam və talana başlayacaqlar. Türk əsgəri bizim qarantımızdır. Eyni siyasi dili danışan iki millətik. Türkiyəli qardaşlarımızla eyni hədəfə doğru gedirik və birlikdə qazanacağımızdan şübhəmiz yoxdur".

"Burada əsas məqsəd hərbi-siyasi vəziyyətin Səudiyyə Ərəbistanının əleyhinə dəyişməsinin qarşısını almağa çalışmaqdır"

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə əlaqədar mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının PKK terror təşkilatına maliyyə yardımı etməsi həmin ölkələrin Türkiyə ilə münasibətlərinə mənfi təsir edəcək: "Onu da qeyd edim ki, burada əsas məqsəd hərbi-siyasi vəziyyətin Səudiyyə Ərəbistanının əleyhinə dəyişməsinin qarşısını almağa çalışmaqdır. Səbəb də ondan ibarətdir ki, Suriya ərazisində daha geniş fəaliyyət göstərən İŞİD terror təşkilatının bütün maliyyə dəstəyi, zamanında Səudiyyə Ərəbistanının maliyyə qaynaqları tərəfindən ödənilirdi. Hətta Səudiyyə Ərəbistanı tərəfindən qeyri-rəsmi siyasi dəstək də verilirdi. Məqsəd isə Suriyada, həmçinin İraqda İran və Rusiyanın təsirini azaltmaq, eyni zamanda həmin əraziləri nəzarətə keçirib Aralıq dənizinə birbaşa çıxış əldə etmək idi".

"Türkiyə Rusiya və İranla koordinasiya şəklində Suriyada öz hərbi-siyasi fəaliyyətini davam etdirir, bu isə Səudiyyə Ərəbistanının siyasi maraqlarına ziddir"

Hərbi-siyasi icmalçı hesab edir ki, Səudiyyə Ərəbistanının PKK ilə bağlı siyasətinin bu formada dəyişməsi və adıçəkilən terror təşkilatına dəstək verməsi Türkiyə, Rusiya və İran ittifaqına qarşı atılan addım kimi qiymətləndirilməlidir: "Çünki artıq bir neçə ildir ki, Türkiyə Rusiya və İranla koordinasiya şəklində Suriyada öz hərbi-siyasi fəaliyyətini davam etdirir. Bu isə Səudiyyə Ərəbistanının siyasi maraqlarına ziddir. Odur ki, PKK-nın maliyyələşdirilməsi terrorçu kürd təşkilatlarının Suriya ərazisində fəaliyyətinin davam etdirilməsinə dəstək məqsədiylə atılıb. Əslində, Səudiyyə Ərəbistanı bunu etməklə oradakı mövqelərini itirməmək istəyir. Yəqin ki, qeyd olunan məbləğ birdəfəlik deyil, bir neçə ilin mərhələli şəkildə ayrılan büdcəsidir. Təbii ki, burda silah-sursat xüsusi yer alır. Hesab edirəm ki, Səudiyyə Ərəbistanının bu addımı atması və məsələnin mediaya çıxması, məlumatların yayılması Qaşıqçı olayından sonra Türkiyə-Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri daha da gərginləşdirəcək. Hətta ola bilsin ki, olaylar diplomatik əlaqələrin kəsilməsinə qədər gedə bilər. Onsuz da Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərində son bir neçə ildə Suriya məsələsi üzündən bir qədər laxlamalar var idi. Bu informasiyaların yayılması isə gərginliyi daha da dərinləşdirəcək".

"ABŞ maraqlarını regiondakı müttəfiqləri - İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi vasitəsiylə həyata keçirir"

Türkiyənin qısa zaman ərzində sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparıb rəsmi şəkildə reaksiya verəcəyini deyən Ramil Məmmədli bildirdi ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi tərəfindən PKK terror təşkilatına maliyyə dəstəyinin verilməsi ABŞ-ın razılığı ilə reallaşıb: "ABŞ onsuz da hazırda Suriyada hibrid müharibə aparır. Öz maraqlarını regiondakı müttəfiqləri - İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi vasitəsiylə həyata keçirir. Bu məsələdə flaqman rolunu isə Səudiyyə Ərəbistanı oynayır. Hesab edirəm ki, məhz kürd terror təşkilatına maliyyə dəstəyinin Səudiyyə Ərəbistanı tərəfindən verilməsi ABŞ-ın razılığı ilə reallaşıb. Əgər Amerikanın bu məsələ ilə bağlı razılığı və ya məlumatı olmasaydı, o zaman Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi heç bir halda Suriyadakı kürd terror təşkilatlarını maliyyələşdirməyə risk etməzdi. Yəni burda ABŞ-ın təbii ki, marağı var".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA