"Məlum oldu ki, şirkəti dağıdıblar, işçilərin maaşı verilməyib, yüz minlərlə borc yaranıb" - HEYDƏR BABAYEVİN ADI HALLANAN MƏHKƏMƏ İŞİ

"Məlum oldu ki, şirkəti dağıdıblar, işçilərin maaşı verilməyib, yüz minlərlə borc yaranıb" - HEYDƏR BABAYEVİN ADI HALLANAN MƏHKƏMƏ İŞİ

“Deyirdi ki, onun rəhbərləri Heydər Babayev və onun həyat yoldaşıdır”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda şahid qismində Ç. Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib.

O, “Çudo Peçka” şirkətində baş direktor işlədiyini deyib. Bildirib ki, 2001-ci ildə şirkəti yaradıblar: “Orta hesabla ildə 2-3 dükan açırdıq. 2006-2008-ci illərdə bankdan kredit götürüb qaytardıq. Hər ay 650 min manat pul qaytarırdıq. 2009-cu ildə bankın rəhbəri Kirman Səlim təklif etdi ki, şirkəti onlara verək. Bizim banka borcumuz var idi. Biz məcbur olub onların şərtlərilə razılaşdıq və şirkəti onlara verdik. Bizi şirkətə yaxın buraxmırdılar və fəaliyyəti haqqında heç bir məlumat vermirdilər. Beş il sonra həmin müqavilə pozuldu və məhkəmə şirkətin bizə qaytarılması barədə qərar qəbul etdi. Şirkəti onlar bizə qaytaranda artıq şirkət pis vəziyyətdə idi”.

P. Cəlilov indiyə kimi “Bank Stanrart”a 15 milyon manat kredit ödədiklərini deyib:“Bu vəziyyətə düşməyimizə səbəb həmin bank və Kirman Səlimdir. Kirman deyirdi ki, onun rəhbərləri Heydər Babayev və onun həyat yoldaşıdır. Deyirdi onlar deyib ki, bank bizi məhkəməyə versin. Şirkət beş il sonra bizə qaytarılanda məlum oldu ki, şirkəti dağıdıblar. İşçilərin maaşlarını verməyiblər. Yüz minlərlə borc yaranmışdı”.

P. Cəlilov 2010-cu ildə MTN əməkdaşları tərəfindən həbs edildiyini və ondan 2 milyon manat pul istənildiyini deyib: “Biz bazarlıq elədik və qiyməti aşağı saldıq. Məcbur olub şirkətin on faizini satıb pulu onlara verdik. Yeni mağaza aşanda işıq çəkmək üçün müraciət edirdik. İşığın çəkilməsi üçün yüz min manat pul istəyirdilər. Pullar belə şeylərə xərclənirdi”.

Proses yanvarın 25-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hurriyyet.org xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama münasibət bildirən Ç. Cəlilov özünü təqsirli bilməyib.

Hazırda iclas davam edir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./apa/

Loading...

QALEREYA