"Ukraynanın "boz kardinalı" İqor Kolomoyski olacaq" - POLİTOLOQ

"Ukraynanın "boz kardinalı" İqor Kolomoyski olacaq" - POLİTOLOQ

Nəzakət Məmmədova: "Onun dönüşü Vladimir Zelenskinin mövqelərini daha da gücləndirəcək"

"Lakin siyasi hakimiyyət möhkəmləndikcə Zelenski oliqarxın himayəsindən imtina edə bilər"

"Digər bir versiyaya görə, Zelenskinin səlahiyyət müddəti başa çatdıqdan sonra Kolomoyski prezident kürsüsünü ondan təhvil ala bilər"

Ukrayna prezidenti Petro Poroşenko ilə fikir ayrılığı səbəbindən ölkəni tərk edən oliqarx, Vladimir Zelenskinin əsas hamisi sayılan İqor Kolomoyski bugünlərdə geri dönüb. Bu barədə yayılan informasiyaya görə, Kolomoyski hələlik hansı işlə məşğul olacağını bilmədiyini qeyd edib. Onu da nəzərinizə çatdıraq ki, Ukraynaya dönüşündən bir neçə gün öncə "Bigus.info" saytına müsahibə verən Kolomoyski yeni kadr təyinatları ilə bağlı açıqlama ilə çıxış edib. Daha dəqiq desək, o, Vladimir Zelenskinin başçılığı altında indiki hökumətdən yalnız bir naziri – daxili işlər naziri, erməni əsilli Arsen Avakovu fərqləndirdiyini vurğulayıb.

Belə ki, "Arsen Avakov hökumətdə qalmalıdır. Ölkədə nə baş verirsə versin, o, fundamentdir. Onun ölkədə sabitlik amili olduğunu düşünürəm" deyən oliqarx Avakovun ölkənin yeni baş naziri ola biləcəyini də istisna etməyib. Kolomoyski əlavə edib ki, Ukraynada keçirilən parlament seçkilərindən sonra koalisiya lazım olacaq: "Avakov isə mütləq şəkildə bunu tarazlaya biləcək şəxs olacaq. Ən azından, daxili işlər naziri olaraq qalacaq". Oliqarxın başqa bir açıqlaması isə Ukraynanın ən varlı adamlarından olan tatar əsilli Renat Axmetovun gələcəyi ilə bağlı olub. Kolomoyskinin fikrincə, Axmetov Ukraynanın enerji sektorundakı monopoliyası sayəsində ədalətsiz şəkildə külli miqdarda gəlir əldə edir. Bu səbəbdən də Kolomoyski yaxın gələcəkdə 4.6 milyard dollarlıq varidatı olan Axmetovun enerji sektorundakı biznesdən uzaqlaşdırılacağını və bundan ciddi ziyan görəcəyini bəyan edib. Məsələnin maraqlı tərəfi ondadır ki, özünü oliqarx hesab etmədiyini deyən Kolomoyski jurnalistlərin "yeni prezident bütün oliqarxlara qarşı eyni qaydaları tətbiq etməlidirmi" sualına "xeyr" deyə cavab verib.

Bu arada, Zelenskinin müşaviri Dmitri Razumkov Ukraynanın "1+1" kanalındakı "Hakimiyyət hüququ" proqramında çıxışı zamanı bildirib ki, yeni prezident Ali Radanın buraxılması təşəbbüsü ilə çıxış edəcək. Razumkovun sözlərinə görə, koalisiyanın mövcud olmaması Ali Radanın buraxılmasının əsas səbəblərindən biri olacaq.

"Vladimir Zelenskinin İqor Kolomoyskiyə vəzifə verməsi, ona hansısa mühüm postu həvalə etməsi mümkündür"

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova isə İqor Kolomoyskinin Ukraynanın yeni seçilmiş prezidentinin əsas hamisi olduğunu vurğulamaqla yanaşı, qeyd etdi ki, son dövrlər postsovet ölkələrində bu tendensiya güclənib: "Məsələn, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişvili Gürcüstanın xanım prezidenti Salome Zurabişvilini müdafiə edirdi. Yəni postsovet ölkələrində güclənən bu tendensiya onu göstərir ki, hakimiyyətə kimisə gətirirlər, lakin onu himayə edən, maddi dəstək verən oliqarxlar, müxtəlif qüvvələr olur. Odur ki, Vladimir Zelenskinin İqor Kolomoyskiyə vəzifə verməsi, ona hansısa mühüm postu həvalə etməsi mümkündür. Bildiyiniz kimi, İvanişvili özü də bir müddət dövlət vəzifəsi tutub. Bu baxımdan, Kolomoyski də Ukraynada hansısa vəzifə tuta bilər. Bu, onun bir növ leqallaşmasına, daha sivil şəxs kimi təqdim olunmasına xidmət edə bilər. Çünki hər kəs oliqarxları yetərincə pulu olan, ancaq siyasi proseslərdən başa çıxmayan bir şəxs kimi təsəvvür edir. Lakin hansısa dövlət vəzifəsində təmsil olunması oliqarxı bir növ leqallaşdırır, sivilləşdirir".

"Rusiya prezidenti Vladimir Putin də hakimiyyətə gələrkən onu da müdafiə edən oliqarxlar olub"

İqor Kolomoyskinin Ukraynaya dönüşünün Vladimir Zelenskinin mövqelərini daha da gücləndirəcəyini, onun digər qüvvələrə qarşı müdafiə olunmasında ciddi rol oynayacağını deyən politoloq hesab edir ki, bütün hallarda adıçəkilən biznesmenin qayıdışı nələrisə dəyişə bilər: "Yəni bu ehtimal mümkündür. Qeyd etdiyim kimi, müqayisə üçün İvanişvili variantını nəzərdən keçirə bilərik. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin də hakimiyyətə gələrkən onu da müdafiə edən oliqarxlar olub. Həmin vaxt o, oliqarxlarla müharibəyə başlamamışdı. Çünki Yeltsin dönəmində oliqarxların Rusiya siyasətində rolu xeyli güclənmişdi. Hətta zamanında Putinin Roman Abramoviç və Boris Berezovski ilə yaxşı münasibətləri vardı. Lakin sonradan Putinin onlara münasibəti dəyişdi. Məncə, siyasi hakimiyyət möhkəmləndikcə Vladimir Zelenski də İqor Kolomoyskidən, ümumiyyətlə oliqarxların himayəsindən imtina edə bilər. Lakin hələlik belə bir addımın atılması o qədər də real görünmür. Əslində, bu, ona veriləcək göstərişdən asılıdır. Aydın məsələdir ki, burda demokratiya, xalqın Zelenskiyə rəğbəti-filan deyilən bir şey yoxdur. Yəni bu adamı seçiblər, hakimiyyətə gətiriblər. Ümumiyyətlə, Ukrayna hələm-hələm adama etibar ediləcək ölkə deyil. Çünki orda vəziyyət çox qarışıqdır. Odur ki, Zelenskini müəyyən güclər hakimiyyətə gətirib. Kolomoyskiyə isə Zelenskini maliyyələşdirmək, onun yanında olmaq tapşırılıb".

"Son dövrlər Qərb postsovet məkanında əsasən təcrübəsiz insanları hakimiyyətə gətirir"

İqor Kolomoyskinin Ukraynanın "boz kardinalı" olacağını iddia edən Nəzakət Məmmədova bu qənaətdədir ki, son dövrlər Qərb postsovet məkanında əsasən təcrübəsiz insanları hakimiyyətə gətirir: "Belə ki, Qərb o qədər də böyük təcrübəsi və maliyyəsi olmayan insanları hakimiyyətə gətirir. İndi siyasi təcrübəsi olmayan Zelenskini Ukraynada hakimiyyətə gətiriblər. Ona isə himayəçi, qəyyum təyin edirlər. Bu yolla qəyyum həm təcrübəsiz prezidentə siyasi cəhətdən və maddi baxımdan dəstək olur, həm də hakimiyyətdə balanslaşdırılmış qüvvələr olur. Yəni iqtidarı Zelenski ilə Kolomoyskiyə tapşıran qüvvələr bu yolla onlardan birinin Rusiyanın təsirinə düşməsinin qarşısını almağa çalışırlar. Əslində, bu, bir-birinə nəzarət mexanizmidir. Belə ki, Ukrayna prezidentini seçən qüvvələr məhz bu üsulla həm Zelenskidən, həm də Kolomoyskidən məlumat əldə etmək imkanı qazanır. Misal üçün qeyd edim ki, sovet dövründə və ABŞ-ın özündə də polislə təhlükəsizlik orqanları daim rəqabətdə olub. Çünki onlar birləşsə çevriliş edə bilər. Lakin onlar rəqabət halında olduqda, həm iş yaxşı gedir, həm də müxtəlif mənbələrdən məlumatlar daxil olur. İndi Ukraynada da eynilə bu üsuldan istifadə olunur. Yəni Kolomoyski müəyyən güclərin tapşırığı ilə Zelenskiyə nəzarət etmək üçün Ukraynaya gəlib. Məqsəd odur ki, Zelenski daim öz üzərində bir güc, nəzarət hiss etsin. Hazırda tətbiq olunan mexanizm məhz budur. Bu yolla Zelenskiyə mesaj göndərirlər ki, tam arxayın olma, istənilən vaxt səni əvəz edə biləcək alvernativ var. Bununla da Zelenskinin sədaqətlə xidmət etməsini təmin etməyə çalışırlar".

Politoloqun irəli sürdüyü digər bir versiyaya görə, Zelenskinin səlahiyyət müddəti başa çatdıqdan sonra Kolomoyski prezident kürsüsünü ondan təhvil ala bilər: "Ola bilər ki, Kolomoyskini Ukraynaya qaytaran qüvvələr həm də onu gələcək hakimiyyətə hazırlasınlar. Mənə elə gəlir ki, gələcəkdə onunla Zelenski arasında ciddi fikirayrılığı olsun. Çünki ola bilər ki, Zelenski gücləndikdən, mövqelərini möhkəmləndirdikdən sonra Kolomoyskini qəbul etməsin. Bu versiya da olduqca real görünür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA