"XALQIN HƏYAT SƏVİYYƏSİ HEÇ VAXT BELƏ AŞAĞI OLMAYIB"

"XALQIN HƏYAT SƏVİYYƏSİ HEÇ VAXT BELƏ AŞAĞI OLMAYIB"

Elşən Məmmədov: “Fikrimcə, bu, gənclərin milli şüurunu məhv etmək üçün düşünülmüş bir siyasətdir”

“Bu gün Azərbaycan kinosuna ayrılan məbləğ amerikalı, avropalı aktyorun qonorarının 50 faizidir”

Etiraf edim ki, bu insan haqda heç nə eşitməmişdim, onun məşhur “Qara volqa” filminə də baxmamışdım, amma əsəri oxumuşdum məktəb illərində. Özü də bir nəfəsə, böyük maraq və həyəcanla oxumuşdum.

Quruluşçu rejissor kimi ilk və yeganə müstəqil işi “Qara volqa” əsəri əsasında çəkdiyi eyniadlı bədii film olan Elşən Məmmədovu sosial şəbəkələrdə paylaşdığı orijinal, bəzən yumoristik, bəzən satirik, bəzən də giley, ağrı dolu statuslarından tanımışam, sənətə və sənətkarlara verdiyi yüksək dəyər, ətrafda baş verən olaylara özəl münasibəti ilə diqqətimi çəkən bu insanın kimliyi ilə maraqlananda öyərənib bildim ki, 1963-cü ildə Goranboy rayonunda anadan olub, o vaxtkı M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. Sənətin sirlərini böyük sənətkarlardan öyrənib.

Amma statuslarından o da aydın oldu ki, bu gün təəssüf ki, işsizdir. Onunla şəxsən görüşüb söhbətləşmək, işsizliyinin səbəbini öyrənmək istədim. Nömrəsini alıb zəng vurdum. Akademiya bağında görüşməyi təklif etdi. Görüşdük. Bağdakı skamyalardan birində oturub söhbət etdik. Bəli, məhz söhbət. Bu quru sual-cavab, müsahibə deyildi, iki insanın səmimi söhbəti, iki dostun dərdləşməsi idi.

Qarşımda qəlbi sənət eşqi ilə alışıb yanan, mübariz ruhlu, amma həyatın yorduğu bir insan əyləşmişdi. Hiss edirdim ki, işsizlik həm bir sənət adamı, həm də iki ekiz övladın atası kimi onu yaman sıxır. Bir yandan, yüksək sənət peşindədir, bədii filmlər çəkmək arzusu ilə yaşayır, digər tərəfdən isə ailəsinin güzəranını təmin etmək üçün çalışıb-çarpışır. Məcbur qalanda reklam xarakterli kiçik çarxlar, süjetlər də çəkməli olur. Çörək pulu qazanmaq məqsədi ilə Bakıda kirayə qalan Elşən müəllim Mingəçevirdə yaşayan ailəsini bir an belə unutmur, özü hər cür mərhumiyyətə dözür, qazancının böyük hissəsini isə onlara yollayır. Amma illərin yorduğu bu insan hər şeyə rəğmən həyat eşqini itirməyib, böyük ümidlərlə yaşayır. Sanıram söhbət boyu özünüz də bunun şahidi olacaqsız.

Beləliklə, həmsöhbətim məşhur “Qara volqa” filminin rejissoru Elşən Məmmədovdur.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotqara_volqaquot_rejissorunun_hyatinin_qara_zolai)

- Onların özləri də vaxtı ilə böyük sənətkarlardan dərs alıblar.

- Təbii. Amma çox təəssüf ki, həmin ənnənə kəsildi. Kim ki, deyir, kinomuz bu gün inkişaf edir, ya özünü aldadır, ya da insanları. Kinomuzun bu günkü durumunu anlamaq üçün ölməz dramaturqumuz Cəfər Cabbarlının kinostudiyanın həyətindəki heykəlinə baxmaq kifayətdir. O heykəl bina tikiləndən oradadır. Ümumiyyətlə, demək olar ki, kinostudiyanın texniki bazası yoxdur. Bir müddət əvvələ kimi kinostudiyada işləmək üçün bir otaq götürdüm. Məndən icarə haqqı istədilər. Əslinə qalsa, onları qınamıram, çünkü o böyüklükdə binanı saxlamaq asan deyil. Kinostudiyaya dövlət qayğısı olmalıdır. Səlahiyyət sahibi olsaydım, qərar verərdim ki, bütün bədii filmlər və televiziya serialları kinostudiyanın bazasında çəkilməlidir. Otaqlar, pavilyonlar, ümumiyyətlə, peşəkar çəkiliş üçün hər cür şərait var. Sadəcə binanın əsaslı təmirə ehtiyacı var, bu da, heç şübhəsiz maliyyəyə bağlı məsələdir.

- Həmin filmlərin nümayişindən əldə olunan qazancın müəyyən qismi kinostudiyanın təmirinə, kommunal xidmət haqqlarının ödənilməsinə xərclənə bilərdi...

- Əlbəttə. Vaxtilə kinostudiyada 2000-ə yaxın insan çalışırdı, bu gün isə cəmi 30-35 işçisi qalıb. Çünki kinostudiyanın o qədər işçiyə əmək haqqı vermək imkanı yoxdur. Bu gün dövlətin ayırdığı pulla nəinki bədii film çəkmək, heç kommunal xidmət haqqlarını ödəmək belə mümkün deyil.

“Elxan Cəfərovun Qarabağ həqiqətlərindən bəhs edən “Dolu” filmi nədənsə kinoteatrlarda nümayiş etdirilmədi...”

- Elşən müəllim, milli kinematoqrafın böhran vəziyyətində olduğunu deyirsiniz, amma Kütləvi İnformasiya Vasitələrində mütəmadi olaraq azərbaycanlı rejissorların müxtəlif beynəlxalq festival və müsabiqələrdəki uğurlarından soraq verən yazılar dərc olunur. Maraqlısı odur ki, həmin filmlərin əksəriyyətinin yalnız adı məlumdur bizə, filmlərin özləri isə nədənsə ölkə ictimaiyyətinə təqdim olunmur. Siz bunu necə izah edərdiniz?

- Çox maraqlı sualdır. Son illərdə, yəni 2000-ci ildən bəri çəkilən filmlərin tarixçəsinə baxsaq, haradasa cəmi 8-9 film çəkildiyini görərik. Amma həmin filmlər haqda demək olar ki, heç kəsin anlayışı yoxdur.

O filmlərin arasında tək bir film var - rejissor Elxan Cəfərovun Aqil Abbası ssenarisi əsasında çəkdiyi ”Dolu” filmi.Yəqin siz də baxmısınız, çox baxımlı, düşündürücü bir filmdir. Mənə çox qəribə gəldi ki, nədən həmin filmi kinoteatrlarda nümayiş etdirmədilər.

- Həqiqətən gözəl filmdir. Maraqlı nüanslarla zəngindir. Təbii ki, bu film heç bir beynəlxalq müsabiqədə yer tuta bilməz. Çünki beynəlxalq kino yarışmalarında yalnız dünyəvi, kosmopolit movzulu filmlər təqdir olunur. “Dolu” filmi isə Qarabağ həqiqətlərindən bəhs edən vətənpərvərlik ruhunda çəkilən bir filmdir, odur ki, beynəlxalq səviyyədə heç bir ödül qazanmaq şansı yoxdur.

- Elədir ki, var. “Dolu” filmi gənclərimizə vətən sevgisi aşılamaq məqsədi ilə çəkilən bir filmdir.

- Səhv etmirəmsə, əsas rolun ifaçısı peşəkar aktyor deyil. Amma “Dolu” filminə qədər artıq bir neçə film və klipdə çəkilmişdi. Söhbət Rza Rzayevdən gedir.

- Rza peşəkar aktyor olmasa da, kifayət qədər istedadlı insandır, maraqlı fakturası var. Türkiyədə rejissorluq kurslarında təhsil alıb, yəni kinonu bilən insandır. Filmin rejissoru Elxan Cəfərov da kino peşəkarıdır, Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur.

Nəyə görə o filmə baxılır! Ona görə ki, filmdə reallıq çoxdur. Fikrimcə, film telekanallara verilməzdən öncə, mütləq kinoteatrlarda nümayış etdirilməli idi. Filmin nümayişi kifayət qədər qazanc gətirə bilərdi.

“Bu gün cəmiyyət şokdadır...”

Gəlin bir az da cəmiyyətimizdən danışaq. Çünki istənilən sahənin inkişafına cəmiyyətin də böyük təsiri var. Hərdən məndən soruşurlar ki, cəmiyyət niyə bu vəziyyətdədir? Cavab verirəm ki, bu gün cəmiyyət sadəcə şokdadır.

- Bəs nə vaxt ayılacaq bu şokdan? Nə isə yaman uzun çəkdi bu şok halı.

- İnanıram ki, ayılacaq, sadəcə geci, tezi var, əbədi yata bilməz axı. Amma bu gün millət şokdadır. Bu günkü həyat tərzi bizə yaddır. Xalqın həyat səviyyəsi heç vaxt belə aşağı olmayıb. Fikrimcə, bu, gənclərin milli şüurunu məhv etmək üçün düşünülmüş bir siyasətdir.

“Neft ölkəsi olan Azərbaycanda aktyorlar qəpik-quruşa işləməyə məcburdur”

Təsəvvür edin, bu gün dövlət kinoya cəmi 1 milyon manat pul ayırır. Bədii və sənədli filmlərin çəkilişi, Kinostudiyanın kommunal xərclərinin ödənilməsi, təmiri, işçilərin əmək haqqı -hamısı bu məbləğə daxildir.

- Bir bədii filmin çəkilişinə milyonlarla dollar xərcləndiyi dünyamızda Azərbaycan kinosuna ayrılan bu cüzi məbləğ insana inanılmaz gəlir.

- 1 milyon dollar Amerika və Avropada filmə çəkilən aktyorun qonorarının haradasa 50 faizidir. Neft ölkəsi olan Azərbaycanda isə aktyorlar qəpik-quruşa işləməyə məcburdur. Zənnimcə, bu hər şeyi izah edir.

Amma bir şeyi anlamırlar ki, kino çox gəlirli bir sahədir. Kino biznesdir. Eyni zamanda da kino böyük zəhmət tələb edən sinkretik sənət növüdür, mürəkkəb orqanizmdir. Bu orqanizmin düzgün işləməsi üçün bütün orqanlar yerində olmalıdır.

“Bu gün uşaqlarımız ümumiyyətlə yaddan çıxıb”

- Azərbaycanda multiplikasiya janrı ümumiyyətlə inkişaf etmir -desəm, zənnimcə yanılmaram. Son illər heç bir milli cizgi filminə rast gəlməmişəm. Siz bu haqda nə düşünürsünüz?

- Bu gün uşaqlarımız ümumiyyətlə yaddan çıxıb. Telekanallarımızda uşaqlar üçün nə əyləncəli, nə də maarifləndirici verilişlər yoxdur. Biz uşaq olanda o qədər maraqlı verilişlər, bədii və multilikasiya filmləri vardı ki. Uşaqların sevimlisi olan Savalan baba, Xoruz baba, Huşsuz əmi kimi personajlar bu gün də xatirimizdədir.

Çox təəssüflə qeyd edirəm ki, indi də böyük sevgi ilə tamaşa etdiyimiz, sənət incisi saydığımız demək olar ki, bütün filmlər Sovetlər dönəmində çəkilib. Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Qəmbər Hüseynli kimi bəstəkarların uşaqlar üçün bəstələdiyi gözəl mahnılar bu gün də sevə-sevə dinlənilir. O dövrdə ərsəyə gələn uşaq əsərləri bizi tərbiyələndirib, xeyirlə şərin qarşıdurmasını, mərhəməti, insanlığı o əsərlərdən öyrənmişik. Bu gün isə uşaqlar bayağı verilişlər, mənasız komediyalar, internetə yerləşdirilən qəddar oyunlar üzərində tərbiyə alırlar. Bu isə həm çox ağrılıdır, həm də çox təhlükəlidir.

“Kinomuzun korifeyləri layiq olduqları diqqəti, qayğını görmürlər”

- Məni ağrıdan məqamlardan biri də odur ki, bu gün sənət adamlarına münasibətdə bir ədalətsizlik, qeyri-bərabərlik var. Kimlər üçün hər cür şərait yaradılır, fəxri ad da verilir, prezident mükafatına, prezident təqaüdünə də layiq görülür, kimlər isə işsiz qalır, ən məhsuldar illərini boşuna yaşayır.

Çox şükür, kino məktəbi görmüş, kinomuzun korifeyləri sayılan əsl sənət adamları bu gün yaşayır. Düzdü, az qalıblar, amma yaşayırlar. Rasim Balayev, Fəxrəddin Manafov, Həmidə Ömərova, Xalidə Quliyeva, Elxan Qasımov, Ənvər Həsənov -adını sadaladığım bu insanlar bütün həyatlarını kinoya həsr ediblər. Amma çox təəsüf ki, bu gün layiq olduqları diqqəti, qayğını görmürlər, depressiyaya düşürlər işsizlikdən, biganə münasibətdən, məcbur olub bayağı teleseriallara çəkilirlər.

Ənvər Həsənov kimi bir sənətkar hələ də əməkdar aktyordur, amma şoumen Murad Dadaşov xalq artistidir. Ədalətsizlik deyilmi bu?

(Ardı var)

R.Rzayeva, Hurriyyet.org

Loading...

QALEREYA