"XİN başçılarının Vaşinqton görüşü real nəticələrə söykənə bilər"

"XİN başçılarının Vaşinqton görüşü real nəticələrə söykənə bilər"

Məhəmməd Əsədullazadə: "ABŞ Moskvada keçirilən görüşə Rusiyanın tormozlaşdırma siyasəti kimi baxır"

Ramil Məmmədli: "ABŞ-ın münaqişənin həllində fəallıq nümayiş etdirmək istəməsi, hətta görüşün paytaxt Vaşinqtonda keçirilməsi təklifi adi qəbul olunmamalıdır"

Kənan Paşayev: "Böyük güclərin regionda söz sahibi olmaq uğrunda təşkil etdikləri görüşlərdən nəticə gözləmək sadəcə zaman itkisidir"

Bugünlərdə Polşada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada keçirilən görüşü xatırladan nazir danışıqlarda irəliləyişin lazım olduğunu bəyan edib: "Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovda iştirak etdi. ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir".

"Bakı və İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son razılaşmalar kağız üzərində qalmayacaq"

Yeri gəlmişkən, Sergey Lavrov isə serbiyalı həmkarı İviça Daçiçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan Moskva danışıqlarını şərh edərkən qeyd edib ki, Bakı və İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son razılaşmalar kağız üzərində qalmayacaq: "Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir". Bu barədə ordu.az-da gedən informasiyaya görə, Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan Rusiyanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini vurğulayıb: "Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir". Dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirən Sergey Lavrov qeyd edib ki, orada işlərin bütün təməl istiqamətləri göstərilib, təfərrüatlar isə məxfidir.

"ABŞ münaqişənin həllində maraqlarımıza uyğun mövqe ortaya qoyur, Rusiya isə tam əksinə"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Bu arada, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünə daima önəm verib. Onun sözlərinə görə, Vaşinqtonun ötən il münaqişənin həllində fəallığını nəzərə alsaq, ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Vaşinqtonda görüşməyi təklif etməsini bu prosesin davamı kimi qiymətləndirmək lazımdır: "Moskvada keçirilən görüşə Vaşinqton Rusiyanın tormozlaşdırma siyasəti kimi baxır. Ona görə də ABŞ danışıqlarda substantiv mərhələnin başlanmasına çalışır. Boltonun planı da bu xüsusdadır. Azərbaycan tərəfi Vaşinqton görüşünə daha da isti baxmalıdır və yalnız bu ölkə münaqişənin həllində maraqlarımıza uyğun mövqe ortaya qoyur, Rusiya isə tam əksinə. Hesab edirəm ki, Moskva və Vaşinqton arasında bu yarış bizim xeyrimizədir".

Ermənistanın Vaşinqton görüşündən məmnun olmadığını deyən politoloqun fikrincə, bunun səbəbi ərazilərin boşaldılmasının masaya qoyulmasıdır: "Rəsmi Bakı Vaşinqtonun bu təşəbbüsünə dəstək verməli və çalışmalıdır ki, ABŞ prosesdə fəal olsun. Vaşinqton görüşü real nəticələrə söykənə bilər. ABŞ çalışmalıdır ki, Nikol Paşinyanın Rusiyayönümlü siyasətinin qarşısını alsın. Vaşinqton görüşü hər zaman müəyyən ümidlər yaradıb. Hesab edirəm ki, "Bolton planı" yenidən masaya gətiriləcək".

"ABŞ-ın münaqişənin həllində aktivlik nümayiş etdirməsinin əsas səbəbi Rusiyanın bölgədəki manevr imkanlarını azaltmaqdır"

Картинки по запросу Ramil Məmmədli

Məsələ ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bu qənaətdədir ki, ABŞ-ın münaqişənin həllində aktivlik nümayiş etdirməsinin əsas səbəbi Rusiyanın bölgədəki manevr imkanlarını azaltmaqdır: "Münaqişənin başladığı ilk günlərdən Kremlin burada aldığı rol hamıya bəllidir. Bu gün ən sadə qafqazlı belə, bilir ki, bu regionda yaradılan münaqişələrin müəllifi məhz Rusiyadır. Bunun səbəbləri isə artıq bəllidir. O ki qaldı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərməsinə, biz əvvəllər də bunun şahidi olmuşuq. ABŞ-ın münaqişənin həllində aktivlik nümayiş etdirməsində bir əsas səbəb var: Rusiyanın bölgədəki manevr imkanlarını azaltmaq. Lakin indiyə qədər bu cəhdlər nəticəsiz qalıb. Səbəb isə Ermənistanın və Qarabağdakı separatçı qüvvələrin Kremlin nökəri olmaları, öz xalqlarının gələcəyini fikirləşməmələridir. 1988-ci ildən indiyə kimi ermənilər yalnız və yalnız ağaları olan Rusiyanın mövqelərini qorumaqla məşğul olmuş, Azərbaycanı "Qarabağ tələsi"ndə saxlamağa çalışmışlar. Buna hansısa mənada nail ola bilmişlər. İndi isə Qafqazda vəziyyət qismən də olsa dəyişib. ABŞ tam olaraq Gürcüstanda, ötən ilki məlum hadisələrdən sonra qismən isə Ermənistanda mövqelərini gücləndirməyi bacarıb".

"Paşinyan anlamalıdır ki, xalqının xoşbəxtliyi Rusiyada yox, Qərbə inteqrasiyadadır və bu səbəbdən də münaqişənin həllində ABŞ-ın mövqelərinin güclənməsinə dəstək verməlidir"

Hərbi-siyasi icmalçı hesab edir ki, ABŞ-ın illər sonra Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirmək istəməsi, hətta görüşün paytaxt Vaşinqtonda keçirilməsi təklifi adi qəbul olunmamalıdır: "Düşünürəm ki, bu, ABŞ-ın Rusiyanın mövqelərini zəiflətmək üçün atdığı növbəti addımdır. Əlbəttə, Rusiyanın qısqanclığı ilə qarşılanacaq bu görüşün səmərəli olması ilk növbədə Ermənistan hökumətindən asılıdır. Paşinyan hökuməti anlamalıdır ki, xalqının xoşbəxtliyi Rusiyada yox, Qərbə inteqrasiyadadır və bu səbəbdən də münaqişənin həllində ABŞ-ın mövqelərinin güclənməsinə dəstək verməlidir. Əks təqdirdə, Rusiyanın mövqeyi və ya mövqesizliyi daha irimiqyaslı müharibə ilə nəticələnəcək. Bu müharibənin sonunun isə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil".

"Vaşinqton görüşünün baş tutacağı təqdirdə görüşdən müsbət nəticə əldə edilməsi utopik xarakter daşıyır"

Картинки по запросу Kənan Paşayev

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, ABŞ-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşlərin Vaşinqtonda davam etdirilməsi təklifi Rusiya ilə rəqabət xarakteri daşıyır: "Görünür, xarici işlər nazirlərinin Moskva görüşü və bu görüşdən sonra hər iki nazirin mediaya müsbət açıqlamalar verməsi rəsmi Vaşinqtonu təşvişə salıb. Amma düzünü desək, hər iki tərəfi də maraqlandıran münaqişənin həlli deyil, Cənubi Qafqaz regionunda söz sahibi olmaqdır. Vaşinqton görüşünün baş tutacağı təqdirdə görüşdən müsbət nəticə əldə edilməsi utopik xarakter daşıyır. Nəinki Vaşinqton, hətta Moskva görüşündən də Qarabağ probleminin həllində gözə dəyəcək qədər irəliləyiş əldə olunacağını düşünmürəm". Kənan Paşayevin fikrincə, Qarabağın azad edilməsi üçün düşmənə güc təzyiqi mütləqdir: "İşğalçını sülhə güc yolu ilə məcbur etmək lazımdır. Böyük güclərin regionda söz sahibi olmaq uğrunda təşkil etdikləri görüşlərdən nəticə gözləmək sadəcə zaman itkisidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA