"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir" - Nura Suri

"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir" - Nura Suri

Müğənni Nura Suri aparıcıları və kanalları tənqid edib.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, o, bununla bağlı Facebook hesabında paylaşım edərək, efirin pulla bayağı müğənnilərə satıldığını yazıb:

"Sonra da deyirlər niyə şou-biznesdə durğunluq yaranır, bayağı musiqi çoxalır? Guya sənəti, səviyyəli musiqini başa düşən qalıb ki? Zövqlü, intellektual insanlar tükənmək üzrədir. Efir də elə bil toyxanadır. Kim pul verir, o da efirdədir. Efirini pula satıb, özünə layiq bildikləri qonaqları dəvət edirlərsə, burada danışılası, deyiləsi söz qalmır. İnsan özünə, verilişinə, dediyi sözə hörmət qoyar. Səviyyəli veriliş edin, sponsorlardan qazanın. Qonaqdan pul alıb, hər yerindən duranı niyə insanlara yedirtmək istəyirsiniz ki?

Niyə tamaşaçıya, dinləyiciyə hörmət qoymursunuz? Sabah heç kəs səviyyəli işə pul verməyəcək, savadlı aranjiman etməyəcək, klip çəkdirməyəcək. Elə pulu verib efirə çıxacaq, insanlara yuxarıdan aşağı baxacaq, tamaşaçını da aparıcını aldığı kimi tərbiyəsizliyi ilə əzəcək.

Xarici ölkələrdə kanalların öz qrim ustaları, modelyerləri var. Əgər gələn qonağın geyimi və makiyajı zövqsüzdürsə, anında dəyişib efirə buraxırlar. Özlərinə və tamaşaçıya hörmət qoyurlar. Biz bu gedişlə hara gedirik?"

Suri bildirib ki, həmin insanların adlarını da yazacaq:

"Ətraflı yazıb, adlarını da qeyd edəcəyəm. Bəsdirin, insanları gic yerinə qoymayın. Əxlaqsızlar efirə çıxıb, əxlaqdan danışır, həyat dərsi keçirlər. Yeni nəslin zövqünü pozurlar. Öz səviyyələrinə uyğun insanların təbliği ilə məşğuldurlar. Vətən sözünün mənasını bilməyənlər vətənpərvərlikdən dəm vururlar. Sənətkarlar, illərini bu sənətə qurban verən ifaçılar kənarda qalıblar, utandıqlarından efirə çıxmırlar. Çünki efirə sənətkar dəvət edəndə mütləq yanına pul verib efirə çıxan birini qoşurlar. Pulu verən özü sifariş edir ki, bizi səviyyəli müğənnilərlə efirə salın".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA