"YUXARIDAN TAPŞIRIQ VERİLİRDİ" - Cahangir Hacıyevin adı keçən 4.7 milyardlıq iş

"YUXARIDAN TAPŞIRIQ VERİLİRDİ" - Cahangir Hacıyevin adı keçən 4.7 milyardlıq iş

Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Məmmədzadə ifadə verib.

E.Məmmədzadə bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olduğu zaman o Müxbir Hesablar və Hesablaşmalar Departamentinin rəhbəri işləyib.

Məmmədzadə hazırda da eyni vəzifədə işlədiyini, lakin departamentin adının dəyişdirilərək Nağdsız Hesablaşmalar Departamenti olduğunu deyib.

Şahidin bankın Kredit Komissiyasının üzvü olduğu və ayrılan kreditlərdə onun da imzasının olduğu elan edilib.

Suallara cavab verən Məmmədzadə ayrı-ayrı şirkətlərə milyonlarla manat dəyərində kreditlərin ayrılmasının səbəbini belə izah edib: "Yuxarıdan tapşırıq verilirdi, ayrılırdı".

Hakimin "yuxarı kim idi" sualına cavab olaraq Məmmədzadə Cahangir Hacıyevi göstərib.

Prokurorun suallarına cavab verən Məmmədzadə bildirib ki, elə bir hal olmayıb ki, kredit ayrılmış şəxsin sənədlərində problem olsun, kredit ayrılması mümkünsüz olsun. Amma Məmmədzadə qeyd edib ki, Kredit Komissiyası bəzi şirkətlərə kredit ayrılması təkliflərini rədd də edib. Lakin məlum olub ki, kredit istəyi rədd edilən şirkətlər arasında "yuxarının" kredit ayrılmasını istədiyi şirkətlər olmayıb. Yəni, "yuxarı" nə istəyibsə, sorğu-sualsız yerinə yetirilib.

Daha sonrakı suallara cavabında Məmmədzadə imza atdığı sənədlərdə hansı məbləğdə pulların ayrıldığını xatırlamadığını deyib. Ancaq onu qeyd edib ki, Kiçik Kredit Komissiyasının üzvü olub. Ona xatırladılıb ki, imza atdığı sənədlərlə ən azı 400 min manat dəyərində kredit verilib.

Hakim şahid Məmmədzadədən neçə ildir bankda işlədiyini soruşub. Məmmədzadə 25 ildir bankda müxtəlif vəzifələrdə işlədiyini deyib.

Hakim xatırladıb ki, banka işə götürülən zaman Məmmədzadənin 18 yaşı olub.

"Siz mütəxəssis olubsunuz. Amma çox qeyri-səlis və qeyri-səmimi danışırsınız. Siz deyirsiniz ki, türk müəllimlər dərs deyib, sonra da işə düzəlmisiniz. Yaxşı, bunu başa düşdük. Axı siz necə ayrılan kreditlərdən, göstərilən şərtlərdən xəbərsiz olduğunuzu deyirsiniz? Bu bankda çox nadir şəxslərdənsizini ki, 25 il təcrübəniz var. Bəlkə də elə Cahangir Hacıyev qədər təcrübəniz var. Amma suallara cavab verə bilmirsiniz".

Dindirilən digər şahid isə Fərhad Kərimov olub. O, 2013-2015-ci illər ərzində bankın Baş Xəzinədarlıq Departamentinin rəhbəri olduğunu deyib.

Kərimov fəaliyyəti zamanı xarici şirkətlərə kreditlərin ayrılması, depozitlərin qoyulmasına nəzarət etdiyini bildirib. Suallara cavab verən Kərimov söyləyib ki, kreditlərin ayrılması, depozitlərin qoyulması ilə bağlı qərar rəhbərlikd daxil olduqdan sonra icra edilib.

Şahid Akif Əliyev də məhkəmədə ifadə verib. O, Beynəlxalq Bankın baş direktoru olub. Həmçinin Kredit Departamentinin də rəhbəri vəzifəsini tutub. Ən sonda isə bankın Problemli Kreditlər Komissiyasının sədri vəzifəsində çalışıb.

Şahid dindirilməni sual-cavab şəklində aparılmasını istəyib. Hakim isə xatırladıb ki, Akif Əliyev istintaqda ən çox dindirilən şəxslərdən biridir və həmçinin əvvəl dindirilən şahidlərin əksəriyyəti göstərişi ondan aldığını deyib. Buna görə də hakim ona bildiklərini tam olaraq danışmasını istəyib.

Akif Əliyev qeyd edib ki, bankdan ayrılan kreditin maksimal limiti 2.5 milyon manat olub.

Şahidə sual verilib ki, kreditlərin ayrılması göstərişini kimdən alıb? Əliyev göstərişi Hacıyevdən aldığını söyləyib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA