"ÖZÜ XƏSTƏXANADA, ÜRƏYİ KİNOSTUDİYADAYDI"

"ÖZÜ XƏSTƏXANADA, ÜRƏYİ KİNOSTUDİYADAYDI"

"Atamın ruhu balaca Muxtardadı"

“Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm...”

Hər dəfə özü haqda danışanda belə deyirmiş. Halbuki, 157 filmdə təkrarsız, əvəzsiz obrazlar yaradıb. Biri-birinə bənzəməyən, fərqli qəhrəmanlarıyla yaddaşlarda iz salıb. Gah “Koroğlu” olub, gah “Bəxt üzüyü”nün “Zırpı”sı, gah “Qərib cinlər diyarında” Akşad, gah da “Nəsimi”də Miranşah....

Hər bir roluyla sənətə sevgisini yansıdıb. Elə bu üzdən də kinonun ən çətin, ən ağır günlərində ona üz çevirməyib. Dolanışıq, ailə keçindirmək qayğıları belə onun kino sevgisini üstələyə bilməyib...

Xalq artisti Muxtar Maniyev. Bu gün onun doğum günüdür. Özü həyatda olmasa da, 83 yaşını ailəsi, balaca Muxtar və sənət dostları qeyd edir:

Baba Muxtarın 83, nəvə Muxtarın 1 yaşı

Oğlu Tural Maniyev: “Bu gün atamın 83, nəvəsininsə 1 yaşı bitir. Allahın hədiyyəsi o oldu ki, ötən il atamın doğum gününündə mənim oğlum dünyaya gəldi. Ona babasının adını verdik. Bu gün həm onun, həm də balaca Muxtarın ad gününü qeyd edirik. Amma doğum gününü atama baş çəkməklə başladıq. Səhər tezdən hamımız məzarını ziyarət elədik, dualar oxuduq”.

Картинки по запросу Muxtar Maniyev

“Dostları atamın ən böyük qazancıdır”

“Hər doğum günündə sənət dostları, yoldaşları mütləq zəng edib yada salırlar. Daha çox “Rafiq müəllim, bir də Müşfiq Hətəmov onu axtarır. Onların ikisi də son günədək atamın yanında olublar. Sağ olsunlar, dostları atamın həyatdakı ən böyük qazancıdır...”

Atam qədər sənət fədaisi olmadım

1985-ci il idi. 5 yaşım olardı. “Mozalan”ın 100-cü nömrəsi çəkilirdi. Atam məni özüylə bir yerdə çəkilişə aparmışdı. Orda onunla birgə balaca bir epizoda çəkildim. Həmin epizodu dəfələrlə təkrar-təkrar çəkdilər. O anda başa düşdüm ki, atamın işi kifayət qədər əziyyət, səbir və zəhmət tələb edir. Anladım ki, bütün bunlara yalnız sənətini fədakarcasına sevən insan dözə bilər. O vaxtlar mənim də aktyorluğa böyük həvəsim vardı. Atam da mənim bacarığımı, həvəsimi görürdü deyə hara getsə məni özüylə aparırdı. Amma sonralar anladım ki, onun qədər bu sənətin fədaisi ola bilmərəm. O səbəbdən də içimdəki aktyor olmaq arzumu birdəfəlik basdırdım. Zənnimcə, bu yolu balaca Muxtar bu yolu davam etdirəcək.

Kinostudiya ikinci eviydi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Sadıqov:

“Muxtar Maniyevi başqaları kimi aktyor olmağı uşaqlıqdan xəyal eləməyib. O, əslində ixtisasca mühəndis idi. Amma ürəyində teatra, kinoya böyük sevgi olub. Elə bu sevgi də bir gün onu kinostudiyada gətirib. Təsəvvür edin, bu adam daim kinostudiyada olurmuş, elə bil ki, orda yaşayırdı. O zaman da rejissorlar onun simasını görüblər. O, hər obraz üçün yaranmış aktyor idi. Onda romantik, ya realist aktyor siması yox idi. O özünü bütün rollarda yaşada birlirdi. Bu səbəbdən də ona konkret ampluası olmayan aktyor deyirdilər.

Kinostudiya onu tapdı, üzə çıxardı və orada da yaşadı, yaratdı. Muxtar Maniyevin simasında O, Azərbaycan kinosunun ən məhsuldar aktyoruydu. İndiyədək 200-dək filmdə obraz yaratmaq hər aktyora nəsib olmayıb. O, yaratdığı hər obrazla Azərbaycan filminə bir rəngarənglik, bir millilik gətirib”.

Bircə şeyi bağışlamazadı...

Dostu, əməkdar artist Elxan Qasımov:

“Mən Muxtar qədər həyat sevən ikinci insan tanımıram. Dostlarını başına toplayıb məclis qurmaq, hamının ovqatını yaxşıya kökləmək onun şakəriydi. Amma sənətinə xəyanət edəni, hətta yaxın dostu olsa belə bağışlamazdı.

Azərbaycan kinosunu çətin dövrlərində, çoxları üz çevirib getdiyi vaxtlarda belə o, kinonu atmadı. Pul, qazanc fikirləşmədi. Nə təklif elədilərsə, çəkildi. Çəkiliş meydançasına hamıdan qabaq gəldi, hamıdan sonra getdi.

Mühəndis, boksçu, aktyor...

O, mühəndis də olmuşdu, boksçu da. Amma kino, teatr onu həmişə özünə çəkib. Bu səbəbdən də dönüb-dolaşıb aktyorluğa gəlib. Ədil İskəndərovun tələbəsi olub. Elə aktyorlar var ki, tanınan kimi müəllimindən çox özündən danışır. Amma o, həmişə özünü öyrənən uşaq kimi aparardı.

Muxtarın boy-buxunu, siması da hər kəsin diqqətini çəkirdi. Zəhmli üzü, cüssəli bədəni, maraqlı görünüşü onu həmişə fərqləndiridi. Məhz bu faktura onu hər kəsə maraqlı eləyirdi.

Mən onu uşaqlıqdan tanıyıram. O vaxt “Koroğlu” filmində Rövşənə çəkilirdi. Mən də ansamblla bir yerdə Xankəndinə qostrola getmişdim. Ağdama gedən yolda bizi saxladılar ki, gözləyin, burda kino çəkirlər. Arxası açıq maşınlarda iri kameralarla film çəkirdilər. O da Koroğlu kimi meydanda at çapırdı. Ətrafında da çoxlu çaparlar vardı. Qəfildən səksəndim ki, ruporla qışqırırlar, “Koroğlunu keçməyin”, “Koroğlunu keçməyin”... Bəlkə də sonralar həmin heyətlə çiyin-çiyinə işləmişəm. Amma ilk dəfə orda onun kinoya çəkildiyini gördüm, çox təsirləndim. Onda ağlıma gəlməzdi ki, sonralar möhkəm dost olacağıq.

“Ağa-boza” baxmazdı

Картинки по запросу Muxtar Maniyev

O, Azərbaycan kinosunu gerçək korifeylərindən biridir. Çünki ömrü boyu sənətində sözün əsl mənasında “ağa-boza” baxmazdı. Ay bu balaca obrazdır, yaxud burda xarakter yoxdur... Özü xarakter yaradardı. Balaca rolu yadaşlara hopdurub böyüdərdi. “Qorxma, mən səninləyəm” filmindəki həbsxanada yatan oğlanın geyimi hər kəsin yadındadır, yəqin.

Yaxasının açığı, saqqallı olmağı, boynuna şarf dolamağı, hamısı onun özünün ideyasıydı. Ona görə də geyim rəssamlarının dostuydu Muxtar. Düzür, tarixi filmlərdə onlarla razılaşırdı, amma başqa filmlərdə özü elə əlavələr eləyirdi ki, hami məəttəl qalırdı. Filmlərin hansı mövzuda olmasının da onuçün fərqi yox idi. O komediyanı da, ciddi filmi də eyni həvəslə, eyni istəklə. Onun elə komediya filmi var ki... Biri elə Fikrət Əliyevin filmi... Orda arabaçını elə oynayıb, elə bil yüz ildir o işlə məşğuldur. O obrazın ləhcəsini tapmaq, onu özünəməxsus şəkildə oynamaq asan məsələ deyildi, elə bil ki, xronikadır. Çünki sənətdə, lovğalığı, özündənrazılığı yox idi. Görüntü, şöhrət xatirinə heç nə eləmirdi. 55 ildir kinodayam. Hər cür xarakterdə sənət adamı görmüşəm. Bir də görürsən eləsi gəlir, əynində uzun plaş, yaxalığını da qaldırıb. hansısa fransız filminə baxıb, özünü ona oxşadır. Çalışır ki, oyununu da onun sayaq oynasın. Amma Muxtar hər jesti, hər hərəkəti, hər mimikası ilə özü idi. Təpədən-dirnağa sənət idi. Oynadığı rollarin hamısı da bir-birindən fərqliydi. İnternetdə bir-bir filmlərinə baxın, hamısında Muxtardır, amma hamısında da Muxtar deyil. Hərəsi bir obraz, hərəsi bir ömürdür...

Həsən Seyidbəylinin “O qızı tapın” filmində elə bil danlandığı üçün balaca uşaq kimi ağlayacaq. Amma Miranşahdakı zəhmlinə, sərtliyinə də baxın...

Nərddə uduzanda cırnayırdı

Mən Muxtarla yalnız yaxşı aktyoru deyil, ən yaxın dostumu da itirmişəm. Onunla danışığımız vardı. 10 qonaqlıqdan ikisini mən, 8-ni o verirdi. Hər dəfə etiraz edəndə təpinərdi. Çünki özü yaxşı yeməklər bişirməyi bacarırdı. Bir dəfə Kəlbəcərdə “Firəngiz” filmi çəkiləndə bizə elə yeməklər bişirdi ki, dadı damağımızda qaldı. Mən ondan yaşda balacaydım deyə etiraz edə bilmirdim.

Sonralar hər görüşümüzdə nərd oynayardıq. Mən onu udanda uşaq kimi cırnayardı. Elə hirslənirdi, deyirdim, indi iri “dərsimi” verəcək. Amma cırnasa da, əlini uzadıb başımı sığallayırdı.

Tək mən yox, bizim dəstədəki hamı- Şeyx Əbdül, Əsəd Əsədov, Rasim Balayev çalışırdıq ki, onun ətrafında olaq.

Son nəfəsinə qədər...

Muxtar təkcə aktyor yox, həm də ailə başçısı kimi də xoşbəxt adam idi. Yoldaşı, oğlanları uşaq kimi onun nazınıı çəkirdilər. Son nəfəsinə qədər başından bir addım aralanmadılar.

Axırıncı görüş

Heç unutmayacam. Ömrünə bir neçə gün qalmışdı, yanına getdim, reanimasiyadaydı. Həmişə görməyə alışdığım ciddi, zəhmli bir adam tamam dəyişmişdi. Qabağımda saç, saqqalı ağarmış, sərt əzələləri boşalmış nurani,həlim bir qoca vardı. Özümü saxlaya bilmədim, Boynunu qucaqladım, öpdüm. İstədim təsəlli verim, dedim “hər şey yaxşı olacaq.” Sözlərimə güldü... Amma güləndə elə gözəlləşdi ki... Özlüyümdə fikirləşdim, bəzən deyirlər insan cənnətə yol üstə olanda gözəlləşir. Görünür, o bizə yol üstə olduğunu hiss elətdirmək istədi...”

Özü xəstəxanada, ürəyi kinostudiyadaydı

Müşfiq Hətəmov, sənət dostu:

“Kinostudiyada işlədiyim bu illər ərzində həmişə yaşlı sənətkarlarla bağlı narahatlıq keçirmişəm. İstəmişəm ki, həmişə diqqətdə olsunlar, sevdikləri işdən kənarda qalmasınlar. Hayıf ki, Muxtar müəllimlə görüşlərimiz onun xəstələnən vaxtlarına düşdü. Amma onunla yaxınlaşdıqca, anladım ki, teatr aktyoru olub kinoya çəkilənlər də var, amma kino üçün doğulanlar tamam başqadır. Muxtar müəllim kino üçün doğulan sənətkar idi. O, bizim kinomuzun əvəzsiz simasıydı. Onun xartirəsi mənimçün çox əziz qalacaq. Bəzi sənət adamlarının belə məqamlarda sənət, səhnədən daha çox səhhəti, yaxud başqa məsələlərin arzusunda olurlar. Amma onunla hər görüşümüzdə hiss edirdim ki, onun bircə arzusu var, o da filmə çəkilməkdir. Çünki ürəyi kinostudiyada, kinodaydı.

Yaddaşı özünə qayıdan kimi onları arzuladı...

Son günlərində yaddaşında problemlər yaranmışdı. Amma yaddaşı təzələnən kimi sənət yoldaşlarını bir-bir yadına salırdı. Onların bəzisi dünyasını dəyişmişdi, bəziləri həytdaydı. Elxan Qasımovu arzuladı, Səfurə İbrahimovanı soruşdu. Onları elə sevgi, sayğı, yanğıyla yada salırdı ki.... Elə bil, bu məqamlar onun həyat nəğməsinin sonuydu. Adını çəkdiyi sənət dostları, yadına düşən xatirələri onun üzünə təbəssüm, bir işıq gətiridi...”

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA