Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"

  • 2019-07-16 18:57:35
  • |
  • İdman /

Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"

"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi komandadır".

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Albaniya çempionu "Partizani"ni qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında Qurbanov bildirib ki, rəqib komandasına uğurlu deyil: "Rəqibdə oyun nizam-intizamı yüksəkdir. Düzgün və aqressiv müdafiə olunurlar. Bu da bizə səfərdə çox çətinlik yaratdı. Əks-hücumu da yaxşı bacarırlar. Bizim üçün o qədər də uğurlu rəqib deyil. Amma belə rəqiblərə qarşı oynamışıq. Rəqibin açıqlamalarından da görünür ki, turu keçməyə istəklidirlər. İstənilən halda, ağır oyun olacaq. Çalışacağıq intizamlı oynayaq və azarkeşlərimizi sevindirək".

- "Qarabağ"ın son illər qrup mərhələsində oynaması hansı rolu oynayacaq?
- Bəli, təcrübəmiz var, bu üstünlükdür. Amma bəzən ardıcıl uğurlardan sonra uğursuzluq yaranır. Bundan narahat olmuşam. Buna görə də, komandamı həmişə yüksək səviyyədə hazırlamağa çalışmışam. Sabahkı oyunda səbir də lazım olacaq.

- Stadionun dəyişməsi oyununuza təsir etməyəcək?
- Bu mövzu haqda bəlkə də, ətraflı danışmaq olar. Son vaxtlar stadionumuzda normal oynaya bilmirik. Futbolçular mərkəzi arenada özlərini daha rahat hiss edirlər, həmçinin azarkeşlər. Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün üstünlükdür. Amma son illər uyğun olmayan hallar olub. Bu, bizə mənfi təsir göstərməklə yanaşı, rəqibə üstünlük qazandırır. Buna baxmayaraq, doğma Bakımızda hamımız oyuna özümüzü tam şəkildə hazır hiss etməliyik.

- Albaniya mətbuatında yazılanlara görə, rəqib penaltilər seriyasına hazırlaşır. Sizin belə bir hazırlığınız olubmu?
- Hər bir komanda belə hallara hazır olmalıdır. Futbolçularıma oyunun vacibliyini çatdırıram və sırf matça hazırlaşırıq. Hər bir məşqçinin də öz hazırlıq planı olur.

- Donald Geryenin gedişi qalmaqallı mövzuya çevrildi. Əvvəlcə razılaşma əldə olunduğu deyilsə də, məşqlərə gəlmədi...
- Klub tərəfindən bu haqda məlumat verilib. Gerye burdan getməmişdən sözdə razılaşmışdıq. Sonradan danışıqlarımız davam etdi, yenə razılaşdıq. Gəlmə vaxtını da müəyyənləşdirdik. Sonda dediyimiz müddətdə komandaya qoşulmadı. Nəticədə yollarımızı ayırdıq. Klub və öz adımdan ona uğurlar arzulayıram. Komandaya faydasını verdi, ona uğurlar arzulayıram.

- "Qarabağ"ın əsas transferləri arxa xətlə bağlıdır. Ön xətlə bağlı planlar necədir?
- Ön xəttə Romeronu gətirdik. Axtarışlarımız yenə davam edir. Daha bir futbolçu ilə danışıqlar gedirdi. O, sabah tibbi müayinədən keçəcək. Biz təkcə avrokuboku yox, çempionatı, həmçinin çempionatdakı limiti, oyunçular verməyə çalışdığımız milli komandanı da nəzərə almalıyıq. İstədiyimiz oyunçuları dəvət etmək çətindir. Ümumi götürsək, say azlığı olmur. Hər mövqedə iki oyunçu olduğunu nəzərə alsaq, heç də az deyil. Rəqabətin olması yaxşıdır. Məncə, son anlaşdığımız oyunçudan sonra kifayət edər.

- Ailton Silvanın hazırkı durumu nə yerdədir?
- Silva hələ tam optimal formasında deyil. Amma oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq. Konkret qərarı o zaman verəcəyik. Məşqçilərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik.

- İlk oyunla müqayisədə start heyətində dəyişiklik gözlənilir?
- Ola bilər. Qərar sabah səhər veriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz