Quzey Qafqazı “barıt çəlləyi”nə çevirən faktorlar - Yarımgizli rejim müstəvisində Dağıstan-Çeçenistan anlaşması

Quzey Qafqazı “barıt çəlləyi”nə çevirən faktorlar - Yarımgizli rejim müstəvisində Dağıstan-Çeçenistan anlaşması

Qafqaz vahid orqanizm kimi tarix boyu dünyanın ən zəngin və etno müstəvidə palitrası ilə dəyərli olan bir bölgədir. 40-dan çox fərqli toplumun belə bir məkanda yaşaması, fərqli dillər, adət-ənənələr, dini inanclar bu mənzərinin rəngarəngliyinə xələl gətirə bilmir. Çarlıq Rusiyası dönəmində dövlət siyasəti olaraq, Qafqazın ikiyə ayrılması, Quzey Qafqaz və Güney Qafqaz siyasi-coğrafi xəritəsinin yaradılması bölgədə formaşalan ənənələri poza bilmədi. 1920-1940-cı illərdə isə Sovetlər Birliyinin diktatoru İosif Stalin dəmir iradə sərgiləyərək min illərin ənənələrini pozdu. Beləliklə də, ötən 80 ildə zərərli bölünmələr coğrafiyası xalqlararası ədavətin təməl prinsipinə çevrilib.

“Barıt çəlləyi” Quzey Qafqaz istənilən anda partlaya bilər

“Ellər Atası” İosif Stalinin Qafqazla bağlı gündəmə gətiridiyi tamamilə yalnış siyasəti 80 ildir davam etməkdədir. Qaraçay-çərkəz, balkar-kabarda, osetin-inquş, adıgey-erməni, inquş-çeçen, avar-kumuk, avar-noqay, dargin-avar, lak-çeçen kistin, avar-çeçen kistin, dargin-kumuk, ləzgi-azərbaycanlı qarşıdurmalarının təməli Stalinin Quzey Qafqaz boyunca cızdığı siyasi-coğrafi xəritənin sayəsində baş verməkdədir. Bəzi toplumların heç bir suçu olmadan Sibir və Qazaxstan çöllərinə sürgün edilməsi, bunun davamı kimi onlara məxsus tarixi torpaqların başqa toplumlara ərməğan edilməsi bu günün ən acı gerçəklərindən biridir. Elə Güney Qafqazda da bu süni problemlər yaşamaqda davam edir. Abxaziya və Güney Osetiyanın, Dağlıq Qarabağın etnik bölücülük siyasətinə üz tutması da məhz 1924-1940-cı illərin yalnış siyasətindən qaynaqlanır.
Beş milyonluq Gürcüstanda toplam 72 min nəfər abxaz mənşəli toplum yaşayır və bir zamanlar Stalinin qərarı ilə onlara ayrıca “muxtar” respublika statusu verildi. Bu gün 25 min nəfər əhalisi olan osetinlər üçün “Güney Osetiya Muxtar Respublikası” yaradılmışdı. Qondarma “Dağlıq Qarabağ”da ermənilərin sayları 30 min nəfər olduğu dönəmdə onlara ayrıca “muxtar” dövlət statusu verilmişdi. Güney Qafqazda milli azlıqlara “muxtar” status verməklə Stalin gələcəkdə öz hakimiyyətinin hüdudsuz düzənini qurmaq istəyirdi. Bütün bunlarla yanaşı, Quzey Qafqazda tamamilə fərqli idarəetmə siyasətini irəli sürmüşdü. Qaraçay-Balkar toplumları eyni kökdən, dil, mədəniyyət, tarix və genetika baxımından bir olan bu topluma süni şəkildə iki fərqli ad yarlığını etnik kimlik səviyyəsinə çatdırmağı azmış kimi, onların coğrafi ərazilərini bölərək fərqli respublikalarda yaşaması sistemini irəli sürmüşdü. Digər yandan adıge kökənli çərkəz və kabardalıları iki fərqli ad altında böldü. Vahid etnos olan vaynaxlar bu gün çeçen və inquş adları altında tanınırlar. Bu rəzalət hələ də davam edir.

Təbii olaraq, indiki Rusiya Federasiya dövləti stalinizmin bir çox cinayətlərini hələ də ört-basdır siyasətini davam etdirməkdədir. Elə buna görə də zamanla Güney və Quzey Qafqaz coğrafiyasında etnik müstəvidə qarşıdurmalar yaşanılır. Ötən ilin oktyabr-noyabr ayında İnquşetiya və Çeçenistan arasında gündəmə gələn torpaq iddiaları buna örnəkdir. Bununla yanaşı, eyni kökdən olan bir toplum az qala bir-birinə qarşı silahlı münaqişələrə başlamışdı. Dağıstan və Çeçenistan arasında da zatən torpaq iddiaları mövcuddur. Dağıstanın Xasavyurt, Kizlər, Botlix, Tsumada rayonlarının bir sıra əraziləri əslində Çeçenistana məxsusdur. Eləcə də Çeçenistanın başda Qudermes rayonu iolmaqla bəzi əraziləri Dağıstanın tarixi torpaqlarıdırlar. Çeçen akkinlərin 1944-cü ildə sürgün olunmasının ardından onlara məxsus Axvax rayonunun ləğv edilərək avar, dargin və laklara məxsus xalqların arasında bölüşdürülməsi ən çox dartışılan mövzulardan biridir. Çünki 1957-ci ildə çeçen-akkinlərin geri dönməsindən sonra, indiyə kimi 150 min nəfər sayı olan bu xalq vahid etnos statusu ilə ayrıca öz milli rayonunu bərpa edə bilmir. Beləliklə də lak-çeçen akkin, avar-çeçen akkin qarşıdurması 60 ildən çoxdur davam edir. Azərbaycanlılara məxsus Dərbənd, Dağıstan Odları və digər rayonların ərazilərinə dağlıq bölgələrdən ləzgi, aqul, tabasaran, tsaxur, rutul və digər xalqları köçürərək, həmin ərazilərdə “Ləzgistan” ideyası ictimailəşdirilməkdədir.

Çeçenistanla Dağıstan arasında səssiz barış

1991-ci ildən sonra Quzey Qafqazda yerli aydınlar stalinizmin mirası olan “milli siyasət” düsturunu tamamilə darmadağın etmək üçün dəfələrlə tarixi ədaləti bərpa etmək adına toplantılar keçiriblər. Beləliklə də bölgə toplumları arasında yaşanılan ədavətin aradan qaldırılması üçün qəti addımlar atıblar. Bu, proses sadəcə dini, milli və tarixi kimlik adı ilə deyil, eyni zamanda qafqazlı konsepti ilə müşahidə olunub. Dağıstan və Çeçenistan arasında mövcud olan ərazi iddialarını rəsmi səviyyədə çözmək üçün, son günlər hər iki tərəfin başçıları arasında görüşlər keçirilməyə başlayıb. Dağıstan parlamentinin sədri və görkəmli siyasi-ictimai və dövlət xadimi Xızrı Şıxsəidovun rəhbərliyi altında zəruri addımların atılması üçün Çeçenistan parlamentinin sədri Məhəmməd Davıdovla bir sıra müzakirələr aparılıb. Çünki Çeçenistan tərəfinin zor tətbiq etməklə İnquşetiyaya aid ötən ayda bir neçə min hektar ərazini ilhaq siyasəti Dağıstanda ciddi narazılıqlara səbəb olub. Dağıstanın daxilində çeçen akkinlər öz tarixi torpalqaında Axvax rayonunun bərpa edilməsi, Botlix, Tsumadin və Kizlər rayonlarında və Andi vadisində isə Stalinin qərarı ilə Çeçenistana birləşşdirilmiş ərazilərini tələb edən çoxsaylı piketlərin, aksiyaların, hətta mitinqlərin keçirilməsi iki qonşu respublika arasında gərğinliyin davam etməsinə səbəb ola bilər. Ona görə də Xızrı Şıxsəidov və Məhəmməd Davıdov aaçıqlama verərək bu problemin hüquqi müstəvidə parlament səviyyəsində həlli ideyasını irəli sürüblər. Hər iki respublikanın parlamentlərində etnik münaqişələrin alovlanmaması üçün yenidən bir sıra hüquqi sənədlərin hazırlanmasına başlanılıb. Hətta bunun üçün koordinasiya şurası da yaradılıbdır. Tarixi sənədlərə əsaslanaraq kadastr vasitəsilə hüquqi sənədlərin yerli xalqlar tərəfindən sərhədlərin bölünməsi ideyasına qarşı çıxması şərtləri daxilində bu problemin həllinə çalışılır. Dağıstan və Çeçenistandan savayı Moskvadan gəlmiş xüsusi işçi qrupu da dövlət kadastrı və dövlət reestri məsələlərini dəqiqləşdirməyə çalışırlar. Bir sıra tarixi kartoqrafik xəritələrin və arxiv sənədlərinin üzərində də çalışmalar davam edir. O da bəllidir ki, Stavropol vilayəti və Kalkmıstan respublikası arasında buna bənzər komissiyalar ayaradılıbdır. Yaxın zamanlarda komissiya öz işinə başlayaracaq. Stalinin səpdiyi etnik münaqişələr toxumu zaman-zaman göyərsə də, dərhal alaq otu kimi bunun qarşısının alınmasına çalışılıb.
Rusiya Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölkədə toxunulmaz əmlak və ərazi iddialarının coğrafiyası çox genişdir. Bunların 19.6 faizi etnik münaqişələrə səbəb olan amillərlə müşahidə olunur. Toplam 378 sərhəd zolağı üzrə münaqişələr vardır. Demək olar ki, Rusiya Federasiyasının 85 subyektində bu problemlər yaşanılır. Onların arasında 74 ərazi və ya sərhəd bölgəsi problemləri xarici dövlətlərlə olanlardır. Federal hökumət 2021-ci ilə kimi mübahisəli bölgələrlə problemləri araşdırmağa son qoymaq üçün xüsusi qanun hazırlamağı planlaşdırıb. Müşahidəçilərin fikrincə, Quzey Qafqaz məsələsində problemlər daha uzaq illərə qədər davam edə bilər.
Çeçenistanın Şaroy rayonunun bir sıra ərazilərinin Dağıstana təslim edilməsi, Şaroy Gölünün Dağıstanın nəzarətinə keçməsi bölgənin strateji baxımdan tamamilə itirilməsi deməkdir. Çeçenistan tərəfinin iddiasına görə həmin ərazilərdə 75 ildir torpaqsız qalan çeçen akkinlər məskunlaşdırılmalıdırlar. Çeçen akkinlərin sonradan Çeçenistana birləşmək kimi iddialarının olmaması kimi təminatın olmaması da başqa bir problemdir. Hal-hazırda görünən odur ki, iki respublika arasında ərazi məsələsində strateji məna daşıyan hüquqi sənədlərin hazırlanması prosesinə başlanılıb. Təbii olaraq iki tərəf qazanclı çıxmaq iddiasını gizlətmir. Dərbənd şəhəri mərkəz olmaqla burada yaşayan yerli azərbaycanlıların tamamilə hakimiyyət və idarəetmə sistemindən uzaqlaşdırılması kimi dərin problemin mövud olması soydaşlarımızın gələcəkdəki perspektivlərini olmamasını nümayiş etdirir. Buna görə də Azərbaycan və Dağıstan arasında problemin qarşılıqlı anlaşmalar yolu ilə çözümü konsepsiyası işlənməlidir.

Bioresurslar çərçivəsindəki həyat düzəni

Rusiyanın bir sıra mütəxəssisləri ölkədaxili ərazi problemlərinin həlli yönündə fərqli mövqelər tutsalar da, Quzey Qafqaz məsələsində konkret addımların necə atılmasını tarixi gerçəkliklərə uyğun şəkildə açıqlamaqdan qaçırlar. Dumanlı və diplomatik bir şəkildə fikirlərini ifadə etməklə məsuliyyətdən yayınmaq taktikası ilə hərəkət edirlər.
Qafqazdakı bioresursların zəngin olmaması da, buranın cəlbediciliyini azaldan faktora çeviribdir. Digər yandan isə, Quzey Qafqazın əldən çıxması ilə Rusiya Federasiyasının dövlət bütünlüyünün çöküşü olacağını da gizlətmirlər. Yeni Rusiya ideyasının tərəfdarı olan çevrələr: “Quzey Qafqazda 300 ildir dotasiya siyasəti yürüdülür. Buna son qoymaq gərəkdir” fikrini yürütsələr də, mövcud sorunların çözüm yolunu belə dəyərləndirirlər:
1. Quzey Qafqaz toplumları tamamilə ruslaşdırılmalıdırlar. Bunun üçün xüsusi dövlət proqramı olmalıdır.
2. Çarlıq Rusiyasının Quzey Qafqazı işğalından öncəki mövcud tarixi idarəetmə sistemi tətbiq olunmalıdır.
3. Quzey Qafqazdakı kütləvi işsizlik problemlərinin həlli üçün onların Rusiyanın digər bölgələrinə miqrasiyası dövlət proqraqmının tərkib hissəsinə çevrilməlidir.
4. Ümumiyyətlə Rusiyada milli respublikalar ləğv olunmalı və xüsusilə Quzey Qafqaz respublikaları Krasnodar, Stavropol, Rostov vilayətlərinə birləşdirilməlidirlər. ABŞ-da olduğu kimi milli azlıqlar üçün xüsusi rezervuarlar təşkil olunmalıdır.
5. Quzey Qafqaz respublikalarının rəhbərliyinə milliyyətcə rus olan kadrlar yerləşdirilməli və onların vasitəsilə yerli etnik klanların və milli mafioz qrupların böyük gücə çevrilməsi və digər faktorların qarşısı alınmalıdır.

Dağıstanda mənşəcə rus olan Vladimir Vasilyevin prezident kürsüsünə otuzdurulması və bunun ardınca ruslardan ibarət iri çəkili məmurların hökuməti nəzarətə alması kimi təcrübənin sınaqdan keçirilməsinə başlanılıbdır. Milliyyətcə rus Artyom Zdunov baş nazir, Vladimir Lemeşko baş nazirin müavini, Yekatrina Tolstikova torpaq və əmlak naziri, Tatyana Qamaley milli siyasət və dini münasibətlər üzrə naziri, Sergey Snegirev informasiya və rabitə naziri və digərlərini örnək göstərmək olar. Halbuki, Dağıstanda uzun illər ən yüksək vəzifələr yerli on titullu xalqın nümayəndələrinə məxsus kadrların sayəsində komplektləşdirilirdi. Vladimir Vasilyevin prezident təyinatından sonra, 200-dən çox bölgənin iriçəkili məmuru və zəngin şəxsləri tutuqlanıblar. Sözdə korrupsiyaya, traybalizmə və rüşvətxorluğa qarşı mübarizə aparılacağını vəd edən yeni hökumət ötən bir ildə sosial-iqtisadi və digər sahələrdə hər hansı ciddi addımları atmayıb. Sadəcə bir həqiqət doğrudur ki, radikal dini silahlı qruplaşmaların terror eyləmlərinin qarşısı alınıb. Bunun dışında heç bir uğur yoxdur. Bölgənin dindar “camaat birlikləri” tərəfindən idarə olunmasının da qarşısı alınıbdır. Tayfa mənsubiyyətinə görə idarəetmənin də qarşısı kəsilib. Topluma vəd olunan problemlərin həlli yönündə daxili və xarici investorların cəlb edilməsi yerli müşahidəçilərin fikrincə fiaskoya uğrayıbdır. Son iki ildə total həbslərin aparılması bölgənin inkişafı üçün yatırım qoymaq istəyənlərin risqlərdən çəkinməsi bu faktı kölgədə qoyub. Yeni idarəetmədə xalqlararası konsesusa necə nail olunacağı da bəlirsizdir. Üç milyonluq əhalisi olan Dağıstanda 33 xalq yaşayır. Hər biri öz etnik kimliyi adına illərdir mücadilə aparır. Yəni tarixi torpaqlarını qorumaq, milli və dini baxımdan özəlliyini yaşatmaq, sosial-iqtisadi problemləri elliklə çözmək kimi anlamlara dəyər verə biləcək yeni hökumətin bəlirsizliyi artıq xəyal qırıqlığına səbəb olub.

Ənvər BÖRÜSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA