“QƏZETLƏRİN SIRADAN ÇIXARILMASI YANLIŞ ADDIM OLAR” - BAŞ REDAKTOR

“QƏZETLƏRİN SIRADAN ÇIXARILMASI YANLIŞ ADDIM OLAR” - BAŞ REDAKTOR

Vüqar Məmmədov: ““Hürriyyət” layihədə iştirak edən qəzetlərin içərisində yeganə mətbu orqandır ki, dəstək gördüyü müddətdə dövriliyini həftədə 2 dəfədən 5 dəfəyə qaldırıb”

“Ölkə əhalisinin böyük əksəriyyəti informasiya almaqda çətinlik çəkir”

“2 min qəzet satmaq üçün ümumi tirajı müəyyənləşdirməyə ehtiyac yox idi”

“Qəzetləri sıradan çıxarmaq həmin insanları ölkə televiziyalarının gic-gic verilişlərinə baxmağa məcbur etmək və onların informasiya almaq hüququnu tamamilə əllərindən almaq deməkdir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) 2019-cu ilin ilk rübündən etibarən qəzetlərin maliyyələşməsində dəyişiklik edəcək. Belə ki, mart ayından sonra tirajı 5 mindən, satışı 2 min ədəddən az olan qəzetlərə maliyyə yardımı verilməyəcək. Maraqlıdır, “Hürriyyət” qəzeti KİVDF-nin bu tələblərini yerinə yetirə biləcəkmi, yoxsa artıq bəzi qəzetlərin elan etdiyi kimi, fəaliyyətini dayandırmağa, yaxud dövriliyini azaltmağa qərar verəcək? Bu və gidər suallara “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla söhbətimizdə aydınlıq gətirməyə çalışacağıq.

- Vüqar bəy, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu qəzetlərin növbəti 3 ay üçün maliyyələşmə şərtlərini açıqladı. KİVDF-nin açıqlamasından aydın oldu ki, mart ayından sonra tirajı 5 mindən, satışı 2 min ədəddən az olan qəzetlərə maliyyə ayrılmayacaq. Bu şərtlər haqda nə deyə bilərsiniz?

- Əvvəla onu deyim ki, bir müddət öncə KİVDF-nin son toplantılarının birində şərtlərin dəyişdiriləcəyilə bağlı məsələ qoyulanda, mən “əgər şərtlər köklü şəkildə dəyişdiriləcəksə hal-hazırda layihədə iştirak edən qəzet rəhbərlərinin də müzakirələrdə iştirak etməsini təmin etmək lazımdır” təklifini vermişdim. Çox təssüf ki, mənim təklifim baş redaktorlar tərəfindən ciddi dəstək almadığından, gündəliyə salınmadı. Elə onun nəticəsidir ki, şərtlərə baxanda onun nə qədər tez-tələsik hazırlandığını görürük. Əgər mən toplantıdakı insanları şəxsən tanımasaydım, dəyişikliklərin qeyri-peşəkarlar tərəfindən hazırlandığını iddia edərdim. Amma təssüf ki, oradakıların hamısı peşəkarlardı.

- Siz konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Konkret olaraq tirajla bağlı məsələni deyə bilərəm. Yazılır ki, tirajı 5 mindən, satışı isə 2 mindən aşağı olan qəzetlərə maliyyə yardımı verilməyəcək. Onda mən də belə sual edirəm: əgər 2 min ədəd qəzet satmalıyamsa, niyə 5 min tiraj çap etdirməliyəm?! Yerdə qalan qəzetləri, Vüqar Səfərovun təbirincə desək, makulaturaya çevirmək üçünmü? Məsələn, mən 2 min abunəçi toplaya bilirəmsə, niyə 5 min tiraj çap etdirməliyəm?! Və yaxud gündəlik 4 min ədəd qəzet çap etdirib, 2 mindən çoxunu sata bilirəmsə, o halda 5 min tiraj şərti irəli sürmək nə dərəcədə ədalətlidir? Yəni, fikirimcə, 2 min qəzet satmaq üçün ümumi tirajı müəyyənləşdirməyə ehtiyac yox idi. Anlamaq olmur ki, bunlar nə demək istəyirlər. Bax, elə bu anlaşılmazlıqlara görə, mən baş redaktorların həmin müzakirələrdə iştirakını vacib sayırdım.

- Bəzi qəzetlər KİVDF-nin bu qərarına etiraz edərək, indidən nəşrini dayandırdıqlarını, bəziləri isə dövrülüklərini azaldacağını elan etdi. “Hürriyyət” qəzetinin baş redaktoru olaraq, siz bu haqda nə düşünürsünüz?

- Bilirsinizmi, hər kəsin qərarına hörmətlə yanaşmaq lazımdır. Onlar belə hasab edirlər ki, şərtlər kifayət qədər ağır olduğundan, yerinə yetirə bilməyəcəklər. Elə bu səbəbdən də, qəzetlərinin nəşrini dayandırıb, elektron versiyalarını gücləndirmək niyyətindədirlər. Bizə bu yolda onlara ancaq uğur arzulamaq düşər.

- “Hürriyyət” qəzeti KİVDF-nin irəli sürdüyü şərtləri yerinə yetirə biləcəkmi? Yəni qəzetin satışı və tirajı deyilən tələblərə cavab verirmi?

- Məncə, problem deyil. Çünki şərtlərin dəyişdiriləcəyini əvvəlcədən təxmin etdiyimizdən, ön tədbirləri almışdıq. Onsuz da hədəfimiz qəzetimizin satışını nəinki 2 minə, daha yüksəklərə çatdırmaqdır. Və bu yolda da oxucularımızın dəstəyilə irəliləməyə çalışacağıq. Onu da deyim ki, “Hürriyyət” qəzeti layihədə iştirak edən qəzetlərin içərisində yeganə mətbu orqandır ki, dəstək gördüyü müddətdə dövriliyini həftədə 2 dəfədən 5 dəfəyə qaldırıb. Təbii ki, ba da bizi daha da ruhlandırır.

- Bəzi saytlar növbəti mərhələdə 20 qəzetin fəaliyyətini dayandıracağını qeyd etdilər. Əgər belə olarsa, bu vəziyyət qəzet bazarına necə təsir göstərəcək?

- Mən kimsənin haqqına girmək fikrindən çox uzağam. Amma etiraf etməliyik ki, “Hürriyyət” qəzetinin ölkə mediasında xüsusi çəkisi var. Hansısa qəzetin bağlanması, onun müştərisinin yerdə qalan qəzetlərin müştərisinə çevriləcəyi anlamına gəlməməlidir. Qəzetin müştərisi bazarda qəzetlərin sayı ilə yox, keyfiyyətilə bağlıdır. Odur ki, bu məsələdə narahat deyilik.

- Sizcə, Azərbaycanda çap mətbuatının varlığına həqiqətən ehtiyac yoxdur ki, qəzetləri sıradan çıxarıb, saytların fəaliyyətinə dəstək verməyi qarşıya məqsəd qoyublar?

- Nə vaxtsa çap mediası yerini elektron mediaya verəcək. Amma o vaxt bu gün deyil. Çünki ölkənin böyük bir hissəsi internetlə tam təmin olunmayıb. Hələ, yaşayış səviyyəsinin minimumdan aşağı olmasını da nəzərə alsaq, onda görərik ki, ölkə əhalisinin böyük əksəriyyəti informasiya almaqda çətinlik çəkir. Ona görə də qəzetlərin sıradan çıxarılması, fikrimcə, yanlış bir addım olardı.

Düşünürəm ki, paralel olaraq saytlar da inkşaf etdirilməlidir. Amma bu, yazılı mətbuatın siradan çıxarılması hesabına olmamalıdır. İnkişaf eləmiş ölkələrə baxsaq görərik ki, yazılı media heç də elektron mediadan geri qalmır. Baxmayaraq ki, elektron medianin imkanları yazılı medianın imkanlarından qat-qat yüksəkdir.

- Bu gün ölkədə çoxsaylı oxucular var ki, onlar müxtəlif səbəblərdən informasiyanı saytlardan deyil, çap mətbuatından almağa üstünlük verirlər. Məsələn, hansısa yaşlı insanın gündəlik oxumağa vərdiş etdiyi qəzeti saytlarla əvəzləməsi mümkün olacaqmı?

- Tamamilə haqlısınız. Yaşlı nəsilin böyük əksəriyyəti internetdən istifadə edə bilmir. Etmək istəyən belə, interneti əldə edə bilmir. Əsasən də regionlarda. Çünki internetin şərtləri və qiyməti belə əl çatan deyil. Yəni qəzetləri sıradan çıxarmaq həmin insanları ölkə televiziyalarının gic-gic verilişlərinə baxmağa məcbur etmək və onların informasiya almaq hüququnu tamamilə əllərindən almaq deməkdir. Ona görə də KİVDF bütün bunların hamısını düşünməli, hesablamalı, sonra addım atmalıdır. Yoxsa, “dədəm mənə kor deyib, hər gələni vur deyib” prinsipi ilə getmək olmaz.

- Gəlin etiraf edək ki, ölkədə qəzet yayımı sahəsində də çox ciddi problemlər var. Belə olduğu halda “Hürriyyət”in yaranmış vəziyyətdə bazarda özünə yer edəcəyini, yəni əvvllər olduğu kimi daha böyük tirajla satışa çıxacağını güman edirsinizmi?

- Mətbuatın yayım problemi neçə illərdir mövcuddur. Bunu ölkədə bilməyən yoxdur. Amma bütün bu problemlərə baxmayaraq, yenə də mübarizəmizi davam etdirəcəyik. Güman edirəm ki, “Hürriyyət” həmişəki kimi bazarda öz layiqli mövqeyini qoruyub-saxlayacaq və bundan da yüksək mövqe tutacaq. Təbii ki, bu işdə oxucularımızın da dəstəyinə güvənirik.

RƏŞAD, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı