ƏRDOĞAN İSTANBULDA İSTƏYİNƏ ÇATA BİLƏCƏK?

ƏRDOĞAN İSTANBULDA İSTƏYİNƏ ÇATA BİLƏCƏK?

Rusif Məmmədsoy: “Amerika seçkiyə müxtəlif vasitələrlə təsir göstərmək istəyəcək”

Zeynal Əmirəliyev: “ABŞ Türkiyədə AKP iqtidarının zəifləməsini qarşıya məqsəd qoyub”

23 iyun İstanbulda yenidən bələdiyyə seçkilərinin keçirilməsi Türkiyə üçün ciddi əhəmiyyət daşıyır. Amma bu proseslərin regionda marağı olan böyük oyunçular üçün də ciddi əhəmiyyət kəsb etiyi istisna deyil. Çünki 23 iyunda İstanbulda keçiriləcək seçkini CHP-nin namizədi Əkrəm İmamoğlu qazanarsa, erkən prezident seçkilərinin keçirilməsi ehtimalı da gündəmə gələ bilər ki, bu zaman hazırkı prezident Rəcəb Təyyub Ərdoğanın siyasi hakimiyyətinin sonu gələ bilər. Şübhəsiz ki, Amerika da Ərdoğanın prezident kimi sonu gəlməsində maraqlıdır. Çünki Ərdoğan hökumətinin Rusiyaya yönəlik siyasəti heç vaxt Amerika Birləşmiş Ştatlarını qane etmir. Bu baxımdan, Türkiyədəki gərgin durumdan yararlanmağa çalışan ABŞ Dövlət Departamentinin nümayəndəsi Moran Ortaquye və bəzi konqresmenlər Türkyə YSK-nın İstanbulda bələdiyyə sədri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərarını kəskin tənqid ediblər. Rəsmi Ankara da öz növbəsində Amerika Birləşmiş Ştatlarını Türkiyə Yüksək Seçim Kurulunun qərarına hörmətlə yanaşmağa çağırıb.

“Bütün tərəfləri Türkiyə Yüksək Seçki Kurulunun (YSK) qəbul etdiyi qərara hörmət eiməyə çağırırıq. Qeyd etmək lazımdır ki, təkrar seçki haqqında qərar bundan əvvəl Birləşmiş Ştatlarda və dünyanın bir sıra digər ölkələrdə də qəbul olunub. Belə məsələlər demokratik normalar çərçivəsində həll olunur» - deyə, Türkyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy bəyan edib.

Xarici siyasət idarəsinin sözçüsü onu da deyib ki, azad və demokratik seçkilər Türkiyə dövlətçiliyi ənənəsinin ayrılmaz hissəsidir: “Bütün seçkilərdə yüksək seçici fəallığı onun göstəricisidir ki, Türkyə xalqı demokratiya normalarına və ölkənin seçki sisteminə inanır”.

Türkiyəli diplomat xatırladıb ki, İstanbul meri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərar ölkənin Seçki Məcəlləsinin pozulması hallarının qeydə alınması səbəbilə qəbul olunub: “İyunun 23-də mümkün olan hər şey ediləcək ki, İstanbul sakinlərinin iradəsi maksimum səviyyədə təmin olunsun. Bu, əvvəlki seçkilərdə olduğu kimi, Türkiyənin prioritetidir”.

“Ərdoğan ABŞ üçün maneədir”

Похожее изображение

Rəsmi Ankaranın Amerika Birləşmiş Ştatlarını Türkiyə Yüksək Seçim Kurulunun qərarına hörmətlə yanaşmağa çağırması ilə bağlı siyasi şərhçi Rusif Məmmədsoy “Hürriyyət”ə dedi ki, Amerika Birləşmiş Ştatları Türkiyədəki bütün siyasi motivli məsələlərdə maraqlıdır: “Çünki hazırda iki ölkə arasında münasibətlər olduqca pisdir. Bunun da məlum səbəbləri var. Bu səbəbdən də ABŞ istənilən halda Ərdoğana qarşı müəyyən təsir rıçaqları əldə etmək və bundan istifadə etmək istəyir. Bunu da Türkiyə tərəfi yaxşı anlayır və qarışmamağı məsləhət görür. Lakin Amerika seçkiyə müxtəlif vasitələrlə təsir göstərmək istəyəcək. Çünki Ərdoğan ABŞ üçün maneədir. Ona görə ki, Amerikanın qatı düşməni hesab edilən Rusiya ilə işbirliyi edir. Bu baxımdan, ABŞ Ərdoğana alternativ istəyir. Yəni ABŞ Türkiyədəki bütün siyasi məsələlərə təsir göstərmək istəyəcək, nəinki ölkə daxilində, xüsusilə ölkə xaricində də bu təsir davam edəcək, o zamana qədər ki, ölkələr arasında müəyyən uzlaşma əldə ediləcək. Seçkilərə müdaxilə etmək istəyən olduqca peşəkar dövlətlər var. Bunlardan biri də qeyd etdiyimiz kimi ABŞ-dır. İstənilən halda təsir olarsa belə, Türkiyədə məlum Feto hadisələrindən sonra bu məsələlərə həssaslıqla yanaşılır”.

“Ərdoğan başa düşür ki, İmamoğlu olduqca güclü fiqurdur və populyardır”

“İstanbul uğrunda mübarizəni artıq İmamoğlu və Ərdoğan mübarizəsi kimi də xarakterizə edə bilərik. Ərdoğan başa düşür ki, İmamoğlu olduqca güclü fiqurdur və populyardır. Bu mənada Ərdoğan kampaniyada birbaşa özü iştirak edəcək. Çünki yenidən məğlub olsalar, prezidentlik məsələsi gündəmə gələcək. Ərdoğan isə indidən bu məsələdə üstünlük əldə etmək istəyir”,-deyə politoloq vurğuladı.

“Artıq Kılıçdaroğlunun getmək vaxtıdır”

“Bəzi türk ekspertlər hesab edir ki, bu seçkiləri AKP-nin namizədi Binəli Yıldırım qazanarsa, boykot qərarı verə bilmədiyi üçün Kılıcdaroğlu ittiham ediləcək, İmamoğlu partiyanın sədri olacaq. Bu fikirləri bölüşürsünüzmü” sualına R. Məmmədsoy belə cavab verdi: “Bəli, bu fikirlə razıyam. CHP daxilində olduqca güclü və perspektiv vəd edən siyasətçilər var. Buna misal olaraq Muhərrəm İncə və Əkrəm İmamoğlunu qeyd edə bilərik. Bu mənada Kamal Kılıçdaroğlunun da zamanı azdır deyə düşünürəm. Əgər belə hal baş verərsə, bu, daxildə narazıçılığa səbəb olacaq. Bunun məntiqi davamı kimi isə, düşünürəm ki, artıq Kılıçdaroğlunun da getmək vaxtıdır. Çünki onun gəlişindən sonra partiya hər hansı uğur qazana bilməyib”.

“İmamoğlu yenidən qalib gələrsə, prezident seçkilərində ona olan inam artacaq”

R.Məmmədsoyun fikrincə, İstanbulda keçiriləcək seçki qırılma nöqtəsi ola bilər: “Çünki, dediyim kimi, İmamoğlu yenidən qalib gələrsə, bundan sonra prezident seçkilərində ona olan inam artacaq, eyni zamanda da Ərdoğanın reytinqi aşağı düşəcək. Bundan əlavə, Ərdoğanın İstanbulla bağlı meqa layihələri var, hansı ki, bunu CHP nümayəndəsi ilə həyata keçirmək bir qədər çətin olacaq.

İstanbul Türkiyənin vergi ödəyicisi cəhətdən döyünən ürəyidir. Milyardlarla pul İmamoğlunun nəzarətində olacaq. Yəni istənilən halda 23 iyundakı seçkilər gələcək perspektiv üçün də olduqca əhəmiyyətli rol oynayacaq”.

“Seçki demokratik keçərsə, İmamoğlu seçkini qazanacaq”

Картинки по запросу Zeynal Əmrəliyev

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev isə “Hürriyyət”ə açıqlamasında vurğuladı ki, ABŞ Türkiyədə AKP iqtidarının zəifləməsini qarşıya məqsəd qoyub: “Vaşinqton bu seçkilərin iqtidar tərəfindən saxtalaşdırılacağından ehtiyat edir. Ümumiyyətlə, Türkiyədə bəzi dairələrdə belə düşünürlər ki, bu seçki saxtalaşdırıla bilər. Öncədən bildirim ki, mən seçkiyə xarici müdaxiləni gözləmirəm, müdaxilə olsa-olsa, hökumət tərəfindən olar. Ərdoğan nəyin bahasına olur-olsun İstanbulu əldən vermək istəmir. Seçkiyə qədər və seçki günü bütün mümkün variantlardan istifadə ediləcək ki, seçkini Binəli Yıldırım qazansın, ancaq xalqın Əkrəm İmamoğluna dəstəyi çox yüksəkdir. Əgər seçki demokratik keçərsə, İmamoğlu seçkini qazanacaq. İstər xarici, istərsə də daxili müdaxilə olsun, seçkinin demokratik keçməsi xalqın mövqeyindən asılıdır. Əgər xalq bu seçkiyə əvvəldən passiv münasibət bəsləsə, seçkiyə müdaxilə ola bilər, yox, əgər bu seçki sadə insanlar tərəfindən maraqla izlənsə, istənilən müdaxilə boşuna gedəcək. Bu seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq bir həqiqət var ki, İstanbuldakı bu hadisələr Ərdoğan iqtidarının nüfuzuna çox ciddi zərbə vurdu”.

“CHP-nin prezidentliyə namizədi İmamoğlu olacaq”

Z.Əmrəliyev bu seçkinin nəticəsi hər nə olur-olsun, o, AK Partiyanın iqtidarının artıq sona yaxınlaşdığını düşünür: “Hətta bu seçkinin ardınca növbədənkənar seçki söhbətlərinin də şahidi olacağıq. Bəli, İmamoğlu Ərdoğandan sonra prezidentliyə potensial namizəddir. Əgər yaxın vaxtlarda seçki olsa, istər bələdiyyə sədri seçilsin, istərsə də yox, CHP-nin prezidentliyə namizədi İmamoğlu olacaq. Əgər o, prezident olarsa, ölkənin xarici siyasəti ilə bağlı hələ nəsə demək tezdi. Ancaq bir şey dəqiqdir ki, Türkiyənin Qərblə münasibətləri bu günkü qədər soyuq olmayacaq, tamamilə hansı istiqamətə kurs götürəcəyini isə söyləmək hələ çox tezdir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA